Məzmuna keç

"Müznib" əfəndi

Vikimənbə saytından
"Müznib" əfəndi
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Cabbarlı, Cəfər. Əsərləri. Dörd cilddə. I cild (PDF) (az.). "Şərq-Qərb". 2005. ISBN 9952-418-87-3. 2017-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-10.

Təng etmə bizə bu yekə dünyanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Xudsərliyi millət özünə eyləmiş adət,
Əzasinə bilcümlə edib cəhl sərayət.
Bica yerə fəryad eləmə, ol, kişi, rahət.
Öz fikrini millət boşamaz qopsa qiyamət.
Bir dərdə düşüb yox hələ dərmanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Çalma “Dirilik"də bu qədər tarixi neylər,
Tarix adamın halını pisdən də pis eylər.
İbrətsiz olan sərsəri tarixi nə eylər.
Yaz küçə sözü, yaxşı roman, aşiqi şeylər.
Məcnunluğa öyrət bu müsəlmanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Tarix salır xatirə əcdadi-nəcibi.
Yaz aşiqi-məşuqədən, ol xalqın həbibi.
Qoy millətin olsun hələ bir eşq nəsibi.
Hər dəmdə çağır söhbətə Kəbleyi Qəribi
Tənqid edə ol mərifətin kanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Ol bəzi mühərrir kimi, çat sən də muradə,
Doldur cibini şövq ilə, söy xalqı ziyadə.
Gündüzlər açıb ağzını gəl ney kimi dadə,
Amma ki, özün xəlvəti iç hər gecə badə;
Çıxsın bu yazıq millətinin canı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!

Keçmişdəki məşhur xanımlar qala dalə.
Dəyməz ki, gətirmək olan bir də xəyalə.
Yaz, bizləri valeh elə sən hüsnü cəmalə.
Bəziləri tək gah mıxa döy, gahi da nalə.
Varsa hünərin al əlinə sən də piyalə.
Oldun yazıçı, al ələ rumkanı, a Müznib!
Tərif elə həm sağərü səhbanı, a Müznib!
Millət oyanan şey ki deyil, qopsa qiyamət;
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!