Dəli yığıncağı/Dördüncü məclis

Vikimənbə saytından
Üçüncü məclis Dəli yığıncağı. Dördüncü məclis
Müəllif: Cəlil Məmmədquluzadə
Beşinci məclis


Dəlixana. Dəli M o l l a A b b a s ayaq üstə durub, əlini göyə qalxızıb, moizə edir. Oturublar dəlilər: P ı r p ı z S o n a, F a r m a s y o n R ü s t ə m, S ə r s ə m H e y d ə r, H ə m z a d Q u r b a n, C i n n i M u s t a f a. Dəlilər dəli Molla Abbasın moizəsinə qulaq asırlar.

M o l l a A b b a s. (səsnən, avaznan oxuya-oxuya deyir). Əlhəmdilillah rəbbül-aləmin vəssəlatü vəssəlam əla seyidəl-mürsəlin və ilahit-tahirin, əmma bəd....

S ə r s ə m H e y d ə r (ağlaya-ağlaya yalvarır). Ay Molla Abbas qardaş, sən allah bizə nağıl de, qulaq asaq.

M o l l a A b b a s (hirsli). Necə nağıl de?! Nə zəvzək-zəvzək danışırsan? Necə nağıl de? Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm? Sözə bax, sən allah! Deyəsən mən nağılçıyam! (hirsi tutur və gözləri qızarır. Sərsəm Heydər və Həmzad Qurban ağlayırlar. Cinni Mustafa acığından dizlərini yerə çırpır və yumruğunu sağa-sola tullayır. Molla Abbas birdən qah-qah çəkib gülür). Bəs bu nağıl deyil,

nədi? Bəs bu dediklərim nağıl deyil, nədi? (gülür).

H ə m z a d Q u r b a n. Sən allah, Molla Abbas, bir az moizə elə qulaq asaq.M o l l a A b b a s (guya Həmzad Qurbanın sözünü eşitmədi). Bəli, xudavəndi-aləmin izni ilə biz buraya cəm olmuşuq ki, bu beş günlük dünyayi-fanini quyudatından kənara düşüb, allahın yolundan azanlara üzümüz sataşmasın. Onun üçün də fürsəti qənimət bilib, Ağayi-Məclisidən sizə moizə edəcəyəm ki, feyziyab olasınız.

F a r m a s y o n R ü s t ə m (cəld durur ayağa və əllərini ölçə-ölçə). De, de, ay atam-anam sənə qurban olsun! Eləcə Ağayi-Məclisidən de!

M o l l a A b b a s. Bəli, ey mənim huş və zəkavət, əql və fərasət sahibi olan yoldaşlarım! Ərz olsun xidməti-şərifinizə ki, Ağayi-Fazil Məclisi öz "Ixtiyarat" kitabında belə rəvayət edir ki, (avaznan) əz həzrət imam Məhəmməd Baqir mənqul əst ki, hər kəs rəcəb ayının birinci günü iki min rükət namaz qıla və qabaqkı rükətdə iki min dəfə tövhid zikr edə və üç min dəfə "inna ənzəlna" oxuya və oxuyub qurtarana kimi üzü qibləyə dura, haman şəxs ayın axırına kimi qarın ağrısı görməz; vallahi görməz, billahi görməz.

Burada F a r m a s y o n R ü s t ə m və S ə r s ə m H e y d ə r qah-qah ilə gülürlər; H ə m z a d Q u r b a n və P ı r p ı z S o n a ağlayırlar; C i n n i M u s t a f a da dizlərini yerə döyür və çığırır. Bir neçə m ö m ü n əllərində təsbeh, ağlaya-ağlaya daxil olub soruşurlar: "biz də mərsiyəyə, ağlamağa gəlmişik. Ağlayın ey şiələr!".

C i n n i M u s t a f a (ara sakit olandan sonra). Bax, Molla Abbas, istəyirsən mən dabanımı yerə vurum, buradan bir quş çıxsın? Bax, deyirsən vurum? Mən Ağayi-Məclisidən qorxmayacağam ki! (Dabanlarını vurur yerə). Bax, mən də üzü qibləyə durmuşam. Bəs Ağayi-Məclisi niyə üzü qibləyə durur?

H ə m z a d Q u r b a n (Cinni Mustafaya yalvarır). Ay Mustafa qardaş, sən allah dabanlarını yerə vurma, mən quşdan qorxuram.

F a r m a s y o n R ü s t ə m (dik qalxır ayağa). Molla Abbas, Molla Abbas, mənim bir atam var idi, peşəsi səhərdən-axşama kimi ağacdan-ağaca uçmaq idi. Axırda xoruz oldu banladı. (Özü də xoruz kimi banlayır). Sən öləsən, Molla Abbas, yalan demirəm, odu bax (göyə baxır), atam uçdu getdi. (Qalan dəlilər də göyə baxırlar, guya bir şey axtarırlar).

M ö m ü n l ə r (bir-birinə). A kişi, bunlar bir özgə cürə danışırlar, gəlin çıxaq gedək (gedirlər).

M o l l a A b b a s. Mən hələ quşdan savayı ağacların da göyə uçmağını görmüşəm, daşların da göyə uçmağını görmüşəm.

C i n n i M u s t a f a (çağırır). Mən ölüm, Molla Abbas, boş-boş danışma! Ağacların uçmağını deyirsən de, amma daşların uçmağını demə; bu yalan oldu.

Həmzad Qurban və Pırpız Sona ağlayırlar

[P ı r p ı z] S o n a. Sən allah, ay Mustafa qardaş, acığın tutmasın, mən qorxuram.

M o l l a A b b a s (Cinni Mustafaya). Hələ mənim dayımın oğlunun xoruzu var idi, heç həyətdə olmazdı, həmişə damnan dama uçardı.

F a r m a s y o n R ü s t ə m (qah-qah çəkib gülür). Mən ölüm, Molla Abbas, sən də banna (bu da, Heydər də gülürlər, Həmzad Qurban və Sona ağlayırlar, Mustafa dabanlarını yerə çırpır).

S ə r s ə m H e y d ə r (dik qalxır). Sən öləsən, Molla Abbas, mənim uşaqlıqda bir xoruzum var idi (gülür).

[H ə m z a d] Q u r b a n (ağlaya-ağlaya). Niyə mənim xoruzum yoxdu? Niyə hamının xoruzu var, mənim xoruzum yoxdu?

M o l l a A b b a s (ucadan, avaznan). Ey məşərül-xəlayiq! Eşidin və agah olun ki, dörd yüz il bundan müqəddəm mən getmişdim yəcuc-məcucların vilayətinə. (Hamı dəlilər sakit olub, qulaq asırlar). Orada bu dılğır vətənim mənim yadıma düşdü; məni bir ağlamaq tutdu ki, bir də gördüm (əllərini dizlərinə çırpır) dəryaların suyu qalxır yuxarı, az qalır məni qərq edə; mən də qalxmışam suyun üzünə.

[P ı r p ı z] S o n a (az qalır ağlaya). Qorxuram mən də qərq olam Molla Abbas. (Titrəyir və gəlir özünü salır Molla Abbasın qucağına;

Molla Abbas bunu kənar edir).

M o l l a A b b a s (Sonaya acıqlı). Mən moizə elədiyim yerdə, sənin ixtiyarın yoxdu mənim yanıma gələsən.

(Sona indi də gedir Mustafanın qucağına, o da rədd edir).

C i n n i M u s t a f a (çox acıqlı). Çəkil kənara, axmağın qızı! Sən xoruzdan qorxanda, mən də gərək pişikdən qorxam. Mau-mau (pişik kimi movuldayır, Rüstəm və Heydər gülürlər).[H ə m z a d] Q u r b a n (birdən yerindən qalxıb, başını elə bərk vurur pəncərəyə ki, şüşəsi sınır tökülür). Ədə, qoymayın! Ümman dəryası daşdı! Mən boğuluram!

Bu heyndə F ə r r a ş Ş i m r ə l i girir içəri və əlindəki şallağ ilə Qurbanı bərk döyür. F a r m a s y on R ü s t ə m və S ə r s ə m H e y d ə r qaçıb bucağa sığınırlar. H ə m z a d Q u r b a n və S o n a ağlayırlar, C i n n i M u s t a f a ayaqlarını yerə vurub çığırır. M o l l a A b b a s başlayır çıtmaq çalıb oymamağa. Fərraş Şimrəli Sonaya diqqət salır və sonra Molla Abbasa deyir:

F ə r r a ş Ş i m r ə l i. Ay biçarə dəli, molla da məgər oynar?

Rüstəm və Heydər gülüşürlər. Qurban va Sona ağlaşırlar, Mustafa çığırır. Şimrəli Sonaya tərəf gedir və xəlvətləyib onu çimdikləyir Sona çimdiyin ağrısından vuyulduyur. D o k t o r L a l b y u z girir içəri. Ara sakit olur, çünki dəlilər hamısı ayağa durub, doktora təzim edirlər.

[F ə r r a ş] Ş i m r ə l i (doktora). Cənab həkim, bizim şəhərin dəliləri bu altı nəfər adamdı ki, yığıb gətirdim buraya. Bu, dəli Molla

Abbasdı. Bu, onun arvadı dəli Sonadı. Bunun adı Farmasyon Rüstəmdi. Bu, Sərsəm Heydərdi. Bu, Həmzad Qurbandı. Bu da Cinni Mustafadı.

H ə m z a d Q u r b a n (həkimə şikayət edir). Ay həkim, sən allah, bu dəliyə deginən (Şimrəlini göstərir) bizi döyməsin!

C i n n i M u s t a f a (həkimə). Axı bu dəlini (Şimrəliyə işarə) gətirib buraya qatmısınız, bizim günahımız nədi ki, bizi şallaqlayır?

M o l l a A b b a s (həkimə). Axı mən ki, oynayıram, bunun kimə bir ziyanı var ki, bu dəli mənim oynamağıma lağ eləyir?

Rüstəm və Heydər gülürlər.

[ P ı r p ı z] S o n a (həkimə, ağlaya-ağlaya). Ay həkim, bu dəli kişi (Şimrəlini göstərir) məni çimdiklədi.

Rüstəm və Heydər gülür, Qurban ağlayır.

F ə r r a ş Ş i m r ə l i (həkimə). Cənab doktor, bunlar dəliliyin havasına danışırlar.

S ə r s ə m H e y d ə r (dik atılır). Buy, həkim and olsun allaha, biz dəli deyilik, özü dəlidi.

D ə l i l ə r (hamısı birdən). Vallah, dəlidi!

F ə r r a ş Ş i m r ə l i (həkimə). Doktorun başı üçün, mən bunları döyməmişəm.

L a l b y u z (Şimrəliyə). Bu, bu .... (bilmir nə danışsın).

Dəlilər hamısı həkimə baş yendirib ədəblə dururlar. Həkim mat-məəttəl qalır, əvvəl ehtiyatla gedir dəlilərin nəbzinə baxır, sifətlərinə və gözlərinə baxır, sonra Sonaya yavuq gəlib, qol-qıçına diqqət salır, nəbzinə baxır, çənəsini əlləyir

[P ı r p ı z] S o n a (ağlaya-ağlaya). Ay həkim, mən səndən qorxuram; qorxuram sən də məni çimdikləyəsən.

Molla Abbas, Rüstəm və Heydər gülüşürlər. Qurban və Sona ağlaşır. Mustafa dizlərini yerə vurur, çığırır. Daxil olurlar H a c ı B a ğ d a d,

K a b l a T ü r b ə t, M ə k k ə M ə h ə m m ə d, Ü m m i G ü l s ü m, Ə m i n ə, S ə k i n ə. S o n a bunları görcək başlayır qorxub gizlənməyə və ağlaya-ağlaya deyir:

[P ı r p ı z] S o n a. Həkim, bu dəliləri qoymayın bura gəlsinlər, mən onlardan qorxuram. (Titrəyir. Dəlilər də Sonanı tdsdiq edir, adamlar narahat, həkim məəttəl, çavuş dəlilərə təpinir və aranı sakit edir).

K a b l a T ü r b ə t (əlində təsbeh, dodaqları "sübhanallah" vird edir). Cənab həkim, mən bir işdən ötəri sizə zəhmət verməyə gəlmişəm.

Mən bu dəli, sərsəm Heydərin ata bir, ana bir qardaşıyam. Ərz olsun ki, mənim bu bədbəxt bəradərim, bir ildən artıqdı ki, dəlilik azarına giriftar olub. Dua qalmayıb ki, yazdırmamış olaq; dərman qalmayıb ki, yedirtməmiş olaq.

Heydər durur ədəblə qardaşı Kabla Türbətə baş yendirir.

Dərdi-sər verməkdən məqsəd budur ki, bu gün seşənbə, bəli, çərşənbə, pəncşənbə, cümə günü, yəni rəcəb ayının on doqquzunda,

həzrətin zühurudur ki, cəmi dəli kişilərin övrətləri haman gün öz yavuq qohumlarının biri ilə bahəmlikdə həzrətin ziyarətinə müşərrəf olmalıdırlar.

Molla Abbas mayallaq aşır. Rüstəm və Heydər gülüşürlər, "ğu-ğu" eləyirlər. Sona və Qurban ağlaşırlar, Mustafa çığırır.

K a b l a T ü r b ə t (Molla Abbasa). Allah sənə lənət eləsin! Gərək imamın zühurunun söhbətində bu mürtəd mayallaq aşa. (Həkimə). Həkim cənablarına bu dərdi-səri verməkdən məqsəd bilməkdi ki, aya bu üç günün ərzində bu bədbəxt Heydərin ağıllanmağına bir ümid var ya yox? Çünki şayəd xudavəndi-aləmin şəfaəti sadir ola, ağıllana; əgər ağıllanmasa, mən özüm məcburam övrəti Əminəni (Əminəyə tərəf baxır) aparam həzrətin ziyarətnnə....

Ə m i n ə (gedir sərsəm Heydərin üzünə boğma çıxardır. Heydər mat-mat baxır). Yalansa, bunun başına kül! Bir ildən artıqdır bu gün

ağıllanır, sabah ağıllanır; məni də sərgərdan qoyubdu.

Cinni Mustafa çığırır.

K a b l a T ü r b ə t (həkimə). Cənab həkim, sizin rəyinizi bilmək bizə lazımdı.

H ə k i m (çiyinlərini atır). Akademik, akademik.

Heç kəs başa düşmür. Rüstəm və Heydər gülüşür. Sona və Qurban ağlaşırlar, Mustafa çığırır.

M ə k k ə M ə h ə m m ə d (əlində təsbeh, dodaqları vird edir və həkimə deyir). Cənab həkim, sizə dərdi-sər verməkdən məqsəd budur

ki, ərz edirəm. Mənim də bu bədbəxt ata bir, ana bir qardaşım Həmzad Qurban bir neçə müddətdi ki, dəli-divanə olub çöllərə düşübdü.

Bu da onun övrəti Səkinədi. Dua qalmayıb ki, yazdırmamış olaq; dava-dərman qalmayıb ki, yedirtməmiş olaq. (Qurban durur ayağa,

qardaşı Məkkə Məhəmmədə baş yendirir). Dərdi-sər verməkdən məqsəd budur ki, cümə günü həzrət zühur edir; hökmdür ki, cəmi dəli kişilərin övrətləri öz yavuq qohumları ilə birlikdə həzrətin ziyarətinə müşərrəf olalar.

Molla Abbas mayallaq aşır, mömünlər bu dəfə onu döyə-döyə salırlar çölə. Rüstəm və Heydər gülüşürlər, Sona və Qurban ağlayırlar.

M ə k k ə M ə h ə m m ə d (Molla Abbasın dalınca). Hər vaxt ki, imamın zühurundan söhbət düşür, bu məlun oğlu məlun gərək mayallaq aşa. (həkimə). Həkim cənablarına dərdi-sər verməkdən məqsəd bilməkdir ki, aya, bu üç günün ərzində bu bədbəxt Qurbanın ağıllanmağına

bir ümid var ya yox?

Səkinə gedir Həmzad Qurbana boğma çıxardır. Qurban mat-mat baxır.

S ə k i n ə. Bunun başına kül! Nə qədər vaxtdı ki, elə ha bu gün ağıllanır, sabah ağıllanır; məni də sahibsiz qoyub.

Cinni Mustafa çığırır, dabanlarını yerə çırpır.

H ə k i m (çiyinlərini atır). Akademik, akademik!

Heç kəs həkim dediyini başa düşmür.

M o l l a A b b a s (qapıdan). Ay müsəlmanlar, vallah bu həkim dəlidi.

Molla Abbas qapıda oynayır, Rüstəm və Heydər gülüşürlər, Sona və Qurban ağlayırlar; Mustafa çığırır va dabanlarını yerə çırpır. Şimrəli Molla Abbasa bir şallaq çəkir.

[P ı r p ı z] S o n a (ağlaya-ağlaya, həkimə). Ay həkim, sən allah bu dəlilərə de, mənim Molla Abbasımı döyməsinlər.Uzaqdan çavuş carlayır, camaat salavat çəkir. Allahümmə səlli əla Məhəmmədün və ali Məhəmməd!

P ə r d ə