Məzmuna keç

Gül üzə

Vikimənbə saytından
(Xanım (Aşıq Qurbani) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gül üzə
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Məni görcək ürbənd çəkdi gül üzə,
Dara zülfün, qoy tökülsün gül üzə,
Qorxum budu xoryat bağdan gül üzə,
Kəsilə güllüyün mədarı, xanım!

Çox işlərə o, eyləyər iradə,
Fələk qoymaz mən yetişəm muradə,
Seyrəqib görməsin heç gün dünyadə,
Heç nəcat tapmasın əğyarı, xanım!

Maral xanım naqis işlər eyləyər,
Xəncər alıb ciyərimi teyləyər,
Qurbani bu yarsız bağı neyləyər?
Pozular ömrünün pərgarı, xanım!