Məzmuna keç

"Usta Zeynal"

Vikimənbə saytından
"Usta Zeynal" (1906)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Bu yaxınlarda Mirzə Cəlil Məmmədquluzadənin maraqlı bir hekayəsi həmin başlıq altında ayrıca kitabça şəklində çapdan çıxmışdır. Yumoristik "Molla Nəsrəddin" jurnalının redaktoru olan müəllif Azərbaycan ədəbiyyatında "Poçt qutusu", "Kişmiş oyunu", "Səkinə" və başqa hekayələri ilə də məşhurdur.

Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş hekayələri, bizim Şərq yazıçı və şairlərində olduğu kimi, boş fantaziyanın məhsulu deyildir. Məmmədquluzadənin başqa bir məziyyəti də onun, müşahidə etdiyi həyatı canlı və anlaşıqlı dil ilə, şərq yumorunun aydın xüsusiyyətləri ilə verə bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir.

Hekayənin çox sadə bir süjeti vardır. Muğdusi Akopun böyük oğlu Moskva Universitetini bitirib evlərinə gəlir. Onun evində böyük canlanma və həyәcan vardır. Hamıdan çox ev sahibi narahatdır. Düzdür, qonaqları qəbul etmək üçün onun evində hər şey hazırdır, otaqlar təmizdir və onların hamısı yenicə sahmana salınmışdır, lakin bədbəxtlikdən bir neçə gün bundan əvvəl çox şiddətli yağan yağışdan sonra zalın səqfinin bir tərəfindən su axmış və səqf uçulub tökülmüşdür. Oğlu gələnə qədər səqfin uçan yerini suvayıb düzəltmək lazımdır. Oğlu isə alınmış teleqrafa görə iki gündən sonra gəlməli idi. Bədbəxtlikdən Muğdusi Akopun tanışı, bənna Usta Cəfər bu vaxt başqa yerdə işləyirdi. Onda o, öz dostu Hacı Rəsulun məsləhəti ilə İrandan gəlmiş Usta Zeynal adlı birisini işləməyə götürür. Öz vətəninin həqiqi oğlu olan Usta Zeynal Muğdusi Akopun tam əksini təşkil edir. Axırıncı üçün vaxt qızıldır, hər dəqiqə qiymətlidir və adam gərək ondan istifadə etsin. Birinci üçün isə rus atalar sözündə deyildiyi kimi, iş ayı deyil ki, meşəyə qaçsın; tələsmək lazım deyil, hər işi səbrlə-aramla görmək və allaha bel bağlamaq lazımdır. Tələsiklik və həyәcan ancaq işi korlaya bilər. Allahın köməyi olmadan bir iş görmək olmaz və onsuz işə başlamaq da lazım deyildir. Nə qədər ki, Muğdusi Akop bacarıqlı, öz mənfəətini güdən və işgüzardır, o qədər Usta Zeynal fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövhdür. O iş ki, Muğdusi Akopdan bir saat vaxt tələb edir, Usta Zeynala görə bu işə ən azı bir gün vaxt sərf etmək lazımdır. O işi ki, Muğdusi Akop bu gün görməlidir, Usta Zeynala görə, onu sabah da, o biri gün də yerinə yetirmək olar, çünki tələsməyin yeri yoxdur, hər şey allahın iradəsindən asılıdır. Lakin Usta Zeynalın əsas nöqsanı onun boşboğazlığı və özünəməxsus filosofçuluq etməsindədir. Muğdusi Akopa verdiyi suallara qısa və başqaçırıcı cavablar almasına baxmayaraq Usta Zeynal ondan əl çəkmir və işi yarımçıq qoyaraq lazımsız boşboğazlığa başlayır. Nəhayət, hövsələsi daralmış ev sahibi ona kəskin surətdə deyir ki, o, bura söhbət üçün deyil, işləmək üçün gəlmişdir. Ev sahibinin bu töhmətindən qəti narahat olmayan Usta Zeynal Muğdusi Akopa təskinlik verir ki, inşaallah işi təyin edilmiş vaxta görüb qurtaracaqdır. Lakin o, qətiyyən tələsmir, tez-tez çubuq çəkir, vaxtı-vaxtında namaz qılır və ev sahibi yanında olmayanda özü kimi Şərqin tənbəl və boşboğaz oğlu olan köməkçisi Qurbanla birlikdə filosofluq edir. İş isə çox ləng və yavaş görülür.

Usta Zeynalla Qurban arasında necə söhbət getdiyi haqqında oxucuya məlumat vermək üçün onların danışığından aşağıdakı səciyyəvi yeri misal gətirirəm.

Qurban Usta Zeynala tasda gəc verərək deyir:

"Usta, bizim xozeyin yaxşı adama oxşayır…."

"Yaxşı adam olmağına yaxşı adamdı, allah dinə gətirsin, amma nə fayda?!"

"Usta, mən bir şeyə mat qalıram. Yaxşı, ermənilər bu aşkarlıqda zadı görmürlər? Bunlar niyə bəs dönüb müsəlman olmullar?…"

"Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, onda cəhənnəmi allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək. Bu işlərin hamısının bir səbəbi var, yoxsa ermənilər çox yaxşı bilir ki, bizim məssəbimiz olarınkından yaxşıdı. Xudayi-əzz və cəll."

"Usta, sözünü də kəsirəm, hələ deyək ki, müsəlman olmasınlar, mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər."

Usta Zeynal malanı qoydu taxtanın üstünə, çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi:

"Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər…. Və bir də bunlar hamısı allahdandır. Gəl ləyəni götür, gəc qayır…."

"Bəli, qıl körpüdən keçəndədi tamaşa!"

"Qurban, bilirsən nə var? İşin əsli haqq yolu tanımaqdadır; insan ki, haqq yolunu tapdı, insan ki xudayi-taalarını…."

Muğdusi Akop içəri girib, dinməz-söyləməz baxdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü Muğdusiyə tutub soruşdu:

"Ay xozeyin, səni and verirəm incilə, bir mənə de görüm, o zəhirmarda nə ləzzət görübsünüz ki, yeyirsiz?"

Bu sözlərə cavab olaraq Muğdusi Akop deyir ki, o, Usta Zeynalı dini təbliğata qulaq asmaq üçün deyil iş üçün gətirmişdir.

Çox keçmədən, Usta Zeynal işi yarımçıq atır və pərt çıxıb gedir ki, bu da Muğdusi Akopu çox dilxor edir. Əhvalat belə olur: İkinci gün məlum olur ki, kütbeyin Qurban öz yaddaşsızlığı üzündən Usta Zeynalgildən gətirilmiş ləyəni bir kənara qoyub, bütün günü erməninin səhəngində su daşımış və bununla da nəinki təkcə Usta Zeynalın üst-başını, hətta bütün işi murdarlamışdır. Bizim nadan və fanatik ruhanilərin təlimi əsasında tərbiyə almış Usta Zeynalın tipi Cəlil Məmmədquluzadə tərəfindən çox müvəffəqiyyətlə və məharətlə yaradılmışdır. Kitaba tipik şəkillər çəkilmişdir. Məmmədquluzadənin istedadlı rus yazıçısı Çexovun əsərlərini xatırladan hekayələri bizim mədəni ziyalılarımızın nəzərini cəlb etməyə tam layiqdir. Lakin nədənsə dövri mətbuat "Usta Zeynal"ın üstündən sükutla keçmişdir.