Dəli yığıncağı/Üçüncü məclis

Vikimənbə saytından
ikinci məclis Dəli yığıncağı. Üçüncü məclis
Müəllif: Cəlil Məmmədquluzadə
Dordüncü məclis


Küçədə uzaqdan qiylü qal, səs-küy eşidilir; qiylü qal gəldikcə yavuqlaşır və küçədə Molla Abbas görsənir. Onun dalınca Pırpız Sona və bunların dalınca küçə dolusu küçə uşağı bunları daşa basır; dəlilər dinmirlər və bir tövr özlərini qoruyurlar.

M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar məni dəli eləyәcəklər.

Uşaqlar atdıqları daşın biri küçə qapılarının birinə dəyir, haman qapı açılır və oradan M ә ş ә d i H a c ı — əlində təsbeh, dodaqları dua

vird edir, — hövlnak küçəyə çıxır və qabaqca uşaqların üstünə çığırıb, onları söyüb qovur.

[M ә ş ә d I] H a c ı. Cəhənnəm olun buradan, köpək uşağı köpək! (Sonra üzünü Molla Abbasa tutur). A kişi, genə bu yazıq övrəti

qol-qıçı açıq yanına salıb küçələri dolandırırsan? Allah sənə də lənət eləsin, səni əkib-doğan kişiyə də lənət eləsin!

Dəlilər başlarını aşağı salıb, günahkar kimi baxırlar. Məşədi Hacı Sonaya bir qədər yavuq gəlib, onun qol-qıçına vəravürd edir və deyir.

Allah şeytana lənət eləsin!

Küçə qapılarının o birisindən N ә c ә f ü l-Ә ş r ә f çıxıb, dəlilərin üstə çığırır.

N ә c ә f ü l-Ә ş r ә f (həmişə əlində təsbeh, dodaqları dua vird edir). A kişi, genə bu bambılılar bilmirən xalqdan nə istəyirlər? (Övrətin qol-qıçını vəravürd edir və öz-özünə deyir). Allah şeytana lənət eləsin!

H a c ı I s l a m (həmişə əlində təsbeh, dodaqları dua vird edir, o biri qapıdan çıxır və dəlilərə çığırır). A kişi, bu məlun oğlu məlun genə buradadır? Bəs bunları aparacaqdılar dəlixanaya? Bəs burada nə qələt eləyirlər? (Övrətə vəravürd eləyir və öz-özünə deyir). Allah şeytana lənət eləsin!

Dəlilər başları aşağı təzim edirlər.

M ә ş ә d i H a c ı (Molla Abbasa). Hə, sözün nədi, təbiət oğlu təbiət?

N ә c ә f ül-Ә ş r ә f (Molla Abbasa). Axı bir de görüm, nə deyirsən? Axı yəni deyirsən cəmi məxluqat öz başına yaranıb da? Yəni bunları yaradan yoxdur da? Yəni allah-zad yalandı da? (Bu sözləri deyə-deyə Nəcəfül-Əşrəf Molla Abbası çənəsinin altından yuxarı dümsükləyir).

H a c ı I s l a m (Molla Abbasa tərəf yumruğunu çəkib çığırır). Məlun oğlu məlun! And olsun allaha, şeytan deyir vur başı-gözü yarılsın (Övrətə tərəf vəravürd edir və özü-özünə) Allah şeytana lənət eləsin!

Dəlilər təzim edirlər.

M ә ş ә d i H a c ı (övrətə yavuqlaşır və diqqət ilə qol-qıçına baxır). Allah şeytana lənət eləsin!

N ә c ә f ü l-Ә ş r ә f (övrətin yanına gedir və qol-qıçına vəravürd edir və deyir). Allah şeytana lənət eləsin!

H a c ı Ә b d ü l ә z i m (əlində təsbeh, dua vird edə-edə küçə ilə gəldikdə). Genə bu dəli bambılılar nə düşüblər küçənin canına? Bəs bu

gün bunları dəlixanaya qatacaqdılar? Allahü əkbər! And olsun Əbülfəzl Abbasa, ağayi-Nəcəfül-Əşrəf, biz bu dəli-divanənin ucundan rüsvayi-cəhan olub gedəcәyik. Belə xəta burasındadır ki, bu məlun oğlu məlun (Molla Abbasa işarə) dilini farağat qoymur, qoymur; qardaş, qoymur; əmirəl-mömüninə and olsun qoymur.

M ö m ü n l ә r. Xeyr, qoymur.

Dəlilər təzim edirlər.

H a c ı Ә b d ü l ә z i m. Dünən qəbristandan əhli-qübur ziyarətindən gəlirdim. Gör bu mürtəd oğlu mürtəd (Molla Abbasa işarə) o qədər camaatın içində mənə nə deyir? Deyir o hansı balıq idi ki, həzrət onu çağıran kimi başını sudan çıxardıb cavab verdi? Deyirəm. "Kərkərət ibn Mərmərət ibn ərərə idi, buynuzları da var idi". Bu qədər adamın içində bu farmasyon oğlu farmasyon (Molla Abbası göstərir) qah-qah çəkə-çəkə gör nə deyir; deyir: balıq da danışarmı?

Burada Molla Abbas çıtmıq çalır, düşür oynamağa, Sona ona baxıb o da oynayır.

M ö m ü n l ә r. Allah sizə lənət eləsin! Allah sizə lənət eləsin!

H a c ı M ә d i n ә (əlində təsbeh, dodaqları vird eləyir. Küçə ilə gəldikdə Molla Abbasa). And olsun Fatmeyi-Zəhraya, səni bu küçədə yıxıb, o qədər ayaqlaram ki, beynin torpağa qarışar! Həpənd oğlu həpənd, həzrətin tuman bağı ilə nə işin var? (Hacı Mədinə bu sözləri deyəndən sonra üzünü Sonaya tərəf çöndərib, onun qol-qıçına vəravürd eləyir).

M ә ş ә d i H a c ı (Hacı Mədinəyә) Ağayi Hacı Mədinə, əstəğfürullah, o nə sözdü fərmayiş edirsən? Əstəğfürullah!

M ö m ü n l ә r. Əstəğfürullah, rəbbi və ətubi ileyhə!

H a c ı M ә d i n ә. Ağayi-Məşədi Hacı, allahın min bir adına and olsun, bu babi oğlu babi dünən küçədə camaatı başına yığıb, həzrətin tuman bağına lağ eləyir ki, guya nəüzibillah, həzrət eşiyə çıxanda tuman bağını tapşırardı sarbanına. Və çün tuman bağı da xeyli qiymətli imiş, onun üçün də sarbanın gözü düşür tuman bağına və küffarın qoşunu həzrəti şəhadətə yetirəndən sonra, sarban gəlir haman tuman bağını həzrətin tumanından çıxartsın, həzrət əvvəl sağ əlini, sonra sol əlini qoyur tuman bağının üstə, amma o haramzada həzrətin əllərini kəsib, tuman bağını qəsb eləyir. (Ağlayır və mömünlər də ağlayırlar).

Molla Abbas başını salıb aşağı dinmir, mömünlər ağlaya-ağlaya deyirlər "Tuman bağına qurban olum, ya seyyidüş-şühəda!", başlarına döyürlər. Həkim Lalbyuz və fərraş Şimrəli xəlvətcə bunlara tamaşa edir. Molla Abbas da mömünləri yamsılamaq babətindən öz-özünə

tez-tez deyir.

[M o l l a A b b a s.] Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! (Və birdən qah-qah çəkib gülür və çıxıb qaçır. Sona da qaçır).

M ö m ü n l ә r (bunun, dalınca). Allah sənə lənət eləsin!

Fərraş Şimrəli dəliləri tutub saxlayır, həkim də gəlib durur mömünlərin qabağında.

F ә r r a ş Ş i m r ә l i (dəlilərə). Dayanın, hara qaçırsınız? Iki saatdı sizi axtarıram. Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız

başınıza gələr və dəxi həzrətin tuman bağını məzhəkәyə qoymazsınız.

H a c ı I s l a m (fərraşa). Ay Şimrəli, allah sənə Kərbəla qismət eləsin, allah valideyninə rəhmət eləsin; bu dəlinin öhdəsindən bəlkə sən gələsən; yoxsa, vallahi, biabır olduq. Bir də bu məluna deyən gərək, axı sənin həzrətin tuman bağı ilə nə işin var? Qurban olum həzrətin tumanına da, tuman bağına da!

M ö m ü n l ә r (ağlaya-ağlaya). Tuman bağına qurban olum, ya seyyidüş-şühəda! (Başlarına döyürlər).

Həkim gəlir ağlayanların yanına və təәccüb ilə əvvəl bunlara və sonra fərraş Şimrəliyə tərəf baxıb, işarə ilə soruşur ki, guya bunlar niyə ağlayır.

F ә r r a ş Ş i m r ә l i (həkimə). Bir səbəb yoxdu, ancaq riqqəti-qəlb üz verib.

M o l l a A b b a s (həkimə). Həkim, həkim, gəl görək kim yaxşı mayallaq aşar. (Özü mayallaq aşır).

M ә ş ә d i H a c ı. A kişi, bu bədbəxt lap dəli olubdur.

Bu heyndə günorta əzanı deyilir və küçə ilə hambal, bir tay dalında, keçir. Kənarda bir pingçi dükanı görsənir. Əzan deyilən kimi mömünlər, hambal və pingçi şagirdi ayağa qalxıb, birdən başlayırlar əllərini qulaqlarına qoyub əzan çağırmağa "Allahü-əkbər!", "allahü-əkbər!" "əşhədü ən lailahə illəllah!" həkim təәccüb ilə əzan çağıranlara baxır və yenə Fərraş Şimrəlidən işarə ilə soruşur ki, bəlkə bunlar dəlidirlər? Sonra gəlir Nəcəfül-Əşrəfin yanına və cibindən lüğət kitabını çıxardır, bir söz axtarır, amma tapa bilmir: sonra gəlir Hacı Mədinənin yanına və əyilib bunun üzünün o tərəfinə baxır, bu tərəfinə baxır, başına və alnına diqqət yetirir va axırda gözlərinə diqqət verir. Molla Abbas da qabağa yeriyib, xahiş edir ki, ona da baxsın; həkim onun da üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən "pıqq" eləyib, göyə tullanır və həkimi elə qorxudur ki, həkim az qalır yıxıla. Molla Abbas və Sona qaçırlar, fərraş istəyir tuta, amma həkimi qoyub gedə bilmir. Mömünlər yerdən daş götürüb, dəlilərin dalınca qaçırlar. Fərraş Şimrəli həkimi qucaqlayıb, qoymur yıxılsın və ona deyir:

[Fə r r a ş] Ş i m r əl i (həkimə). Vallah, həkim, sən ki, dəlidən belə qorxansan, gərək bir dua yazdırıb yanında saxlayasan.

Həkim altdan yuxarı baxır Şimrəliyə və bir söz demir.

P ә r d ә