Məzmuna keç

"Əkinçi", 20 oktyabr 1875, №7/Elm xəbərləri

Vikimənbə saytından
Əkin və ziraət xəbərləri "Əkinçi", 20 oktyabr 1875, №7

Təzə xəbərlər


Firəngistanın Sen Didyö adlı bir yerinin altmış arşınlığında bir su quyusu var ki, ol yerin ətrafında sakin olanlar o quyunun suyunu içirlər. Çünki o suyu həmişə içən kəslər zəif və xəstə olurlar, ona binaən Lefort adlı kəs ol suyu imtahan edib deyir ki, ol suyun belə bədənə zərər etməyinə səbəb oldur ki, ol su quyusu qəbristanlığın yanındadır və onun suyu qəbristanlıqda çürüyən meyidlərin iyini çəkib cismi-bədəniyyata qarışıb xarab olur.

Bu səbəblərə Lefort məsləhət edir ki, hər yerdə qəbristanlığı içilən sudan uzaqda bina etsinlər və əgər qəbristanlıq qədim zəmanədə salındığına binaən onu qeyri yerə aparmaq məqdur olmasa, ol vaxtda qəbristanlığın ətrafında xəndək çəksinlər ki, oranın yağış suyu gedib içilən suya tökülməsin.

Bir suya cismi-bədəniyyat qarışmış olduğunu belə bilmək olur: ol sudan iki qaşıq bir stəkana töküb içinə bir az narın əzilmiş şəkər salıb bir isti yerdə bir neçə vaxt saxlayanda əgər ol su bulansa, məlumdur ki, ona cismi-bədəniyyat qarışıb, belə suyu içmək bədənə zərərdir.

Almaniya dövlətinin sakini Stal adlı elm sahibi meyvəni tez yetişdirməkdən ötrü belə imtahan edib: armudun yetişməyinə iki ay qalmış bir armud ağacının dibini 3 və ya 4 arşın qazıb ki, ağacın köklərinin üstə yarım kərhə qədər torpaq qalıb. Ol vaxt günün istisi ol köklərə artıq dəydiyinə ol ağacın meyvələri qeyri ağacların meyvəsindən bir ay yarım irəli yetişmişdir. Çünki belə ağacın dibini qazanda onun köklərinə gün artıq dəyməkdən ağac quruyur, bilmərrə tələf olur, ona binaən belə ağacı lazımdır ki, tez-tez sulayasan.

Bu imtahandan sonra məzkur Stal bir kəbalu ağacı ilə belə imtahan edib: onun dibini ancaq şimal tərəfdən zikr olan qayda ilə qazıb. Həmçinin kəbalu ağacının da meyvələri ay yarım irəli yetişibdir. Amma bu ağacın bir şimal tərəfi qazıldığına, onun ancaq şimal tərəfinin budaqlarının meyvəsi tez yetişibdir. Belə ağacların dibini qazmaqdan onların meyvələri tez yetişdiyinə səbəb oldur ki, hər bir nəbatatın zindəganına gün səbəb olur və onlara gün artıq dəyməkdən onlar tez əmələ gəlir.

Bizim vilayətimizdə barama qurduna həmişə çəkil yarpağı verirlər. Amma Firəngistanda və qeyri yerlərdə imtahan üçün onlara qeyri yarpaqlar verib görüblər ki, qeyri yarpaqları yeyən qurdların baraması qeyri rəngdə olur. Məsələn, üzüm ağacının, yəni tənəyin yarpağını yeyən qurdun baraması qırmızı rəngdə, kahı yarpağını yeyəninki yaşıl rəngdə və gicirtkan yarpağını yeyəninki bənəvüş rəngdə olur.

Məzkur yarpaqlar ilə qurdları çəkil yarpağı ilə saxlayan kimi saxlamaq olur, yəni əvvəldən axıracan onlara zikr olan yarpaqları vermək olur. Amma bəzi kəslər qurdlara əvvəl zaman çəkil yarpağı verib barama sarımağa 20 gün qalmış zikr olan yarpaqları verib görüblər ki, genə onların baramasının rəngi qeyri cürə olubdur.

Bu elm xəbərlərin yazıb Əsgər Mirzə Adıgözəlzadə Gorani.