"Bir sasani şah məndən..."
"Bir sasani şah məndən..." Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Bir sasani şah məndən
Bilməm nə gördü?
Sözlərimi dinləmədən,
Qafqaza sürdü.
Qarşıladı Araz məni
Söhbətlə, sazla.
Mən Muğanda ondan bəri
Sallandım nazla.
Kürün ilıq qucağında
Yaslandım yerə.
Bu yurdun hər bucağında
Çəkildim dövrə.
Bəlkə əslim amerikalı,
Əndamım süddən;
Yaxud nəslim afrikalı,
Golmişəm hinddən.
Hər bir zaman əməkçilər
Çəkdi cəfamı;
Qodimlərdə veyl gozonlor
Sürdü səfamı.
Lakin əsl yurdum mənim
Muğanla, Mildir.
Muğansız ki, mənim günüm
Bir gün deyildir.
İndi artıq bu çöllərə
Həvəslə girdim.
Qədir bilən bu ellərə
Varunı verdim.
Oylağımdır
Qarabağın çölləri!
Yaylağımdır
Qarayazı elləri!
Qaraoğlanda
Ağca günlər görmüşəm!
Mil çölündə
Çox səfalar sürmüşəm!
Sərin göllər,
Dərin çaylar keçmişəm.
Bulaqların
Gur suyundan içmişəm.
Mənim üçün
Kür baş vurur hər yerə,
Araz Məcnun olub
Düşüb çöllərə.
Dağlardakı
Coşqun sellər mənimdir,
Aranlarda
Çaylar, göllər mənimdir!
Günəş mənim,
Bahar mənim, yaz mənim;
Məclis mənim,
Söhbət mənim, saz mənim!
Dərman mənəm, dərd mənəm,
Şəhər mənəm, kənd mənəm.
Gəlinlərin adı var,
Toylarda şərbət mənəm.
Yoxsulun yoldaşıyam,
Rəncbərin sirdaşıyam;
Əməkçi xalq üçün mən
Bəzəklərin başıyam.
Mən bəzərəm yazları,
Çoxaldaram azları;
Aşıqlara ruh verib
Çaldıraram sazları.
Əkinçilər yarıyam,
İgidlər sərdarıyam;
Qızılın adı çıxmış,
Mən ondan yuxarıyam.
Naz satıram gümüşə,
О çaşmışdır bu işə;
Bir deyən yox, zavallı,
Nə düşürsən təşvişə?
Bir az əqli var isə,
Deyin çəkilsin misə.
Mən üzümü ağartdım,
Haqsızdır bir şey desə.
Dünən gördüm ipəyi,
Yerdən gedir ətəyi.
Onun fıkri-zikri pul,
Mən güdmədim qəpiyi.
Görürsən bu kətəni,
Dəng eləyib yetəni.
Bizə tay olacaqmış
Bu çöllərin çətəni.
Fikirləşdim mən özüm,
Buna yoxdur bir sözüm.
Ancaq haqqa qalanda,
Ondan da toxdur gözüm.
Nə vurhavur, nə busat,
Gəlin buna içim and:
Geniş meydana çıxsam
Bir şey deyil brilyant.
Yığılsın yaqut, sədəf,
Düzülüb gəlsin səf-səf.
Kimin incisi çoxdur
Ona çalın zurna, dəf.
Hər kəsdə, hər yerdə mən,
Dərmanam çox dərdə mən,
Hər qurultay oldumu
Əyləşirəm dördə mən.
Yoxsulun yoldaşıyam,
Rəncbərin sirdaşıyam.
Əməkçi xalq üçün mən
Bəzəklərin başıyam!
De dərdini yazana,
Bu yollarda gəzənə.
Açıqdır mərmər sinəm,
Oğul istər qazana!
Adım pambıq, üzüm ağ,
Yay günündə canım sağ.
İndi dövran mənimdir,
Bəxtim ötgün, kefim çağ!