Məzmuna keç

Səndən iraq, ey sənəm, şamü səhər yanaram

Vikimənbə saytından
(Yanaram(İmadəddin Nəsimi) səhifəsindən istiqamətləndirilmişdir)
Səndən iraq, ey sənəm, şamü səhər yanaram
Müəllif: İmadəddin Nəsimi

Səndən iraq, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, daxi betər yanaram.

Eşq ilə şövqün odu canıma kar eylədi,
Gör necə tabından, ey şəmsü qəmər, yanaram.

Məndən irağ olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər, yanaram.

Şəm’i-rüxün surəti qarşıma gəlmişdürür,
Şə’şəəsindən mana şö’lə düşər, yanaram.

Səbr ilə aramımı qapdı əlimdən qəmin,
Badi-həvadan degil, qəmdən əgər yanaram.

Çıxdı içimdən tütün, çərxi boyadı bütün,
Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram.

Yandığımız yar üçün, gizli degil, mən dəxi
Hər nə qədər kim, anın könlü dilər, yanaram.

Müddəi yanar demiş qəmdə, Nəsimi üçün,
Qəmdə yanan yarı yar çünki sevər, yanaram.