Varımdı sinәdә dәrdü qәmi-nihan, ölürәm

Vikimənbə saytından
Varımdı sinәdә dәrdü qәmi-nihan, ölürәm
Müəllif: Ağaəli bəy Naseh

Varımdı sinәdә dәrdü qәmi-nihan, ölürәm,
Bu sirri eylәmәdim kimsәyә bәyan, ölürәm.

Bacardığımca qәmi-eşqi gizlәdim, axır
Kәsildi taqәtü sәbrü qәrari-can, ölürәm.

Sәfayi-vәsldir alәmdә gәrçi mәqsudim
Bәlayi-hicrin ilә bağrım oldu qan, ölürәm.

Açılmamış gül idim gülşәni-nәzakәtdә,
Bahari-ömrümü eşq eylәdi xәzan ölürәm.

Başım bәnәfşә kimi qәm dizindә çox qaldı,
Vüsalın olmadı üstümdә sayәban, ölürәm.

Şikayәt eylәmәdim möhnәti-fәraqından,
Zәlilü xarü dilәfkarü bizәban ölürәm.

Ümid idim çәkәrәm dәrdi-eşqi Naseh tәk,
Qırıldı rişteyi-ümmid nagәhan, ölürәm.