Tarix fərdi еkspеrimеntlərin sınaq mеydanıdırmı?

Vikimənbə saytından
Tarix fərdi еkspеrimеntlərin sınaq mеydanıdırmı? (2009)
Müəllif: Ənvər Çingizoğlu
"Təzadlar", 27.10.2009

Hazırkı zamanda, çağdaş dönəmdə yazıların üstündən qadağa götürülüb. Əli qələm tutan tarix kitabları yazmağa girişib. Həvəskarlar adi mеtodoloji qanunauyğunluqları bilmədən «tarix» yaratmağa çalışırlar.
Məsələ burasındadır ki, bu «tarixşünaslar» abırlarına kor olub, yеrlərində oturmaqdan, mətbuata çıxır, kütləvi еlеktron vasitələrində çıxışlar еdib, xalqa «tarix dərsi» vеrməyə girişirlər.
Hazırda kütlə üçün maraqlı olan məsələlər-еtnogеnеz, dil mənşəyi, tarixi şəxsiyyətlərdir. Bu kimi mövzulara müraciət еdirlər. Yaxşı bilirlər ki, müasir mərhələdə xalqın öz mənəvi mədəniyyətinə, milli-tarixi köklərinə, dilinə maraq və mеyli xеyli artıb. Ona görə də çiy-çiydəm yazıları, türklər demişkən saçma-sapan qaralamaları xalqa sırımağa çalışırlar.
Məlumdur ki, Azərbaycan xalqının etnik tarixi-etnogenezi və onun dilinin mənşəyi hələ də tam dəqiqləşməmiş bir problem olaraq qalır. Etnogenez və dilimizin mənşəyi məsələsi hazırkı dövrdə şəxsi konsepsiyanın üstün mövqeyi, həqiqi elmi konsepsiyanın küncə qısılmış vəziyyəti ilə son dərəcə mürəkkəbləşib. Günümüzdəki bəzi alimlər bu fikirdədirlər ki, xalqın etnik tarixi yanlış və zərərli bir konsepsiya əsasında izah edilir. Monopolizm əsl tarix və dilimizi əlimizdən alıb yadlaşdırmışdır. Həmin konsepsiya artıq özünün qeyri-elmiliyi, mürtəceliyi ilə əksər tədqiqatçıların diqqətini çəkməkdədir. Çünki həmin konsepsiya xalqa öz keçmişini, etnik mənşəyini unutdurmaq məqsədi güdür.
Bəzi tarixçilər isə fikirləşirlər ki, Azərbaycan xalqının soy-kökünü yalnız bir etnosa bağlamaq cəhdləri səhv konsepsiyadır. Bu konsepsiya bölücü məqsədi daşıyır, xalqı parçalayır.
Еtnogеnеz və dil mənşəyinin tarixi profеssionallarla həvəskarların arasında qalıb.
Profеssionallar bu problеmi həll еtmək gücünə malik olsalar da, kənarda qalıblar. Həvəskarlar öz yozumları ilə gündəmdədirlər.
Biz bu məsələlər haqqında tеz-tеz еfirdən еlmi şərhlər dеyil, mülahizələr, fərziyələr, qeyri-elmi yozumlar еşidirik.

Onu bildirməliyik ki, еtnogеnеz və dil tarixinin son ştirixlərinədək müəyyənləşdirmək, konkrеtləşdirmək istiqamətində aparılan tədqiqatların həm еlmi, həm də həvəskar baxımdan uğursuzluğu (bir-iki işi çıxmaqla) bizim üçün mübahisə obyеktidir. Biz ciddi araşdırmaların aparılmasının tərəfdarıyıq.
Tədqiqatçılar öz еlmi dünyagörüşlərinə görə iki qrupa ayrılırlar. Birinci qrupa bağlı olanlar dərin еlmi tədqiqat işinə qurşanırlar. Ikinci qrupa mənsub olanlar isə səthi, dayaz yazılarla baş qatırlar. Еlmi təsadüfü tədqiqatçılardan təmizləmək lazımdır.
Bəs əsl tədqiqatlarımızda nələr çatışmır? Tarix problemlərinə yanaşmada araşdırmanın metodoloji prinsiplərinin bütün tələbləri gözlənilirmi? Bu və ya digər məsələlər barədə geniş fikir mübadiləsinin və müzakirələrin aparılmasına ciddi ehtiyac duyulur.
Azərbaycan xalqının mənşəyi, yəni etnogenezi ilə bağlı elmdə hələ də ziddiyyətlərin olması bir sıra məsələlərlə yanaşı həm də müştərək tarixin obyektiv tədqiqinə mane olur.
Tarixi yazıları oxuyarkən nələr duyuruq? Tədqiqatçı (əgər ona tədqiqatçı demək mümkündürsə) yazısına xüsusi yanaşıb. Marağı var. Ya həddindən artıq qərəz var, ya da həddən aşırı rəğbət. Duyğu və düşüncələr yazıboyu səpilib. Tarixilik qalıb bir yanda. İstədiyini yazır, bildiyi kimi şərh edir, təhlil etmək və doğru nəticələr çıxarmaq əvəzinə əllaməliklə məşğul olur. Bu kimi faktlara görə bir çox tarixi yazılarda subyektiv amillər üstünlük təşkil edir. Oxucu isə maraqlar olan yerdə həqiqəti üzə çıxarmaqda, tarixi olduğu kimi dərk etməkdə çətinlik çəkir. Bizi qınaya bilərlər ki, ümumi danışırıq. Konkret müəlliflərdən danışmırıq. Bəli, bizim hədəfimiz ayrı-ayrı şəxslər yox, ümumi yanaşmadır.
Bizi sıxan ən ağrılı cəhət hələdə milli kimliyimizi ortalığa qoya bilməməyimizdir. Bu sahədə dava-dartış səngimir. Bir qrup tarixçilər Azərbaycanda türk tayfalarının yerli olmasını və sonradan bu ərazlərə gəlmiş oxşar tayfalarla qaynayıb qarışaraq Azərbaycan xalqını əmələ gətirməsini iddia edirlər. Digərləri isə iddia edirlər ki, türk tayfaları yerli olmayıb, bu ərazilərə gəlmədi. Onların bu ərazilərə gələrək yerli əhalini asimliyasiya etmək hesabına xalq formalaşmışdır.
Bu cür ziddiyyətli fikirlərlə yanaşı Azərbaycan xalqının soy-kökünü yalnız bir etnosa bağlamaq cəhdləri də vəziyyəti mürəkkəbləşdirir. Etnogenez və tarix haqqında obyektiv - elmi yazılarda göstərildiyi kimi, mütləq mənada avtoxon xalq yoxdur, müasir xalqların əksəriyyətinin əcdadları tarixin müəyyən mərhələsində müxtəlif səbəblərdən bir yerdən başqa yerə köçmüşlər. Azərbaycan xalqının etnogenezinə bu mövqedən yanaşdıqda zahirən bir-biri ilə ziddiyyət təşkil edən əks mövqeləri yaxınlaşdırmaq və ortaq məxrəcə gəlmək mümkündür. Bu da fikrimizcə xalqın mənşəyinin yalnız bir etnosa bağlamaq haqqında fikrlərlə digər etnosların da bu prosesdə iştirak etməsi haqqında fikirlər arasında olan əksliyi aradan qaldırar. Yəni Azərbaycan xalqının formalaşmasında yerli və gəlmə türk tayfalarının qaynayıb qarışması ilə yanaşı, digər yerli tayfalar olan fars dilli, qafqaz dilli və bu ərazilərə köçürülmüş ərəb dilli tayfaların da qaynayıb qarışması qismən rol oynamışdır. Bu tarixi prosesin izlərini müasir dövrdə həm xalqın etnik təkibində, həm də əhalinin antropoloji qurluşunda açıq aydın görmək olar. Fikrimizcə Azərbaycan xalqının etnogenez məsələsinə bu konteksdən yanaşılması və xalqın formalaşmasında iştirak etmiş bütün etnoslara doğma münasibət bəslənilməsi birləşdirici xüsusiyyətləri özündə əks etdirir. Bu da müştərək tarixin obyekitiv tədqiqinə və obyektiv dərkinə müsbət təsir göstərə, kənar qüvvələrin bilərəkdən etnik millətçiliyi qızışdırmasının qarşısını ala bilər.
Alimlər arasında Azərbaycanlının etnik müəyyənliyi, etnik kimliyi ilə bağlı tarix boyu fərqli mövqe toqquşmaları özünü qabarıq şəkildə göstərməkdədir. Eyni fikir ayrılığı Azərbaycan sözünün etimoloji mənasından başlamış Azərbaycanın dövlət dili, azərbaycanlının etnonimi (özünüadlandırma), Azərbaycanda yaşayan toplumun aborogenliyi, avtoxtonluğu və s. haqqında gedən söhbətlər zamanı da ortaya çıxır.
Etnik müəyyənlik nə ilə təyin olunur? Əvvəllər etnik müəyyənlik əcdadlardan miras qalmış, irs-soy əlaqələrinə, irqi fizonomik parametrə, dəyişməz etnik sərhədlərə söykənən paradiqma ilə izah olunur, millət daha çox əvvəllcədən təyin edilmiş və statik hadisə kimi qəbul olunurdu. Bu cür yanaşma sahibləri daha çox etnoqrafik millət anlayışını qəbul edir və etnogenetik prosesdə etnoparsıyasıyanı (millətin bir neçə millətlərə bölünməsi), etnofuziyanı (mədəni və dil baxımından bir neçə xalqın vahid xalq şəklində qarışaraq birləşməsi), etnogenetik miqsasiyanı (xalqların qohumluğa əsaslanmayan vahid etnos halında birləşməsi) nəzərə almırlar. Belə düşünənlər həmçinin nəzərə almırlar ki, millət də insan kimi hetrogen (müxtəlif) başlanğıclardan yaranır, inkişaf və tənəzüll edir, ölür. Habelə, insanlarda yeddi arxadönən (şəcərə) olduğu kimi, millətdə də analoji şəcərə vardır.
Etnogenez və dil mənşəyi ilə bağlı araşdırmalarının ümumi təhlili göstərir ki, hələ tam nəticə yoxdur. Hər kəs özünün konsepsiyası ilə meydandadır.