O olmasın, bu olsun/İkinci məclis

Vikimənbə saytından
Birinci məclis O olmasın, bu olsun. İkinci məclis
Müəllif: Üzeyir Hacıbəyov
Üçüncü məclis


Rüstəm bəyin həyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə S ә r v ә r ilə G ü l n a z görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pərdə qalxır.

S ә r v ә r.

Cahanda var görəsən dərdi-eşqə bir çara,
Bu eşq o eşqdir ki, Məcnunu qoydu avara.

G ü l n a z.

Bu eşq o eşqdir ki, Fərhada dağı çapdırdı,
Dübarə tişəni çaldırdı başa o biçara.

M u s i q i

İ k i s i b i r y e r d ә.

Çün bahar oldu açıldı….
Gül açıldı hər yanda.

M u s i q i

Çün bahar oldu açıldı….
Gül açıldı hər yanda.
Bülbül etdi ahü zarü
Nalə çəkdi oxudu (2 dəfə)

M u s i q i

Çünki gördü xari bülbül,
Söylədi ki, ey birəhm!

M u s i q i

Çünki gördü xari bülbül
Söylədi ki, ey birəhm!
Səndə yoxdur eşq odu,
Gəl həzər et naləmdən. (2 dəfə)

M u s i q i

Aşiq oldur ki, veribdir canini ol canana.

M u s i q i

Aşiq oldur ki, veribdir canini ol canana.
Verməyibsə canini ol aşiq olmaz canana. (2 dəfə)

Bu əsnada M ә ş ә d i İ b a d, əlində bir yaylıq alma və armud küçədən gəlib, hasarın yanında dayanır.

M ә ş ә d i İ b a d. Mən istəyirdim ki, adaxlıbazlığa gecə gələm, halbuki, gündüz də bu hasardan aşmaq çətindir. Ya allah!… (İstəyir hasardan aşsın, amma bacarmayır). Yox görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. (Çağırır). Ada, hambal!
H a m b a l (yüyurür). Nə deyirsən, Məşədi? Yükün nədir? (Kəndirini çıxardır).
M ә ş ә d i İ b a d (cibindən bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.
H a m b a l. Məşədi, olmaya oğurluğa gedirsən?
M ә ş ә d i İ b a d. Kəs səsini, axmaq! Adaxlıbazlığa gedirəm!
H a m b a l. Məşədi, allah qüvvət versin, amma belimi şikəst eylərsən. (Yıxılır. Məşədi İbad onun belinə çıxır və hasardan baxır).
M ә ş ә d i İ b a d. Ada, hambal, o yaylığı mənə ver!
H a m b a l. Məşədi, tərpənsəm yıxılarsan ki….
M ә ş ә d i İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir də çıxanda yaylıq açılır, alma, armud yerə dağılır).
M ә ş ә d i İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görəsən o kimdir?
G ü l n a z (onu görüb). Vay, dədəm vay!… O kimdir? Mən qaçıram! (Qaçır).
M ә ş ә d i İ b a d (Sərvərə). Oğlan, sən kimsən?
S ә r v ә r. Bəs sən kimsən?
M ә ş ә d i İ b a d. Mən Məşədi İbadam!
S ә r v ә r. Mən Sərvərəm!
M ә ş ә d i İ b a d. Bəs sən orda nə qayırırsan?
S ә r v ә r. Bəs sən orda nə qayırırsan?
M ә ş ә d i İ b a d. Mən adaxlıbazlığa gəlmişəm!
S ә r v ә r. Mən də adaxlıbazlığa gəlmişəm!
H a m b a l. A Məşədi, belim şikəst oldu!
M ә ş ә d i İ b a d. Ada, dayan görüm bu nə deyir! Qoçaq, sən kimin adaxlısısan?
S ә r v ә r. Qoçaq, bəs sən kimin adaxlısısan?
M ә ş ә d i İ b a d. Mən Rüstəm bəyin qızı Gülnaz xanımın!
S ә r v ә r. Mən də Rüstəm bəyin qızı Gülnaz xanımın!
M ә ş ә d i İ b a d (acıqlı). Kəs səsini, axmaq! Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən?
S ә r v ә r. Axmaq sənsən ki, hasara dırmaşmısan!
H a m b a l. A Məşədi, belim qırıldı, düş aşağı!
M ә ş ә d i İ b a d. Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim! (Düşür).
S ә r v ә r. Heç bu iş pis olmadı, görək axırı nə olacaq?
H a m b a l. Məşədi, belim sınıbdır, bir abbası da verəcәksən.
M ә ş ә d i İ b a d (hambala). Heç başa düşmürəm ki, bu nə işdir?
H a m b a l. Məşədi deyəsən qızın iki namizədi vardır?
M ә ş ә d i İ b a d. Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun birisi də o tayda olsun? Ay bivəfa arvad! (Fikrə gedir).

M u s i q i

M ә ş ә d i İ b a d (rast oxuyur).

Mən nə danəstəm əz əvvəl ke, to bi mehro vəfai,
Əhdi nabəstən əz on beh ke, bə bəndi ya nə pai.

Burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür.

Məcnun o tayda ahü zar edir,
Leyli bu tayda əğyar ilə eyş edir.

M u s i q i

İndi mən bu tayda hambal ilə qalmışam, Yarım da o tayda əğyar ilə söhbət edir.

M u s i q i

Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam! (Gedir).

G ü l n a z ilə S ә r v ә r çıxıb oxuyurlar.

S ә r v ә r (şikəstəyi-fars oxuyur).

Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həqq bilir, insan deməz, hər kim ki, insandır sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

G ü l n a z və S ә r v ә r (təsnif oxuyurlar).

Gözəlim sənsən mənim,

M u s i q i

Mehribanım, həmdəmim.

M u s i q i

Dəxi yoxdur heç qəmim,
Çox şükür sənə, ey xuda!
Olmadıq biz əğyarə fəda. (2 dəfə)

M u s i q i

Sən mənimsən, mən sənin.

M u s i q i

Ola bilməz özgənin.

M u s i q i

Həmi bir can, bir tənin,
Çox şükür sənə, ey xuda!
Olmadıq biz əğyarə fəda (2dəfə).

M u s i q i

Dərdimə tapdım dava,
Qalmadı heç bir cəfa. (2 dəfə)
Axır ki, gördük səfa,
Çox şükür sənə, ey xuda!
Olmadıq biz əğyara fəda.
Əğyara fəda, əğyara fəda…. (2dəfə)

Bu əsnada Q o ç u Ә s g ә r və başqa adamlar gəlib, M ә ş ә d i İ b a d l a birlikdə hasarın dalında dayanıb baxırlar.

M ә ş ә d i İ b a d. Eşidirsiniz? Bayatı oxuyur.

Bunlar hasarın deşiklərindən baxırlar.

G ü l n a z.

Aləmi pərvanəyi-şəmi-camalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Ә s g ә r. Oxa! Qız da oxuyur ki!
M ә ş ә d i İ b a d. İndi gördünmü iş nə haldadır?
Ә s g ә r. Məşədi İbad, bir bəri zəhmət çək (qabağa gətirib, nə isə deyir).
S ә r v ә r.

Çıxma, yarım, gecələr, əğyar tənindən sakın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Ә s g ә r. İki min manat pul verərsən: bir min mənim, bir min də yoldaşlarımın.
M ә ş ә d i İ b a d. Mən yazıq bir o qədər pulu sənə haradan verim?
Ә s g ә r. Özün bil, istərsən çıxaq gedək. Sən də camaat içində biabır ol. Heç kəs də sən ilə alver etməz. Sənin kimi binamus adamı biz heç içimizə qoymarıq. Adə, gedək!
M ә ş ә d i İ b a d. Bir bura bax. Yaxşı, verərəm. Sabah gəl pulları apar, amma indi bircə əvvəl bu oğlanı öldür, yoxsa onun səsini eşitdikcə bağrım çatlayır.

M u s i q i

Q o ç u l a r.

Ey kimsən orda, aç qapını!
Aç qapını, gələk səni öldürək!

M u s i q i

Pişto doludur, hazır etmişik,
Aç qapını, gələk səni öldürək!
Ey, kimsən orda, aç qapını!
Aç qapını, gələk görək kimdir o,
Ey kimsən, ey, aç qapını!
Aç qapını, gələk səni öldürək!

G ü l n a z.

Ax, Sərvər, qorxuram, səni öldürər bunlar.
Gəl tez buradan qaçaq, tez-tez, gedək özgə şəhərə.

Ah, Sərvər, qorxuram,
Açma gəl qapını sən.
Yoxsa səni öldürər
Qoçunun gülləsi.
Gəl bəri, Sərvər, gəl!

Q o ç u l a r.

Aç qapını!

S ә r v ә r.

Söyləyin görüm bir siz,
Nə istəyirsiniz məndən?
Nə lazım sizə bu evdən,
Ta xəlqin qapısından.
Qorxmuram mən sizdən,
Hər nə bilsəniz edin!
Yaxşısı budur, siz gedin,
Öz iş-gücünüzə.

Q o ç u l a r.

Sənsən Məşədi İbadın
Gəlinin əlindən alan.
Sənsən xəlqin evin yıxan.
Səndə vardır çox günah,
Gəldik səni öldürək.
Ta kim, Məşədi xoş olsun.
Biz də ondan pul alaq,
Eyşü işrətə məşqul olaq
Ondan biz!

Ә s g ә r (qoçulara). Çıxardın piştoları, hazır olun! Mən bir, iki, üç dedikdə siz atın! Hazır olun! Bir … iki….

S ә r v ә r fit çalır, qaradovoy çağırır. Q o ç u l a r həmən saat qoyub qaçırlar. H a m b a l ilə M ә ş ә d i İ b a d dəxi qaçırlar. S ә r v ә r gülür.

G ü l n a z. Ax, qorxudan ürəyim üstümdə durmur.
S ә r v ә r. Heç qorxma, bəri gəl, gedək otağa (Gedirlər).

Bu əsnada R ü s t ә m bəy küçədə vaqe olub, həyətə girmək istəyir.

R ü s t ә m b ә y. Hərçənd Məşədi İbadın bir-ikimin manat qulağını kəsdim, amma Gülnaza yazığım gəlir. Binəva bədbəxt olacaqdır. Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun.

İstəyir ki, içəri girsin, bu əsnada S ә r v ә r dəxi həyətdən çıxır. Bunlar bir-birini görüb, bir qədər təәccüb ilə baxışırlar.

R ü s t ә m b ә y. Sən kimsən və mənim evimdə nə qayırırsan?
S ә r v ә r. Mən bir student babayam və sənin evində heç nə eyləmirəm.

G ü l n a z ilə S ә n ә m çıxırlar.

R ü s t ә m b ә y (acıqlı). Bu saat de görüm, nə cürət edib mənim evimə gəlibsən?
G ü l n a z. Öldürəcәkdir, hamımızı qıracaqdır.
S ә n ә m. Allah, sən saxla, yazığıq!…
S ә r v ә r. Mən sənin evinə heç vaxt gəlməzdim, hərgah sənin qızına aşiq olmasaydım və sənin qızın da mənə aşiq olmasa idi.
R ü s t ә m b ә y (hirs ilə). Bu nə sözdür danışırsan? Nə cürət edirsən? Bu saat başına bir patron çaxaram ki, beynin dağılar.
S ә r v ә r. Patronu mən özüm çaxacağam.
R ü s t ә m b ә y. Kimə?
S ә r v ә r. Özümə!
R ü s t ә m b ә y. Bu nə sözdür!
S ә r v ә r. Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam.
R ü s t ә m b ә y (acıqlı). Sən mənim qızımı öldürə bilməzsən!
S ә r v ә r. Sənin xəbərin olmayacaqdır.
R ü s t ә m b ә y. Neçün?
S ә r v ә r. Çünki əvvəlcə səni öldürəcәyəm.
R ü s t ә m b ә y. Bu nə danışır, ədə, dəlidir nədir?
S ә r v ә r. Bax, sən bu qızı bədbəxt eyləmək istəyirsən. Amma mən, Sərvər, sən Rüstəm bəyə deyirəm ki, hərgah bunu mənə verməsən, onda bir güllə sənə, bir güllə qıza və bir güllə də özümə vuracağam! (Gedir).
R ü s t ә m b ә y. Bacı oğlu, bir bura bax! Axı, mən özgəsinə söz vermişəm, iş işdən keçibdir.
S ә r v ә r. Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm.
R u s t ә m b ә y. Nə tövr düzəldərsən?
S ә r v ә r. Əvvəl de görüm, acığın soyudumu?
R ü s t ә m b ә y. Soyudu.

S ә r v ә r əyilib onun qulağına nə isə deyir.

R ü s t ә m b ә y. Əşi, qoy görək! Eylə də iş olarmı?
S ә r v ә r. Sənin canın üçün, mən düz deyirəm, razısanmı?
R ü s t ә m b ә y. Yaxşı, razıyam, amma bəlkə baş tutmadı?
S ә r v ә r. Onda qızı hər kəsə istəyirsən ver!
R ü s t ә m b ә y. Çox gözəl!
S ә r v ә r. Amma sən Məşədi İbada heç bir söz demə və onu tələsdir ki, tez toyu eləsin.
R ü s t ә m b ә y. Çox gözəl, deyəsən ağıla batan şeydir, görək?
S ә r v ә r. Bax, əyər iş tutdu-tutdu və illah tutmadı….

M u s i q i

H a m ı.

Babalı Sərvərin boynuna. (2 dəfə)

S ә r v ә r.

Əyər işi düz eləməsəm….

R ü s t ә m b ә y.

Düz eləməsən….

S ә r v ә r.

Gər bacarmasam….

R ü s t ә m b ә y.

Gər bacarmasan….

H a m ı.

Babalı Sərvərin boynuna. (2 dəfə)

Musiqi çalınır, oynayırlar və sonra gedirlər. M ә ş ә d i İ b a d pərişan və pəcmürdə bir hal ilə küçədə vaqe olur, hambal da dalınca.

M u s i q i

M ә ş ә d i İ b a d (bayatı oxuyur).

Ayrı düşdüm yarımdan,
Əl çəkmişəm canımdan,
O qədər başımı itirmişəm ki,
Adım çıxıb yadımdan.

H a m b a l.

Mən aşiq o kəndə də,
Belə o kəndə də, bu kəndə də.
Belə əcəb oğlan qoyub getmisən
A bu kişini əkən dədə!

Küçə a d a m l a r ı hamısı buraya yığılırlar.

M ә ş ә d i İ b a d.

İşlərim hamısı zülm getdi.
At axtardım çulum getdi.
Cavan qıza bel bağladım,
Beş min manat pulum getdi.

M u s i q i

A d a m l a r.

Əvvəldən aşina idin, yad oldun nədən? (2 dəfə)
Səni qoydu qaçdı o nazik bədən!

Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz!
Aman, aman, aman, aman,
Ay belə iş olmaz, bala,
Heç belə iş olmaz!

M ә ş ә d i İ b a d.

Əvvəldən bilsəydim verməzdim pulu, (2 dəfə)
Xəlqin eyləməzdim cibini dolu.
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!
Aman, aman, aman, aman!…
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!

A d a m l a r.

Dedin qocalıqda bir qız alasan, (2 dəfə)
Cavan qızı alıb evə salasan.
Ay belə is olmaz!…

H a m b a l. A Məşədi, belim sınıbdır, sən gəl bir abbası da verginən.
M ә ş ә d i İ b a d (lap azarlı kimi). A gedə, rədd ol başımdan! Mən nəyin dərdindəyəm, sən nəyin dərdindəsən. Təki mənim də dərdim sənin kimi bir abbası olaydı.

Millətpərəst H ә s ә n q u l u b ә y gəlir.

H ә s ә n q u l u b ә y. Məşədi İbad, salamünəleyküm. A kişi, bu nə işdir? Eşitdim ki, qızın iki adaxlısı vardır?
M ә ş ә d i İ b a d. A Həsənqulu bəy, sən allah, indi insaf eləyin. Sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm?
H ә s ә n q u l u b ә y. Dedi!
M ә ş ә d i İ b a d. Sonra məni evinə çağırmadı?
H ә s ә n q u l u b ә y. Çağırdı!
M ә ş ә d i İ b a d. Siz də qonaq gəlmədiniz?
H ә s ә n q u l u b ә y. Gəldik!
M ә ş ә d i İ b a d. Qonaqlıqda məni mübarəkbad eləmədiniz?
H ә s ә n q u l u b ә y. Elədik!
M ә ş ә d i İ b a d. Birisi də mənə orada meymun demədi?
H ә s ә n q u l u b ә y. Dedi.
M ә ş ә d i İ b a d. Mən də onunla dalaşmadım?
H ә s ә n q u l u b ә y. Dalaşdın!
M ә ş ә d i İ b a d. Siz də bizi aralaşdırmadınız?
H ә s ә n q u l u b ә y. Aralaşdırdıq!
M ә ş ә d i İ b a d (bərkdən). Bəs bu nə kələkdir ki, Rüstəm bəy mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir.
H ә s ә n q u l u b ә y. Sən heç qəm eyləmə. İşi düzəltmək asandır. İstərsən mən düzəldərəm!
M ә ş ә d i İ b a d. A kişi, atana allah rəhmət eyləsin, düzəlt, düzəlt yoxsa əhvalım çox pərişandır.
H ә s ә n q u l u b ә y. Çox gözəl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdə bir balaca pul lazımdır.
M ә ş ә d i İ b a d (təәccüb ilə). Nә? Beş yüz manat pul verim?!
H ә s ә n q u l u b ә y. Əlbəttə, pulsuz olmaz ki!…
M ә ş ә d i İ b a d. Ә kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim!
H ә s ә n q u l u b ә y. Özün bilərsən, amma mən belə güman edirəm ki, beş min manat verən adam, beş yüz də verə bilər, artıq pul deyildir.
M ә ş ә d i İ b a d (əlini qoynuna salıb pul çıxardır). Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün də mənə iki yüz boşlusan, elədi beş yüz.
H ә s ә n q u l u b ә y. Hә!… İndi işi düzəldərəm, ancaq sən bir qəzetçi Rzanı da gör, çünki Rüstəm bəy qəzetədən çox qorxan adamdır. (Baxır). Aha, budur, özü də gəlir.

R z a vaqe olub Həsənqulu bəyə baş əyir və Məşədi İbadın yanına gedir.

R z a bə y. Salamünəleyküm, Məşədi! A kişi, bu nə əhvalatdır, deyirlər ki, qızın iki adaxlısı var imiş!
M ә ş ә d i İ b a d: Ay Rza bəy, səndən bir təvəqqəm var, sən gəl qələmi al əlinə və bu əhvalatı qəzetdə yaz, Rüstəm bəyi biabır eylə, çox təvəqqə edirəm!
R z a b ә y. Bağışlayın, Məşədi, mən onu eyləyə bilmərəm!
M ә ş ә d i İ b a d. Neyçün?
R z a b ә y. Çünki o cür şey mənim məsləkimə müğayirdir, bu iş sənin öz xüsusi işindir, camaata nə dəxli var qəzetdə yazam?!
M ә ş ә d i İ b a d. A kişi, vallah, elə bunun özü qəzet əhvalatıdır.
R z a b ә y …. Yox, Məşədi. Mən bacarmaram və heç vaxt müğyir-məslək iş görə bilmərəm!
M ә ş ә d i İ b a d (əlini cibinə salıb, bir yüzlük çıxardır və guya kağız əvəzinə göstərir.). A kişi; axır bu bir parça kağızı yazmaq çətin şeydirmi?
R z a b ә y (pulu görür). Hә!… Bu başqa məsələdir, indi başa düşdüm ki, sən nə deyirsən; yazaram, çox yaxşı yazaram!
M ә ş ә d i İ b a d. Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə zad eyləsin….. Adı nədir?!… Siz ona nə deyirsiniz?
R z a b ә y. İzhari-nifrət!
M ә ş ә d i İ b a d. Hə, hə!… İzhari-nifrət, izhari-nifrət!

Bu halda intelligent H ә s ә n gəlir.

H ә s ә n b ә y. Sən keçən səfər məni askarbit eləmişsən, zato mən səni suda çəkmişəm.
M ә ş ә d i İ b a d. A kişi, sən allah, əl çək məndən. Mənə meymun dedin bəs deyil, sonra da suda çəkirsən?!
H ә s ә n b ә y. Xeyr, əl çəkmərəm, gərək sudda cavab verəsən.
M ә ş ә d i İ b a d. Ay camaat, mən burda öz həşrimə qalmışam, bu da gəlibdir ki, səni suda çəkirəm!
H ә s ә n q u l u b ә y. (Məşədini bəri çəkir). Məşədi, ağzına bir şey ver, rədd olsun!
M ә ş ә d i İ b a d. Yəni buna da pul verim?
H ә s ә n q u l u b ә y. Bir əlli manat ver, əl çəkər.
M ә ş ә d i İ b a d (çıxardır). Ala, ala, rədd ol bas?mdan!…
H ә s ә n b ә y. Eto druqoye delo. Ərizəmi geri alaram.
M ә ş ә d i İ b a d. Diriqoy, ya qeyri diriqoy….
H a m b a l. A Məşədi, bu qədər xəlqə pul paylıyırsan, mənə də bir abbası ver, belimi sındırbısan!
M ә ş ә d i İ b a d. Əşi, rəddə o ol yana, bir sən qalmışdın ki, məni soyasan. (Yüyurür hambalın üstə, hambal qaçır, amma sonra yenə gəlir).
H ә s ә n q u l u b ә y. Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Axı belə iş olmaz ki, Rüstəm bəy eyləyir, bu kişi də axı yazıqdır. Pulu gedir, özü də biabır olur. Gəlin bu saat Rüstəm bəyi bura çağıraq və onunla seryoznı danışaq!
H a m ı. Əlbəttə, əlbəttə.

Qapını döyürlər. R ü s t ә m b ә y gəlir.

M u s i q i

Böylə olmaz ki, sən aldadasan bizi,
Sən verirsən qızı
Özgə adama ərə getsin. (2 dəfə)
Bəs bu kişi yazıq necə etsin? (2 dəfə)

M ә ş ә d i İ b a d.

Alaha and olsun, budur deyirəm:
Qızı mənə, qızı mənə gərək verəsən.
Verməsən hərgah, eylərəm bədnam,
Çünki mən bir adamam, baxmaram bəyə.

H a m ı. Böylə olmaz ki, sən…. (i.a….).
R ü s t ә m b ә y. Sözün doğrusu, mən qanmıram ki, siz nə deyirsiniz!
M ә ş ә d i İ b a d. Necə qanmırsan? Mənim pulumu yeyib, yalandan deyirsən ki, qızı sənə verəcәyəm, amma özgəsinə verirsən.
R ü s t ә m b ә y. Kim deyir onu?
M ә ş ә d i İ b a d. Öz gözümlə gördüm ki, sənin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, ədə, sən kimsən, dedi: mən qızın adaxlısıyam!
R ü s t ә m b ә y. Ha, ha, ha!… O kişi zarafat edibdir. Bilirsənmi o kimdir? O qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir. Sən də inanırsan və bir də (onlara) Həsənqulu bəy, Rza bəy, sizin üçün eyb olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Mən çox inciyirəm.
H ә s ә n q u l u b ә y. Rüstəm bəy, vallah, bağışla bizi, Məşədi İbad yoldan çıxartdı.
R z a b ә y. Sən alah incimə bizdən, burada, rus demişkən, nedarazumeniya əmələ gəlibdir.
M ә ş ә d i İ b a d (Rüstəm bəyə tərəf gedib, əlindən tutur). Bağışla, bəy, allah səndən razı olsun ki, bizi şəkki-şübhədən çıxartdın. Amma, vallah, əhvalım çox pərişan olmuşdu. Ә kişi, mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə şey eləməz. Qərəz ki, allah şeytana lənət eyləsin! (Gülə-gülə). Rüstəm bəy mən istəyirəm ki, toyu bu günlərdə başlayam. Nə deyirsən?
R ü s t ә m b ә y. Çox da yaxşı olar, nə qədər tez olsa, bir o qədər yaxşıdır.
M ә ş ә d i İ b a d. Onda mən bu gün istixarə elətdirərəm, bu yaxın xoş günlərin birində toyumuzu başlarıq.
H a m ı. Allah mübarək eyləsin! Məşədi İbad toy hamamında bir yerdə çimək.
M ә ş ә d i İ b a d. İnşaallah, bir yerdə çimərik. (Kənara). Bu şərtlə ki, hamam pulu sizdən.

H a m ı.

Məşdi İbad, çox mübarək olsun!
Toyun sənin çox mübarək əst! (2dəfə)

M ә ş ә d i İ b a d.

Çox cağ olun, çox da razıyam,
Zəhmət çəkib iş düzəltdiniz.

H a m ı.

Məşdi İbad, çox mübarək olsun!
Toyun sənin çox mübarək olsun!
Çox mübarək olsun, çox mübarək olsun!
Olsun, olsun, olsun, olsun!…

P ә r d ә