"Molla Nəsrəddin"
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
"Molla Nəsrəddin" (1906) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır. Məlumdur ki, Şərq xalqları, xüsusilə azərbaycanlılar öz danışıqlarını məsəllər, atalar sözləri və Şərqin müdrik məzhəkəçisi olan Molla Nəsrəddinin lətifələri ilə bəzəməyi sevirlər. Bu əfsanəvi Molla xalq müdrikliyinin və hazırcavablığının ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lətifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraqlanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox nadir tapılar. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar. Bu lətifələrdən çoxu isə müxtəlif müəlliflər tərəfindən rus dilinə tərcümə olunub "Sbornik materialov dlya opisaniya plemen i mestnostey Kavkaza"nın müxtəlif buraxılışlarında çap edilmişdir.
Jurnalı bir qrup ziyalı müsəlmanların əməkdaşlığı ilə savadlı və mədəni azərbaycanlı — Mirzə Cəlil Məmmədquluzadə nəşr edir. İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən deyə bilərik ki, "Molla Nəsrəddin", nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir. Belə nöqsanlar və mövhumat isə bir neçə əsr qaranlıq və cəhalət içərisində yatıb qalmış bizim cəmiyyətimizdə o qədər çoxalmış və o qədər dərin kök salmışdır ki, tənqidə onların hansından başlamağı təyin etmək belə çətindir. İlk zamanlar jurnal, hər şeydən əvvəl, müsəlmanların bu cəhalət yuxusundakı vəziyyətinə diqqət yetirmişdir. Jurnalın 1-ci nömrəsinin birinci səhifəsindəki şəkildə cəhalət yuxusunda yatanların səltənəti təsvir olunmuşdur. Jurnalın bütün nömrələrində eyni qaydada təsvir olunan Molla Nəsrəddin isə əlinin hərəkəti və istehzalı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar. Gecə keçmiş, səhər açılmışdır. Pəncərədən düşən ziyalar bu yuxu səltənətini işıqlandırmışdır. Lakin heç kəs və heç bir şey bu möhkəm yatmış müsəlmanları oyatmağa qadir deyildir: qocalar və cavanlar, orta yaşlı kişilər — hamısı yatmışlar, bu aləmdəki hər şeyi unudub yuxuya getmişlər, sükunəti bütün dünyadan üstün tutmuşlar. Uzaqda cavan bir oğlan, deyəsən, qüvvəsini toplayıb oyanmaq istəyir, lakin ağır yuxu ona da gözlərini açmağa imkan vermir.
Molla öz oxucularına müraciət edərək deyir: "Ey mənim müsəlman qardaşlarım! Zamani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər "xa … xa! …" edib güldünüz … o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsüz…. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz … o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza".
Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür. Çünki bunlar müsəlmanların həyatında böyük bir maneəyə çevrilib və onların geri qalmağına səbəb olubdur. Məsələn, müsəlmanlardakı mövhumatı göstərmək üçün Molla onlara məsləhət görür ki, hər ayın üçündə, beşində, on üç, on altı, iyirmi bir, iyirmi dörd və iyirmi beşində, həftənin bazar və bazar ertəsi günlərində, habelə hər ayın 28 və 29-da jurnala abunə yazılmasınlar. Çünki bu günlər ağır və nəhs günlər hesab olunur. Həmçinin Molla məsləhət görür ki, redaksiyaya göndərilən məktublarda gərək metal pero ilə yox, mütləq qamış qələmlə, özü də elə dəbdəbəli və ibarəli bir dillə yazsınlar ki, orada bir kəlmə də Azərbaycan sözü işlənməsin. Çünki Azərbaycan sözlərini işlətmək şəxsin elminin azlığına dəlalət edir.
Susmaq müdrikliyin ən yüksək dərəcəsi hesab olunur. Əgər həzrət Süleyman danışmağı gümüş, susmağı qızıl adlandırıbsa, "Molla Nəsrəddin"ә görə, susmaq lap brilyantdır. Buna görə də o, öz həmməzhəblərinə məsləhət görür ki, bu qiymətli cəvahiri göz bəbəkləri kimi qoruyub saxlasınlar və hər hansı bir həyati məsələdən söhbət düşəndə danışmayıb sussunlar. Xüsusilə, yaşadığımız indiki həyәcanlı zəmanədə susmaq daha çox lazımdır. Yoxsa bir kəlmə artıq söz üçün ictimai qayda-qanunu və ümumun sükutunu qoruyanların tələsinə asanlıqla düşmək olar. Susmağın əhəmiyyətinə dair jurnalda gözəl bir şer dərc olunmuşdur ki, həmin şerdə belə deyilir: "Əgər qonşuların səni döyüb incitsələr, sənə gülsələr, var-yoxunu əlindən alsalar, acıqlanma, başını aşağı sal və lal ol. Çünki sənin xeyrin və qurtuluşun susmaqdadır". Molla Nəsrəddin müsəlmanlar arasından dövlət dumasına üzv seçilmiş adamlara da məsləhət görür ki, öz nüfuzlarını saxlamaq üçün özlərini mənasız hay-küy salanlara oxşatmasınlar. Müsəlmanlara məxsus səbr və dərin sükutla öz ağıl və ləyaqətlərini büruzə versinlər. Jurnalın beşinci nömrəsində dərc olunmuş "Məclisi-ədəb" şəkli müsəlmanlarda susmağın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır.
Molla heç özünün mənsub olduğu təbəqəyə də rəhm etmir. Öz kəskin istehzalı və kəsərli sözləri ilə o, müsəlman ruhanilərinə tez-tez sataşır. Ruhanilərə hücumu əsaslı olsa da, bizim fikrimizcə, həddindən çox kəskin və bir qədər də tendensiyalıdır. Bizim ruhanilərin başlıca qüsuru onların cahilliyində və məhdud düşünmələrindədir. Ruhanilərin əksəriyyətinin əqidəsinə və anlayışına görə, dinin mənası yalnız zahiri xarakter daşıyan bəzi dini ayinlərin icrasındadır; dinin daxili mənası, onun əsas məğzi, əxlaq təlimi isə ya mollaların özlərinin başa düşməməsi, ya da şəxsi mənfəətləri üzündən şüurlu surətdə nəzərdən qaçırılır.
Jurnalın üçüncü nömrəsində (Hacı Seyid Əzim Şirvaniyə təqlid yolu ilə) dərc olunmuş "Keçmişi yad" şerində müəllif mollanın dili ilə keçmiş əyyamı xatırlayıb deyir ki, keçmiş zamanlarda mömin müsəlman bəndələrin hamısı cəhalət içində idi. Heç nəyi bilmir, heç nəyi anlamırdılar; mollanı hər yerdə alim və müqəddəs bir insan sayırdılar; onu plova, çaya qonaq edirdilər. Vəz edib hamının canına qorxu salanda hər yerdən ona pul və xələt verilirdi. Onda ki, övladi-vətən xam idi, kef çəkməli əyyam idi. O gözəl əyyam keçmişdir, onu geri qaytarmaq mümkün deyildir.
Müsəlman arvadlarının ağır və kölə vəziyyəti də jurnalın diqqətindən kənarda qalmamışdır. "Molla Nəsrəddin"in həmin nömrəsində belə bir şəkil verilmişdir: Evin başçısı taxtda döşəkçənin üzərində uzanıb fikirli halda qəlyan çəkir; onun qabağında oturan kiçik bir oğlan uşağı qışqırıb ağlayır. Qəlyanı çəkən kişinin arvadı otağa daxil olur, onun paltarı köhnə, ayaqları yalındır. Əlində sənək var, bir uşağı da arxasına almışdır. Ər onu görən kimi qəzəbli halda deyir: "Ay arvad, allah sənə lənət eləsin, bu uşaq mənim başımı apardı, gəl bunu da götür al dalına!"
Hər şeyi bilməyə çalışan kiçik bir qız nənəsindən soruşur ki, nə üçün onun sifəti saralmış və qırışlarla örtülmüşdür. (Pozdnyakovun bu şeri tərcümə olunub "Dəbistan" jurnalında çap edilmişdir). Molla nənənin əvəzinə qıza cavab verib, onun gözlərini açaraq deyir ki, hər bir Azərbaycan qızının taleyi belədir və həmin kiçik qızın özünü də belə bir tale gözləyir. O da vaxtından əvvəl solub saralacaq, sifəti qırışlarla örtüləcәk, qoca bir nənə olacaqdır. Mərhəmətsiz və qəzəbli atası 8–10 yaşlı bu kiçik qızı 40 yaşında dəvə boyda və kütbeyin bir kişiyə ərə verəcәkdir. O zamandan qızın həyatında qara günlər başlanacaqdır. O bir daha ömründə ağ gün görməyәcək, sevincə həsrət qalacaq və heç kəsdən təsəlli ala bilməyәcəkdir. Molla həmin kiçik qıza müraciət edib deyir: "Qızım, bu elə bir dərddir ki, əlacı yoxdur. Ərin tez-tez səni döyüb, söyəcәk, heç bir günahın olmadan səni təhqir edib alçaldacaqdır. Günlərin birində sənin ərin başqa bir arvad alacaq və səni həmişəlik unudacaqdır. Çox çəkməyәcək ki, ərin üçüncü bir arvad alacaq, sonra sizin aranızda həmişə dava-dalaş hökm sürəcәkdir. Dərd və kədər səni yandıracaqdır. İstər təqsiriniz olsun, istər olmasın əriniz gündə birinizi döyəcәkdir. Yaxın gələcəkdə səni də belə bir həyat gözləyir. O zaman sən də tezliklə qocalarsan, nənən kimi sənin də alnın qırışlarla örtülər".
Qonşu dövlətin — "Qızıl İranın" həyatı jurnala zəngin və çox maraqlı material verir. Hələ beş-altı il bundan əvvəl çapdan çıxmış olan məşhur "Səyahətnaməyi-İbrahimbəy" bizi İran həyatı ilə yaxşı tanış edir. Budur, qarşımızda belə bir şəkil vardır: İrandan bizə "əziz qonaqlar" kimi gələn, əslində isə cəhalət, zülmət, mövhumat və fanatizm carçıları olan dərvişlər, ilan oynadanlar, meymun oynadanlar, cadugərlər, gözbağlıcalar, nağıl deyənlər, fala baxanlar, cindarlar, mollalar, yuxu təbir edənlər, tiryək satanlar və asan qazanc əldə etmək üçün macəra axtaran digər fırıldaqçılar əl-ələ verib, cərgə ilə Araz çayından bu tərəfə keçirlər. Onlar hər il Zaqafqaziyaya yüzlərlə və minlərlə gəlir. Ölkədəki cahil əhalini istismar edir, onların əxlaqını pozur, camaat arasında fanatizm toxumu yayır, özləri də bizim pulumuzu ciblərinə doldururlar.
Budur, "Qızıl İranın" həyatından verilmiş başqa bir şəkil (№ 9). İran şəhərlərindən birinin küçəsində örtülü karetada tanınmış bir şəxs öz xanımı ilə gedir; xanım tülə və çadraya bürünmüşdür. Fərraşlar qabaqda gedərək qışqırırlar: "Çəkil, yol ver, gözlərini yum, kor ol!" Onlar təsadüfən həmin küçədə qarşılarına çıxan iranlıların kürəyinə və peysərinə zərbələr endirirlər, küçədəki iranlılar fərraşların əmrinə tabe olub, üzlərini divara çevirir və gözlərini yumurlar ki, karetada gedən mötəbər şəxsləri görməyə cəsarət etməsinlər. Bütün bu hadisələr XX əsrdə baş verir.
"Molla Nəsrəddin" uşaqların ev və məktəb tərbiyəsi məsələsinə böyük diqqət edir, müsəlmanlarda uşaqların ev tərbiyəsinin nə qədər acınacaqlı bir vəziyyətdə olduğunu və bu məsələnin, ümumiyyətlə, necə yanlış qoyulduğunu göstərən kəskin qeydə jurnalın demək olar ki, hər nömrəsində təsadüf edə bilərsiniz. Jurnalın altıncı nömrəsində dərc olunmuş "Laylay"dan görünür ki, müsəlman anaları uşaqlara hələ beşikdə ikən necə müdhiş mətləb və fikirlər aşılayırlar. Hazırcavablıqla yazılmış bir sıra məqalələrdə, məsələn, "Niyə mən dərsdən qaçdım?" adlı məqalədə "Hop-hop" adlı bir nəfər bizim məktəblərin nöqsanlarını çox aydın göstərib deyir ki, bu məktəblər uşaqların mənəvi keyfiyyətlərini və zehni qabiliyyətlərini artırmaq əvəzinə, onların əxlaqi cəhətdən korlanıb şikəst olmalarına kömək edir.
Jurnalda verilən məktublar çox bacarıqla tərtib olunur. Onlarda Qafqazın müxtəlif yerlərindəki sakinlərin adətləri və ənənələri göstərilir. Xüsusilə İrandan və Turkiyədən verilən teleqramlar da maraqlı olurlar. Onlardan bəzilərini misal çəkәk: "Təbriz. 30 mart. Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur". "Tehran, Tehrandan Bəndər-buşirə kimi telsiz teleqraf işləməyə başladı". "German-Şiraz dəmir yollarının tətilləri gözlənir". "İstanbul. 29 mart. Küçə gedən vaxt öskürməyi Osmanlı hökuməti əhaliyə qadağan edibdir" və ilaxir.
İran təqvimindən alınan və jurnalda verilən məlumat da çox maraqlıdır. Həmin məlumatda, məsələn, deyilir: Bu il həmişəki kimi çox toz olacaqdır. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək…. İran tərəqqi edəcәk, Yaponiya tənəzzül. Osmanlı ilə Bolqariya ya dava edəcәk, ya etməyәcək. Dava etsə, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların vəziyyəti üləmalar üçün saatın xoş olduğunu xəbər verir. Üləmalar "İrşad" qəzetini və "Molla Nəsrəddin" jurnalını lənətləyәcək və bütün yeni elmlərin hamısını baykot edəcәkdir.
Jurnalın şəkillərinə gəldikdə, demək olar ki, onun rəssamı (O. Ş.-linq) yerli əhalinin məişətini, adət və ənənələrini gözəlcə öyrənmişdir. Onun bəzi şəkilləri bilavasitə həyatdan alınmış lövhələri bütün dolğunluğu ilə oxucuya göstərir. "Qoç döyüşdürmək", "Qəzet satan və dövlətli tacir", "Ədalət" (qalaq vermək əhvalatı), "Əziz qonaqlar", "Məclisi-ədəb", "İyirminci əsr", "Cümə. Dükanlar bağlı", "Qrammatika mübahisələri", "Vəqf", "Şəriət dərsindən imtahan", "Tacir Xoncaxani" və başqa şəkillər belədir. Ümumiyyətlə, "Molla Nəsrəddin" çox yaxşı təsir bağışlayır və öz çətin vəzifəsini hələlik müvəffəqiyyətlə yerinə yetirir. Yəni azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb, yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır. Biz C. Məmmədquluzadəyə səmimi qəlbdən müvəffəqiyyətlər arzu edirik və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir.