O olmasın, bu olsun/Birinci məclis

Vikimənbə saytından
O olmasın, bu olsun. Birinci məclis
Müəllif: Üzeyir Hacıbəyov
İkinci məclis


R ü s t ә m b ә y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar.

M u s i q i

H a m ı.

Nə sözdür kim, deyir məxluq (2 dəfə)
Ki, Leyli oldu ğeyrə jap. (2 dəfə)

M u s i q i

Əbəs sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

M u s i q i

Həqiqi aşiqin yoxdur (2 dəfə)
Rəqibi, düşməni, xari. (2 dəfə)

M u s i q i

Əbəs sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

Pərdə enir. Hamı dağılır. S ә r v ә r ilə G ü l n a z qalırlar. Tarda segah çalınır, pərdə qalxır.

S ә r v ә r (oxuyur).

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

G ü l n a z.

Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

S ә r v ә r.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

G ü l n a z.

Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

S ә r v ә r.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor.

G ü l n a z (danışır). Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər?
S ә r v ә r. Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm.
G ü l n a z. Nə olub, söylə görək?
S ә r v ә r. O olubdur ki, atan səni bir özgəsinə ərə vermək istəyir….
G ü l n a z (qorxu ilə). Kim deyir onu?
S ә r v ә r. Mən deyirəm, doğru yerdən bilmişəm.
G ü l n a z. Bəs atam mənə heç zad deməyibdir.
S ә r v ә r. Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcәkdir, sənin borcun onun sözünə qulaq asmaqdır.
G ü l n a z (acıqlı). Yox-yox, mən səndən başqa özgəsinə ərə getməyәcəyəm; qoy məni öldürsün, mən səni sevmişəm, sənə də gedəcәyəm.
S ә r v ә r. Axı o ər məndən dövlətlidir.
G ü l n a z. Cəhənnəmə olsun.
S ә r v ә r. Məndən gözəldir.
G ü l n a z. Çox mənə lazımdır!
S ә r v ә r. Məndən cavandır.
G ü l n a z. İstər lap uşaq olsun, lazım deyildir.
S ә r v ә r (gülür). Yalan deyirəm, gözəlim Gülnaz! O kişi, doğrudur, məndən min kərrə dövlətlidir, amma özü qocadır, azından bir əlli yaşı vardır. Görsən qorxarsan.
G ü l n a z. Bax, mən daha səbr edə bilmirəm: günü bu gün atama deyəcәyəm ki, mən səni sevnrəm və səndən başqasına ərə getməyәcəyəm.
S ә r v ә r. Yox, Gülnaz, heç elə eləmə! Sən mən deyənə qulaq as, yoxsa iş düz gətirməz. Mən bilirəm ki, sənin atan borclu düşübdür və pula da çox ehtiyacı vardır. O istəyir ki, bu qohumluqla o kişidən ki, adı Məşədi İbaddır, bir qədər pul yesin. Zərər yoxdur, qoy yesin. Sən atana heç bir söz demə və söz açsa deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur, mən bu işə təhər çəkmişəm.
G ü l n a z (bikef). Mən nə tövr razı olum ki, məni götürüb özgəsinə ərə versin.
S ә r v ә r. Sən o barədə arxayın ol, məndən başqa səni özgəsi ala bilməz, amma sən mən deyənə qulaq as!

Bu halda S ә n ә m daxil olur.

S ә n ә m. Bircə o gün ola idi ki, sizin toyunuzda süzə-süzə oynaya idim.
S ә r v ә r. İnşaallah, bu yaxında oynarsan.
S ә n ә m (sevinir). Necә? Yaxında toy eyləyirsənmi?
S ә r v ә r. Yox, mən eyləmirəm, Rüstəm bəy Gülnazı özgəsinə ərə verir.
S ә n ә m (bikef). Buy…. Başıma xeyir! Bu nə sözdür? O ər kimdir?
S ә r v ә r. Bir qoca kişidir.
S ә n ә m. Buy!… Ağrım onun ürəyinə! Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi?
S ә r v ә r. Zərər yoxdur, mən işi özgə cürə düzəldərəm. Gülnaz, sən bikef olma. Arxayın ol, kimin ixtiyarı var ki, yarı yarından ayıra bilsin.

M u s i q i

Ü ç ü b i r y e r d ә.

Əcəb sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına.(2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

Q a p ı döyülür.

S ә n ә m. Ax, deyəsən ağa gəlir. (Yüyürüb qapıdan baxır). Ay aman, ağa gəlir; dur qaç!
S ә r v ә r (tələsik). Gülnaz, hələ ki, xudahafiz. Sən mən deyəndən çıxma, atana başqa, söz demə.
G ü l n a z. Xudahafiz.

S ә r v ә r gedir.

M u s i q i

R ü s t ә m b ә y (daxil olur).

Qızım, sənə yaylıq alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ә m b ә y.

Qızım, sənə başmaq alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ә m b ә y.

Qızım, sənə corab alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ә m b ә y.

Qızım, sənə tuman alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ә m b ә y.

Qızım, səni…. Qızım, səni….
Qızım, səni ərə verim!

G ü l n a z.

Yox, dədə, qurbanın olum!
Yox, dədə qurbanın olum!

M u s i q i

R ü s t ә m b ә y (danışıq). Qızım, yox deyirsən? Sənin üçün bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət nə dövlət, pul, saman kimidir! Özüdəcə abırlı bir kişidir. Hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraq ilə axtarsan tapa bilməzsən!
S ә n ә m. Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də!
R ü s t ә m b ә y. Ay qız, sən qıfılla, sən danışma, sən bu cür işləri anlamazsan, çünki sən bir heyvan layələmsən!
S ә n ә m. Nə qədər heyvan olsam da, mən cavan qızımı qoca kişiyə ərə vermərəm! Heyf deyilmi? Vallah, bu saat onun dərdindən ölən cavanlar çoxdur ki, hər biri bir Yusif!
R ü s t ә m b ә y. Nə vaxt mən səni qoca kişiyə ərə versəm, getmə! Qız mənimdir, mən bilirəm: istərəm qocaya verərəm, istərəm cavana! (Qıza) Razısanmı, qızım?
G ü l n a z. Nə deyirəm, mənim borcum ata sözünə baxmaqdır, özün bilərsən!
R ü s t ә m b ә y. Ağıllı qızım, gözəl qızım! Mən əvvəldən bilirdim ki, sən mənim sözümdən çıxmayacaqsan. Odur ki, kişiyə söz vermişəm, indi o kişi bu gün buraya gələcəkdir və səni də görmək istəyәcəkdir. Mən sənə izn verirəm ki, sən gedib onun ilə görüşəsən. Get görüş və özün də danış, qorxma!
S ә n ә m. Yəni batmış bu qədər çirkindir ki, adam qorxa da bilər?
R ü s t ә m b ә y. Ay qız, gəl sən danışma!
S ә n ә m. Axı deyirsən ki, qorxma, mən də soruşuram ki….
R ü s t ә m b ә y. Ay qız, yum ağzını!
S ә n ә m. Ağzımı yummamış, nə deyirəm ki?!
R ü s t ә m b ә y. Ay heyvan, danışma deyirəm!
S ә n ә m. İndi mən nə deyirəm ki, acığın tutur.
R ü s t ә m b ә y. A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində!
S ә n ә m. İndi mən nə deyirəm ki, pis söz demirəm ki?!
R ü s t ә m b ә y. Ay qız, kəs səsini!
S ә n ә m. Səsimi kəsməmiş mən nə deyirəm ki….
R ü s t ә m b ә y (lap bərkdən). Ay qız, de qoy işimizi görək!
S ә n ә m. Mən nə qayırıram ki….
R ü s t ә m b ә y (daha bərk). A qız!…

Bu əsnada q a p ı bərk döyülür.

R ü s t ә m b ә y. Durun gəlin bəri, yəqin kişi gəldi.

H a m ı s ı durub gedir.

M u s i q i

M ә ş ә d i İ b a d (daxil olur).

Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana.
Çörəyi yemərəm mən yavana.
Yaxşı demərəm mən yamana,
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.
Gəl, xanım, gəl yanıma,
Gəl, canım, gəl yanıma,
Gəl, yarım, gəl yanıma.
Gəl, mən ölüm, mən ölüm, mən ölüm gəl!… (2 dəfə)
A quzum, gəl yanıma,
Canımı verərəm mən yarıma.
Qurban edərəm mən canana
Malımı, pulumu, canımı mən.

M u s i q i

Yenə təkrar "Gəl, xanım, gəl yanıma".

M u s i q i

R ü s t ә m b ә y (daxil olur).

Məşdi İbad, sən bizə xoş gəlib, bizi şad elədin!
Bir de görüm nə oldu ki, nə oldu bizi yad elədin?

M ә ş ә d i İ b a d.

A kişi, sən öl, mən səni hamıdan artıq yad elərəm,
Sən qızı mənə vergilən, gör necə səni şad elərəm.

Musiqi çalınır, i k i s i də oynayır.

R ü s t ә m b ә y.

Söylə görüm bir mənə,
Cib doludurmu pul ilən?
Gəl sənə mən qız verim,
Nə işin vardır dul ilən.

M ә ş ә d i İ b a d

A kişi, sən öl, mən sənə
Nə qədər desən pul verərəm,
Sən qızı mənə vergilən,
Gör necə səni şad elərəm.

Musiqi çalınır, ikisi də oynayır.

M ә ş ә d i İ b a d. Pul verimmi?
R ü s t ә m b ә y. Vergilən!
M ә ş ә d i İ b a d. Qız verərsənmi?
R ü s t ә m b ә y. Verərəm!
M ә ş ә d i İ b a d. Tez verimmi?
R ü s t ә m b ә y. Vergilən!
M ә ş ә d i İ b a d. Tez verərsənmi?
R ü s t ә m b ә y. Verərəm!
M ә ş ә d i İ b a d. Degilən sən öl!
R ü s t ә m b ә y. Bu sən öl!
M ә ş ә d i İ b a d. Bəs elə isə?
R ü s t ә m b ә y. Ver əlini!
M ә ş ә d i İ b a d. Bəs elə isə?
R ü s t ә m b ә y. Ver əlini!
M ә ş ә d i İ b a d. Degilən sən öl!
R ü s t ә m b ә y. Bu sən öl!
M ә ş ә d i İ b a d.

Bəs elə isə?

R ü s t ә m b ә y.

Ver əlini!

Musiqi çalınır, ikisi də oynayır.

M ә ş ә d i İ b a d (danışıq). İndi axır sözünü de görüm, qızı mənə verirsənmi? Yoxsa vermirsən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun!
R ü s t ә m b ә y. Mən öz sözümün üstündə duran adamam. Ancaq sən də gərək qabaqca bir balaca tədarük görəsən. (Əli ilə pula işarə edir).
M ә ş ә d i İ b a d.

Min manat sənə bəsdirmi?

R ü s t ә m b ә y.

Min də üstə artır.

M ә ş ә d i İ b a d. A kişi, axı bunun bir anbar da toy xərci var.
R ü s t ә m b ә y. Doğrudur, ancaq nə eləmək? Hərgah bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyf ki, qocasan, taxsır özündədir.
M ә ş ә d i İ b a d. A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğu burma cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra verərəm (pul çıxardıb verir).
R ü s t ә m b ә y. Olar (pulu alır). Zərər yoxdur.
M ә ş ә d i İ b a d. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?
R ü s t ә m b ә y. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (gedir).
M ә ş ә d i İ b a d. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!… (Sükut). A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır). Allaha şükür, dişlərim hamısı cabəca, saqqalım da qapqara şəvə kimi. (Diqqət ilə baxır). Deyəsən burda bir dənə ağ tük vardır. Gərək dartam çıxsın. (Dartır). A zəhrimar!… Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. (Cıxardır). Puf!… Rədd ol, sarlatan!… Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə, mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya. (Güzgüyə baxıb ora-burasını düzəldir). İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin: Hərgah belə qoysam (gəc qoyur), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (gözünün üstə qoyur), onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cürə qoysam (lap dalı qoyur), onda qızın məndən zəhləsi gedər. Elə bilər ki, Gəncə qumarbazıyam, əgər belənçik qoysam (təpəsinə qoyur), onda da Şamaxı lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam. Doğrudan da, mən bir qədər abrazavannıyam, çünki uruslar mən ilə çox alış-veriş eləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto katu, bajaluska, funt vosim qəpik, menşi nelza, nelza (Səs gəlir). Aha, deyəsən qız gəlir; indi gərək mən seryoznıski olam. (Bir kreslo üstündə bardaş qurub oturur.)

G ü l n a z ilə S ә n ә m daxil olur.

G ü l n a z. Uy, mən bu kişidən qorxuram!
S ә n ә m. Nə kifir kişidir, ay allah!
M ә ş ә d i İ b a d (kənara). Deyəsən, məndən qorxurlar. Zərər yoxdur; arvad kişidən qorxsa yaxşıdır. (Onlara). Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız?
S ә n ә m. Mən qulluqçuyam, bu xanımdır. (Otururlar).
M ә ş ә d i İ b a d. Çox gözəl, çox əcəb! (Kənara). Heç qulluqçunun özü də yaman deyildir, amma xanıma söz yoxdur. Dəyər verdiyim pullara. (Sükut. Heç kəs dinməyir. Məşədi İbad birdən-birə gözlərini Gülnazın başına tərəf dikib, diqqət ilə baxır). Xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan.
G ü l n a z. Xeyr, həna qoymuram!
M ә ş ә d i İ b a d. Hә!… Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (Kənara). Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi.
G ü l n a z. Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacı ola.
S ә n ә m. Allaha şükür, xanım qocalmayıb ha!
M ә ş ә d i İ b a d (tələsik). Xeyr, xanım, mənim də saqqalım ağarmayıbdır. Mən saqqalıma həna qoydum, qoymadım həmişə qapqara şəvə kimidir. Amma mən bir növ adətkardə olmuşam və fars da deyir ki, "tərki-adət bə movcibi mərəzəst". (İrəli gəlir.) Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyərdi ki, başımın hənasının vaxtı keçəndə başım ağrıyır. Çünki adətkardə olmuşdur.
G ü l n a z. Yəqin sizin də saqqaqlınızın hənasının vaxtı keçəndə ağrıyır.
M ә ş ә d i İ b a d. Bəli, ağrıyır. Saqqalım bərk ağrıyır; bir də, mən sənə deyim, insanın başının, ya saqqalının ağlığı onun qocalığına dəlalət eyləməz. Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi; halbuki iki yaşında uşağa qoca demək olmaz. Və bir də siz mənim başıma diqqət edin, heç görün bir dənə ağ tük varmı? (Başını göstərir).
G ü l n a z. Heç qarası da yoxdur.
M ә ş ә d i İ b a d. Bəs bundan məlum olur ki, insan cürbəcür olar. Sizin ikinizin də canı üçün, indi dünya elə dönübdür ki, indiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Məsələn, mən tarix-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. İnsanın zahiri nə qədər çirkin olsa, batili bir o qədər gözəl olar. Məsəl var ki, deyərlər: o olmasın, bu olsun. Əlbətə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər.
S ә n ә m. Görünür ki, sənin çox pulun vardır.
M ә ş ә d i İ b a d. Sənin dövlətindən kefim çox kökdür. (Əlini cibinə salıb, bir abbası çıxardır). Buyur, bu abbasını saxla, lazım olar saqqıza verib çeynərsən.
S ә n ә m. Xeyr, çox sağ ol, pul lazım olsa, ağam verər.
M ә ş ә d i İ b a d. Aha, o başqa məsələ. (Pulu qoyur cibinə). Heç pis arvad deyildir. (Ona). Bir mənə de görüm sənin ərin var?
S ә n ә m. Xeyr, yoxdur.
M ә ş ә d i İ b a d. Çox gözəl. (Kənara). Qabaqdan bilsəydim əvvəlcə bunu alardım, sonra xanımı! (Ona). Kefin necədir, yaxşı dolanırsanmı?
S ә n ә m. Nə üçün, şükür allaha, yaxşıyam.
M ә ş ә d i İ b a d. Çox gözəl. (Gülnaza). Xanım, heç sən danışmırsan?
G ü l n a z. Mən qulaq asıram.
M ә ş ә d i İ b a d. Çox gözəl. Qulaq asmaq da yaxşı şeydir. (Kənara). Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Şair çox gözəl deyibdir ki (oxuyur):

Hüsn bağında gəzəsən,
Gülü sünbül dərəsən.
Sən kimi bir gözəli
Bağın içində görəsən.

G ü l n a z. Baxasan gül yanağına, olasan məstu xumar.
B i r y e r d ә. Deyəsən heç bir işrət olmaz, sən öləsən!

M u s i q i

S ә n ә m.

Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək?
Qorxmayırsanmı ki, axırda gələ başa kələk.

G ü l n a z.

Sənə yüz yaşlı dul arvad yaraşar, ey dəyənək!

B i r y e r d ә. Üzünü it də görərsə yalamaz, sən öləsən!

M u s i q i

M ә ş ә d i İ b a d.

Görürəm kim, mənə sən çox yetirirsən gözünü.
Qorxuram kim, ki axırda itirəsən özünü.

G ü l n a z.

İstəyirsənmi, sözün mən deyərəm lap düzünü,

B i r y e r d ә. Sən kimi bir qocaya qız yaramaz, sən öləsən!

G ü l n a z (Dururlar). Hələ ki, xudahafiz, biz gedək.
M ә ş ә d i İ b a d. Ay çox sağ olun, allah pənahında olasınız! (Gedirlər). Bir dəli şeytan deyir ki, ikisini də birdən al!
R ü s t ә m b ә y (daxil olur). Necədir, qızı bəyəndin?
M ә ş ә d i İ b a d. Qızı da bəyəndim, hələ desən qulluqçunu da!
R ü s t ә m b ә y. Bir beş-altı yüzdən keç, onu da sənə peşkəş eləyim.
M ә ş ә d i İ b a d. Yox, o hələ sonranın işidir. Yaxşı, indi hələ ki, mən getdim!
R ü s t ә m b ә y. Yox, Məşədi, bir az dayan!
M ә ş ә d i İ b a d. Nə var ki?
R ü s t ә m b ә y (yalançı sədaqət ilə). Məşdi İbad, sənin üzünə demirəm, amma, sən bunu bil ki, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq edək. Bir neçə nəfər dost-aşna cağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik.
M ә ş ә d i İ b a d. Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəyki, mənə iki min manat pul verəcәkdir və səkkiz yüz otuz altı manat on dörd şahı mamiləsi edir, keçən gün mənə deyirdi ki, bir qızım olubdur, qoy böyüsün, sənə verəcәyəm. Amma mən hər adamla qohum olmaq istəmirəm. Qərəz…. Qonaqların kimdir?
R ü s t ә m b ә y. Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan.
M ә ş ә d iİ b a d. Yaxşı tanıyıram, mənə iki yüz manat da verəcәkdir.
R ü s t ә m b ә y. Birisi qəzetçi Rzadır ki, tanıyırsan, birisi qoçu Əsgərdir ki, onu da tanıyırsan. Biri də intelligent Həsəndir ki, onu tanımazsan. Çünki o bir qədər mərdimgirizdir, çox oxuyub deyən bir qədər başı xarab olubdur. (Qapı döyülür). Aha, gəldilər. Buyurun-buyurun!

Qapı açılır, H ә s ә n q u l u b ә y, R z a, Ә s g ә r, H ә s ә n və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç, durub, guya söhbət edir kimi oxuyurlar

M u s i q i

H ә s ә n q u l u b ә y.

Deyirlər ki, toy olacaq.

R z a b ә y.

Məşdi İbad qız alacaq.

Ә s g ә r.

Söylə görüm toy haçandır?

H ә s ә n b ә y.

Doğrudurmu toy olacaq?

H a m ı.

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

R ü s t ә m b ә y.

Allah qoysa, tez toy olar.

R z a b ә y.

Söylə görüm toy haçandır?

M ә ş ә d i İ b a d.

İnşallah, tez toy olar.

H ә s ә n b ә y.

Doğrudurmu toy olacaq?

H a m ı.

Bəs nə vədə, bəs nə vədə toy olacaq. (2 dəfə)

H ә s ә n q u l u b ә y.

Yəqindir ki, bu toyda….

Ә s g ә r.

Bu toyda….

H ә s ә n b ә y.

Bu toy, bu toy, bu toyda….

H a m ı.

Cib dolacaq, dolacaq pullar ilən. (2 dəfə)
Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

M u s i q i

R ü s t ә m b ә y. Həzərat! Əhvalat özünüzə məlumdur. Mən gözümün ağır-qarası olan bir qızımı, bax, bu kişiyə ərə verirəm.
R z a b ә y (kənara). Kişiyə yox, kişinin puluna.
R ü s t ә m b ә y. Və özüm də bu qohumluğu özüm üçün….
R z a b ә y. Pul dağarcığı hesab edirəm.
R ü s t ә m b ә y. Böyük bir şərəf hesab edirəm.
H a m ı. Əlbəttə, əlbəttə. Allah mübarək eləsin!

Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stakan və "zakuska" düzürlər.

R ü s t ә m b ә y. Həzərat! Təvəqqə edirəm stola əyləşin; bir qədər boğazımızı yaş edək.

Hamı oturur, M ә ş ә d i İ b a d d a n başqa.

R z a b ә y. Bəs Məşdi İbad?
M ә ş ә d i İ b a d, Xeyr məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məşğul olun, mən buradaca əyləşərəm. (Bir tərəfdə bir kresloda əyləşir).
H ә s ә n q u l u b ә y. Həzərat! Təvəqqə edirəm stakanlarınızı doldurasınız və mənə də izn verəsiniz ki, bir neçə kəlmə söz deyim.
H a m ı. Buyur, buyur.
H ә s ә n q u l u b ә y. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbi pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və saf qəlbli adam tapmaq çətindir.
M ә ş ә d i İ b a d (kənara). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat verib, iki ildir ki, ala bilmirəm.
H ә s ә n q u l u b ә y. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbi pak adam görmək necə böyük xoşbəxtlikdir. İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin saf dil adamların ən böyüyüdür, ona görə qalxızaq bu badəni onun sağlığına. Yaşasın Məşədi İbad!
H a m ı. Yaşasın, yaşasın, Məşədi İbad!
Ә s g ә r (Ayağa durur, çox bərk danışır). Günlərin bir günü, axşam saat doqquzda bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım (göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn götürüldü; ədə, dayan, ədə dayan!… Dayanmadı, part, bir güllə!… Bir də gordum: sarap!… Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gordum kim?… Həmin bu Məşdi İbad! Dedim, yəqin kişini öldürmüşəm. Amma, allahdan olan kimi, güllə dəyməmişdi. (Gəlir yanına). Sağ ol Məşdi İbad! Sağlığına içirəm.
M ә ş ә d i İ b a d. Çox sağ ol! (Kənara). Heç görün dəxli var?!
R z a b ә y (durur). Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. (Heç kəs dinməyir). Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi! (Yenə heç kəs dinmir). Əfəndilər, bir də cavab verməyәcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcәyəm. Bəkləyürəm, əfəndilərim! (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?
R ü s t ә m b ә y. Çox sağ ol, çox razıyam!
R z a b ә y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi? Oylə isə, mən burada oturmam? (Tələsik papağını geyir).
R ü s t ә m b ә y. Rza bəy, hara buyurursan?
R z a b ә y. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izn istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetəmdə yazaram.
H ә s ә n q u l u b ә y. Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.
O b i r i l ә r i. Vallah, biz də başa düşmədik.
M ә ş ә d i İ b a d. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur).
R ü s t ә m b ә y. Sən allah, bizi məyus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq.
H ә s ә n b ә y (ayağa durur). Ğaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm bəy haqqında söz söyləyim!
H a m ı. Buyur-buyur!
M ә ş ә d i İ b a d. Görək, bu nə deyir?
H ә s ә n b ә y. Ğaspoda! Platon demişdir ki, çelovek civotnoye obşestvennoye, yəni insan bir sürü heyvandır.
M ә ş ә d i İ b a d. Heyvan özünsən!
H ә s ә n b ә y. Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı "buşmen"lərə və "kontintot"lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlər ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəriyəm. Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir.
M ә ş ә d i İ b a d. Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan.
H ә s ә n b ә y. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi İbadın pulu, malı, dövləti? Xeyr, xeyr; Rüstəm bəy pulagir adam deyildir. Nakones, bəs nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad istinni müsülmanindir; i tak, Rüstəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona görə yaşasın Rüstəm bəy!
H a m ı (yavasdan). Yasasın, yasasın!…
R z a b ә y. Maşallah bu kəlama!
H ә s ә n q u l u b ә y. Daha nitq demək lazım deyildir. Duraq ayağa!
H a m ı. Duraq! (Dururlar).
Ә s g ә r. Yavaş-yavaş getmək vaxtı dəyildirmi?
H a m ı. Bəli, vaxtdır.
H ә s ә n q u l u b ә y. Rüstəm bəy, xudahafiz (əl verir). Məşədi İbad, xudahafiz (əl verir).
Ә s g ә r. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz.
H ә s ә n b ә y. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz (əl verir).
M ә ş ә d i İ b a d (acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən?
R ü s t ә m b ә y. Nə oldu, nə oldu?
H ә s ә n b ә y. Pozvolte, pozvolte, ya yemu zadam merzavsu!

Hamı yığılır. "Nə oldu, nə oldu?" deyib, aralaşdırırlar, şuluqluq düşür.

M u s i q i

H ә s ә n b ә y.

Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə)
Darbadağın lap dağılar, rədd ol burdan. (2 dəfə)

H ә s ә n q u l u b ә y.

A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki,
İntiligent ola-ola savaşırsan. (2 dəfə)

M ә ş ә d i İ b a d.

Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə).
Meymun özü ola-ola mənə deyir.

H a m ı.

A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə)
Xalqın evində dava etmək pis şeydir.
Xalqın evində dava etmək pis şeydir.
Adama yaraşmaz, adama yaraşmaz,
Adama yaraşmaz, maz, maz, maz, maz, maz….

P ә r d ә