"Əkinçi", 20 sentyabr 1875, №5/Daxiliyyə

Vikimənbə saytından
"Əkinçi", 20 sentyabr 1875, №5

Əkin yerindən danışır

Bizim vilayətimizdə hər kəs dad edir ki, zəmanəmizdə xeyir və bərəkət qalmayıb və keçən zamanı yada salıb bayatı çağırır: Keçən günə gün çatmaz calasan günü-günə... Belə bayatı çağırıb şikayət edən kəs heç fikir etmir ki, nə səbəbə zəmanəmiz xeyir və bərəkətsiz olub və ona heç əlac varmı? Belə zəmanəmiz xeyir və bərəkətsiz olmağının səbəblərindən və onların əlacından indi danışaq. Bir tağar yerdən hasil olan taxıl, məsələn, bir adama çatır isə, ol kəsdən sonra onun iki oğlu qalmış olsa, bu iki şəxsə o bir tağar yerin taxılı çatmaz, ya onlar özləri üçün gərək bir tağar da yer alsınlar, ya o bir tağar yerlərini elə qüvvətli etsinlər ki, o yer birə bir ziyadə taxıl bitirsin, yəni bir kəsin yerində iki kəs qalanda onlar ya gərək zəhmət çəkib pul qazanıb özlərinə təzə yer alsınlar, ya zəhmət çəkib, atadan qalan yerlərin qüvvətli etsinlər. Xülasə, dünyada insanın qədəri artdıqca zəhmət artır və zəhmət çəkənlər yaxşı zindəganlıq edib ləzzət edirlər. Amma az zəhmət çəkənin zindəganı yaman və ləzzəti az olur. Və bir də xoş güzəranlıq və ləzzət çölə tökülməyib ki, hər kəs axtarıb tapsın. Onları tapmaq üçün gərək dövlət qazanasan. Dövlət qazanmaq istəyən kəs gərək zəhmət çəkib səy və kuşiş etsin ki, dövlət qeyri kəslərin əlindən onun əlinə gəlsin, çünki belə səy və kuşişi bir kəs edir ki, ona zindəganlıq etmək və ləzzət çəkmək müyəssər olsun, ona binaən belə səy və kuşiş özü bir cəngdir ki, onun adına zindəganlıq cəngi deyirlər. Hər kəs daima belə cəngə məşğuldur. Onda qalib olanlar ləzzət sahibi və məğlub olanlar ləzzətdən məhrum olurlar. Əlbəttə, belə cəng edənlərin, yəni insanın qədəri artdıqca zikr olan cəng ziyadə şiddət edir. Çünki dünyada insanın qədəri həmişə artır, ona binaən zikr olan cəng gələcəkdə dəxi ziyadə şiddət edəcək, yəni xoşgüzəranlıq və ləzzət tapmaq gələcəkdə dəxi çətinraq olacaqdır. Bu səbəblərə zəmanəmiz xeyir və bərəkətsizdir. Ġndi görək ona heç əlac varmı? Zikr olan zindəganlıq cəngində tüfəng və xəncər işləməz, güc və rəşidlik iş görməz. Onun əsbabı ancaq ağıldır və ağıl bir şeydir işləndikcən tərəqqi edər, yəni elm təhsil etdikcən ağıl da artar. Doğrudur bizim zəmanədə bəzi vaxtda elmdən və ağıldan bixəbər kəslər sahibi-dövlət olduqlarına xoş güzəranlıq edirlər. Ona binaən şair deyib; Dövlət bəxəran dadənü nemət basəgan. Pəs ma bətəmaşayi-cəhan amədəim?[1] Amma onların sahibi-dövlət olmaqlığına səbəb çoxdur. Məsələn, keçən zamanda onların ata-babasından birisi özündən axmağa rast gəlib, özünə qurtarmaz dövlət qazanıb və əgər bizim zəmanədə də elmdən bixəbər kəsə dövlət qazanmaq məqdur isə, ona səbəb oldur ki, ol kəs ilə zindəganlıq cəngi edənlər ondan da dünyada bixəbərdirlər. Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq. Pəs bayatı çağırıb zəmanədən şikayət edən, sənin bayatından nə hasil? Səy et, zəhmət çək, elm təhsil elə ki, dövlət qazanıb xoşgüzəran olasan. Görürəm bu sözləri oxuyan Gülüstani-Sədini əlinə alıb oxuyur: Kəs nətəvanəd girift damənidövlət bəzur[2]. Əzizim, o söz bəəslən ġirvan Fitdağı sözüdür. Əgər Sədi bizim zəmanədə olseydi deyərdi: Hər kəs təvanəd girift daməni-dövlət bəzur[3].

İstinadlar[redaktə]

  1. Dövləti eşşəklərə vermisən, neməti itlərə. Bəs biz dünyaya tamaşa eləməyə gəlmişik?
  2. Heç kəs var – dövlətə zor ilə sahib ola bilməz.
  3. Hər kəs – dövlətə zor ilə sahib ola bilər.