Məzmuna keç

Yada düşdü ötən günlər

Vikimənbə saytından
(Yada düşdü ötən günlər... səhifəsindən istiqamətləndirilmişdir)
Yada düşdü ötən günlər... (25 iyun 2013)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. səh. 221-224

Xatirələrlə üz-üzə dayandıqca ötən günlər gün işığı kimi adamın üzünə düşür. Hərdən bu işıq adamı isindirsə də, yandıra da bilir. Lətif Əsədovla bağlı xatirələrim o qədərdi ki, uc-uca bağlasaq yəqin ki, bir ucu yenə Göyçəyə – Daşkəndə çatacaq. Sonra Bərdəyə, Ağdama, Gəncəyə, Bakıya... Ötən günlərin əziz bir xatirəsi kimi bir xatiratımızı yazmaq istəyirəm.
1987-ci il idi. VII sinfi təzəcə bitirmişdim. Yay tətili olduğundan valideynlərim dağ havası udmaq üçün məni Göyçə mahalına – doğulduqları Daşkənd kəndinə göndərmək qərarına gəldilər.
Yadımdadır ki, yaşıl rəngli "Jiquli" (VAZ-2106) maşınımızla Gəncəyə getdik. Gəncədə qağamın (biz atamıza "qağa" deyə müraciət edirdik) dayısı nəvəsi Lətiflə görüşdük. Qağam məni Lətifin yanında saxladı ki, onunla Göyçəyə gedəcəksən, bir ay qalıb istirahət edərsən, sonra səni gətirərik. Həftəsonu olduğundan həmin gün Gəncədə Lətifin kirayədə qaldığı evdə gecələdik. Çünki onun I gün partiya komitəsində nəsə işi vardı. O artıq 5 il idi ki, KP-nın üzvü idi. Biz bazar ertəsi günü birlikdə Yeni Gəncə qəsəbəsinə getdik. Gözəl yaşıllıqlarla əhatə olunmuş əzəmətli Gəncə Şəhər Partiya Komitəsinin binasına daxil olduq. Liftlə yuxarı mərtəbəyə qalxdıq. Mən ilk dəfə idi ki, liftə minirdim, çox maraqlı idi, indi o hissləri o qədər də ifadə edə bilmirəm. Lətif görüləcək işlərini həll etdikdən sonra Gəncəyə qayıtdıq. O, şəhərin görməli yerlərini göstərib Gəncəni mənə tanıtmaq istəyirdi. Müəyyən qədər tanıtdı da! Çinar ağacları ilə tanınan Gəncə şəhərinin (o vaxt Kirovabad idi) "vtoroy çast" deyilən ərazisində çay içdik. Sonra şəhəri iki hissəyə ayıran Gəncə çayının üzərindəki piyada körpüsündən keçib qaldığımız yerə getdik. Bir gecə də qalıb səhər sübh çağı Gəncə Avtovağzalına gəlib, "LAZ" avtobusuna bilet alıb Basarkeçərə yola düşdük. Hava isti olduğundan avtobus Dilican dolamalarını çətinliklə qalxırdı. Dolamaları yuxarı qalxdıqca aşağılar ovuc içi kimi görünürdü. Təbiətin bu əsrarəngizliyini bu ucalıqdan seyr etməyin özü qeyri-adi bir hadisəydi. Aşırımlarda restoranlar, dayanıb qısamüddətli dincəlmələr üçün gözəl yerlər, içməli su kranları var idi. Orada mən xeyli turistlər gördüm, onların çoxu ruslar idi. Avtobusda danışırdılar ki, turistlər əsasən Kəvər (ermənilər Kamo deyirdilər) rayonuna gedirlər. Çünki ora daha gözəl idi. Bir az da getdikdən sonra artıq kəndlərdə qalaqlar görünməyə başladı. Bildim ki, artıq Göyçəyə daxil olmuşuq. 1983-cü ildə mən bacım Rəfiqə ilə Əmirxan əmimgildə bir ay qalmışdıq. Ona görə də bilirdim ki, kəsik piramida formasında yığılan qalaqlar Göyçədə daha çox olur. Bu dəfə isə mən Pürüzə nənəmin qardaşı oğlu Frunze dayıgildə qalacaqdım.
Avtobus Göyçə gölünün şərq hissəsi ilə hərəkət edirdi. Göyçə gölünün qırçınlı ləpələri dalğalandıqca, insanın zövqünü oxşayır, rəssam fırçası ilə çəkilmiş təbiət peyzajını xatırladırdı. Biz Basarkeçər rayonunun mərkəzinə çatdıq. Avtovağzalın yanında insanların qələbəliyi vardı. Lətif maraqlanıb öyrəndi ki, divarda motosiklet sürənlərdir. Mənə dedi – gedək bilet alıb birlikdə baxaq, sənə maraqlı gələcək, sonra kəndə gedərik. Getdik ki, fasilə vaxtıdır, hələ bir saat sonra başlayacaqdılar. Gözləmədik. Bu şouya baxmadan sarı rəngli "PAZ" avtobusuna minib Daşkəndə yola düşdük. Burada onu da qeyd edim ki, həmin bu motosiklet sürənlərə 3 il sonra Lətifgil Ağdamda yaşayanda orada bərabər baxdıq.
Frunze əmim Daşkəndin poçt müdiri işləyirdi, evləri də mərkəzdə – mağazaya yaxın idi, elə dükanın yanında düşüb Lətiflə onlara getdik. Frunze əmi, Suyatel xala Göyçəlilərə məxsus bir qonaqpərvərliklə məni xoş qarşıladılar...
Basarkeçər rayonunun Daşkənd kəndində, həmçinin Bərdə rayonunun Yeni Daşkənd kəndində həmişə görürdüm ki, tələbələr yay tətilində kəndə gələr, valideynlərinə təsərrüfat işlərində kömək edərdilər. Lətif də Frunze dayıya ot biçimində, ot yığımında, tütün suvarmaqda, mal-heyvan nobatında köməklik edərdi. Bir gün Frunze dayımgilin qoyun növbəsi çatmışdı. Lətiflə mən bərabər nobata getməyə hazırlaşdıq. Bu mənim öz istəyimlə oldu. Ümumiyyətlə, doğulduğum Yeni Daşkənddə də nobata mən özüm gedərdim. Səhər durub böyük həvəslə çay içib, çörək yedikdən sonra günorta yeməyimizi də götürüb yola düşdük. Kəndin mərkəzindən ("Kəndin içi") başlayaraq "Çınqıl" deyilən yerə doğru getməyə başladıq. Yolboyu ta "Keçid məhəlləsi"nin sonunacan həyətlərdən örüşə qatılan qoyunları topladıqca böyük bir sürü oldu. Hər həyətdən 20-30 qoyun sürüyə qatılırdı. Kəndin kənarındakı çayın üzərində körpü vardı. Bu körpü tütün sahələrinin yaxınlığındaydı, oradan çınqıllıq başlayırdı (Bu ərazidə çınqıl daşları çox olduğundan belə adlanırdı). Qoyun sürüləri illər uzunu bu dağların döşü ilə o qədər get-gəl etmişdilər ki, cığırlar kənardan çox aydın və gözəl görünür, sanki zebranı xatırladırdı. Qoyunlar cığırın əsasən üst tərəfini otlayır, get-gedə dağın döşünə yayılırdılar. Mən ilk dəfə idi ki, kəndin bu hissəsində olurdum. Burada başqa sürülər də var idi. İrəlilədikcə sol tərəfdə sonsuzluğu xatırladan geniş taxıl zəmiləri görünürdü. Sağdakı dağın lap başına yaxınlaşırdıq ki, adını unutduğum öz kəndimizdən bir nəfər bizə dedi ki, çox yuxarı qalxmayın, orda Qırxbulaq kəndinin erməni çobanları qoyun otarırlar, qoyunlar onlarınkına qarışar, bilməzsiz. Gəzə-gəzə gedib "Haray dağı"nın ətəyinə çatdıq. Artıq günorta idi. Gün işığı nur topası kimi "Haray dağı"nın zirvəsini ağuşuna almışdı. "Haray dağı"nın ətəyində "İlanlı" adlanan bir göl vardı. Qoyunlar orda su içib, elə orda da yayxanıb yatmağa başladılar. Biz isə göy otun üstündə oturub süfrə açdıq. Lətifin anası Suyatel xalanın qoyduğu yeməklərdən yeyib üstündən bulaq suyu ilə hazırlanmış ayrandan içdik. Qoyunlar az-az durub otlamağa başlayır, dağın döşünə doğru irəliləyirdilər. Bu vaxt gördük ki, qoyunun biri halsız vəziyyətdə çox ağır-ağır gedir, hətta sürüyə belə çata bilmir. Biz artıq sürünün yönünü kəndə doğru salmışdıq. Çünki otlaq sahəsi o qədər uzun idi ki, axşama qədər ancaq otlaya-otlaya heyvan kəndə çata bilərdi. Dediyim kimi, bir qoyun get-gedə daha da ağırlaşır, demək olar ki, heç yerimirdi. Kəndə xeyli yaxınlaşmışdıq ki, gördük qoyun daha yatdı. Yaxınlıqdakı kəndçilərimizdən biri (o adamın adını unutmuşam) gəlib qoyuna baxdı və dedi ki, bıçağınız varsa, ölməmiş kəsin, hayıfdı. Lətifin cibində bıçaq vardı, qoyunun ayaqlarını o adamla mən tutdum, Lətif kəsdi. Kəndə bu barədə xəbər göndərdik, mən cəmdəyin yanında qaldım, Lətif isə sürünün ardınca gedib heyvanları kəndə çatdırdı. Frunze əmim kənddən bir "Vilis" göndərmişdi. Cəmdəyi "Vilisə" qoyub Frunze əmigildə düşürtdük.
...Biz dağda olanda kənddə toy var idi. Qara zurnanın şirin nəvası, nağaranın könül oxşayan melodiyası ruhumuzu qanadlandırıb, dağların ucalığına qaldırırdı. Bu vaxt Lətif dedi ki, Araz, qağam yenə deyəcək ki, a Lətif, evlən. Kənddə bir toy olan kimi mənə deyir evlən. Onda Lətifin 26-27 yaşı var idi (sonralar bildim ki, Lətif bacım Rəfiqəni sevirmiş). Həqiqətən də biz axşam evdə olanda Məhəmməd və Əbülfət dayıgil Frunze dayıgilə gəlmişdilər. Onlar da bu söhbəti elədilər. Həmin səsi gələn toy Şahbələdin qızının toyu idi. Gəlini mənim doğulduğum Yeni Daşkəndə aparacaqdılar. Onu İmaməli dayı oğlu Əliyə alırdı. İmaməli dayı Abdulla babamla əmioğlu olduğundan babam da sarı rəngli "Moskviç"i ilə gəlin aparmağa gəlmişdi. Qağam da Bərdədə babama deyibmiş ki, Araz daha bir aya yaxındı ki, Göyçədədir. Gələndə onu da gətir. Daha bir də dalınca getməyək...
Nəysə axşam evə yığışanda məlum oldu ki, ölən qoyun Seyid Məhəmmədəlinindir. O da Frunze dayıgilə gəlib dedi: Ay Frunze, canın sağ olsun, qoyun ölüb-ölüb, heç nə olmaz. Bircə odu ki, bu qoyun qızım Bayanın qoyunu idi. Frunze əmim də dedi ki, a Məhəmmədəli, qoyunu Abdulla ev damında soyub təmizləyir. Mən Bayan qızıma hansı qoyun xoşuna gəlsə onu da verəcəm. Məhəmmədəli dayı da qayıtdı ki, yüz belə qoyun qurban olsun canımıza, biz od-gor qonşusuyuq. Mən yəni gəldim deyəm ki, bizim qoyundur. Daha bir də əziyyət çəkib soraqlaşıb axtarmayasan ki, görən kimin qoyunudur...
Babam qoyunu yaxşı-yaxşı soydu, doğradı. Suyatel xala da bişirdi, biz hamılıqla birlikdə şam yeməyi yeyib yatdıq. Səhər tezdən babamın illər boyu nəvələrinin, övladlarının xidmətində olan sarı rəngli "Moskviç"inə minib gəlin evinə getdik. Gəlin evi Daşkəndin "Qayanın altı məhəlləsi" deyilən tərəfində idi. Biz qara zurnanın xoş sədaları altında qız evindən çıxıb, cürbəcür bəzədilmiş gəlin karvanı ilə Bərdəyə – Yeni Daşkəndə yol aldıq.