Məzmuna keç

"Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə

Vikimənbə saytından
"Vətən dili" dərsliyi haqqında cənab Şirvanskinin rəyi münasibətilə (1910)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


(Redaksiyaya məktub)

Cənab Q. B. K. Şirvanski, Çernyayevskinin "Vətən dili" dərsliyi barəsində "Zaqafqazye" qəzetinin 58-ci nömrəsində dərc olunmuş resenziyasında təhlil etdiyi əsərə bir o qədər də ədalətli qiymət vermir. Həmin dərsliyin son iki nəşri mənim redaksiyam altında çıxdığına görə cənab Şirvanskiyə onun bəzi qeydlərinin əsassız olduğunu göstərməyi lazım bilirəm.

Hər şeydən əvvəl, cənab Şirvanski dərsliyi süni olaraq beş hissəyə ayırır ki, onların hər birinin haqqında ayrıca mülahizə söyləsin. Kitab cəmi iki hissədən ibarətdir: birinci hissədə rəsmxətt öyrətmək üçün 50-yə qədər cizgi, genetik üsulla hüsnxətt öyrətməyin tam kursu, əyani-sövti üsulla yazını və oxunu birlikdə öyrətmək üçün əlifba, habelə Azərbaycan yazı və çap əlifbası dərc olunmuşdur. İkinci hissə əlifbadan sonra ilk oxu kitabıdır və uşaq anlayışına uyğun olan kiçik məqalələrdən, təmsillərdən, orijinal və tərcümə edilmiş şerlərdən ibarətdir. Cənab Şirvanski rəsmxətt üçün birinci səhifədə dərc olunmuş nümunələri dərsliyin qüsurlarından hesab edir və onun fikrincə, bu nümunələrin heç biri müsəlman həyatından götürülməmişdir. Biz isə təsdiq edirik ki, həmin şəkillərin əksəriyyəti məhz müsəlman həyatından götürülmüşdür; burada yalnız mebel qismindən olan, məsələn, stol, stul, çarpayı kimi son zamanlarda az-çox varlı müsəlman evlərinin, demək olar ki, hamısında təsadüf olunan şeylər istisna təşkil edə bilər. Həmin nümunələrin arasında saat, lampa, çaynik, stakan, kəllə qənd, ağızlıq, kitab, çeşmək və ilaxir kimi şeylərin də şəkilləri vardır. Belə olan surətdə demək olarmı ki, istisnasız olaraq bu şəkillərin heç biri müsəlman həyatından götürülməmişdir? Doğrudanmı cənab Şirvanski belə hesab edir ki, azərbaycanlıların saatı, çeşməyi, lampası, çayniki, tərəzisi və orağı öz formasına və zahiri görünüşünə görə rusların, yaxud gürcülərin işlətdiyi həmin şeylərdən nə ilə isə kəskin şəkildə fərqlənməlidir?

Cənab Şirvanski əlifbanı, yəni uşaqlara ana dilində savad öyrətmək üçün verilmiş ilk dərsləri nəzərdən keçirəndə də bu cür məhdudluğa və bundan da qəribə ifrata yol verir. O belə hesab edir ki, dərsliyin bu hissəsi "42 şəkillə gözəl və zəngin bəzənmişdir, bu şəkillərin isə heç birinin bizim həyatla hətta uzaq bir əlaqəsi də yoxdur, dərsliyin qüsurlarından biri də elə budur". Cənab Şirvanskinin "Vətən dili" kitabındakı əlifbanın şəkilləri haqqında bu qədər qəti şəkildə dediyi bu fikri müəllifin, haqqında mülahizə yürütdüyü predmetlə tanış olmadığını və bu barədə heç nə bilmədiyini göstərir. Adətən uşaqlara ilk savadı öyrətmək üçün əlifba bir neçə dərsdən ibarət olur. Hər dərsdə uşaqlara bir və ya iki səs öyrədilir; şagirdlər həmin səsləri müəllimin aydın və uzadaraq dediyi və hər hansı bir predmeti bildirən müəyyən sözlərdə axtarıb tapırlar. Məsələni asanlaşdırmaq, əyani və maraqlı etmək üçün müəllim ya həmin predmetin özünü, ya modelini, ya da şəklini şagirdlərə göstərir; şagirdlər həmin predmetin adını deyirlər: məsələn, "At" sözündə şagirdlər "t", "Diş" sözündə "i", "Açar" sözündə "ç" səsi ilə tanış olurlar və i. a. Tamamilə aydındır ki, əyanilik üçün predmetlərin əlifbada verilmiş şəkillərinin bu və ya digər bir xalqın və ya millətin həyatı ilə müəyyən bir əlaqəsi yoxdur və ola da bilməz. İnsan bədəni üzvlərinin, ev heyvanları və quşlarının, dərs vəsaitinin və bir çox müxtəlif predmetlərin şəkilləri, milliyyətindən asılı olmayaraq, hamı üçün eyni bir mənanı və anlayışı ifadə edir. Cənab Şirvanski kimi inandıra bilər ki, Çernyayevskinin dərsliyinin dördüncü səhifəsindəki şəkildə "Azərbaycan atı" yox, "rus atı", yaxud 11-ci səhifədəki şəkildə "Azərbaycan dişi" yox, "gürcü və ya erməni dişi" göstərilmişdir? Əgər inandıra bilməzsə, onda 42 şəkildən heç birinin bizim həyatla (yəni müsəlman həyatı ilə) ən uzaq bir əlaqəsi belə olmadığını bu qədər qəti şəkildə söylərkən, görəsən dediyi sözlər üzərində heç düşünübmü?

Daha sonra Şirvanski dördüncü hissədə özünün süni surətdə düzəltdiyi yazı və çap hərfləri haqqında danışarkən onu əyanilik xatirinə (?) və şagirdlərin asan mənimsəməsi üçün (nəyi?) kitabın əvvəlinə keçirməyi faydalı hesab edir. Cənab Şirvanski burada da özünün bu tipli dərs kitabları ilə tanış olmadığını büruzə vermişdir. Sövti üsulla ilk savad öyrətmək işində əlifbanı əvvəldə verməyin heç bir əhəmiyyəti yoxdur. Çünki bu zaman şagirdlərə hərflərin adları öyrədilmir, bəlkə, didaktika qaydası ilə, yəni deyilişi asan olan səslərdən çətinlərinə keçmək yolu ilə səslər, saitlər və samitlər əzbərlədilir. Şagirdlər öyrəndikləri dilin bütün səslərini əsaslı surətdə mənimsədikdən sonra onları səslərin işarələri ilə, yəni əlifbanın düzülüşü ilə tanış edirlər. İşə heç bir xələl gətirmədən əlifbanı dərslikdən cəsarətlə çıxartmaq da olar.

"Vətən dili"nin II hissəsinin qüsurları haqqında danışarkən cənab Şirvanski ona diqqət edir ki, Talıbzadənin "Laylay" adlı bir orijinal şerindən başqa, burada verilmiş bütün məqalələrin, hekayələrin, təmsillərin, şerlərin, məsəllərin (?) hamısı başlıca olaraq rus ədəbiyyatından, özü də ən çox Krılovdan və Puşkindən (?) edilmiş tərcümə və ya iqtibas xarakterli əsərlərdir. Cənab Şirvanski bunu "Vətən dili" dərsliyinin ən ciddi nöqsanlarından biri hesab edir və deyir: "Burada biz belə bir məlum həqiqəti yada salmaq istəyirik ki, uşaqlar üçün hazırlanan dərslikdə ilk qiraət dərslərinə çox ehtiyatla yanaşmaq, burada milli və orijinal olmayan hər şeydən qaçmaq lazımdır". Cənab Şirvanskinin fikrincə, belə kitablar üçün türk ədəbiyyatı klassiklərinin əsərlərindən alınmış nümunələr material ola bilər, çünki onlar "öz ölməz əsərlərində o qədər incilər vermişlər ki, xarici müəlliflərin əsərlərini tərcümə etməyə ehtiyac yoxdur. Yalnız bu klassiklərin əsərlərini işləmək, yəni ərəb-fars ifadələrini çıxarıb atmaq, onu uşaqların anladığı türk sözləri ilə əvəz etmək lazımdır". Yalnız cənab Şirvanski kimi Azərbaycan ədəbiyyatı ilə qətiyyən tanış olmayan adamlar belə düşünə bilərlər. Görünür, cənab Şirvanski bilmir ki, Qasımbəy Zakirdən və Hacı Seyid Əzim Şirvanidən başqa, Azərbaycan yazıçıları və şairləri elə bir əsər verməyiblər ki, uşaqların oxuması üçün əlverişli və yararlı ola bilsin. Yuxarıda adlarını çəkdiyimiz şairlərin isə bəzi təmsilləri və şerləri yalnız üçüncü və dördüncü təhsil illərində oxunmaq üçün yararlıdır. Onların əsərlərində fars, ərəb sözlərini təmizləmək kimi bir dəyişiklik etməyə bizim nə ixtiyarımız və nə də imkanımız yoxdur: kiçik bir dəyişikliklə biz həmin şerlərin ahəngini, axıcılığını və vəznini pozmuş olarıq. Bu şairlər söz sənətkarı hesab olunurlar və öz bədii əsərlərində onlar doğrudan da bir çox qiymətli incilər yaratmışlar. Lakin uşaqlar üçün düzələn dərslikdə bu incilərin yeri yoxdur.

Qeyd etmək lazımdır ki, uşaq yazıçıları və şairləri bizdə olmamışdır və indi də yoxdur. Müasir şairlər bu cəhətdən yeni yetişən nəslə kömək etmək və məktəblərimizin bu təbii ehtiyacını, heç olmazsa, az-çox ödəmək üçün nəinki çalışırlar, onlar hətta türk şairlərinə kor-koranə təqlid edərək dilimizi rəhmsizcəsinə korlayır və ədəbiyyatımızın ruhuna yad olan bir ünsür daxil edirlər. İlk dərslərdə oxumaq üçün onların əsərlərindən bir şey seçib götürmək, südəmər uşağa çətin həzm olan bərk bir qida verməyə bərabərdir. Öz-özlüyündə aydındır ki, belə bir vəziyyətdə, özünə yararlı material tapmayanda, istər-istəməz müsəlman olmayan müəlliflərin əsərlərinə müraciət edəcәksən.

Bununla birlikdə, biz cəsarət edib cənab Şirvanskini inandırmaq istəyirik ki, "Vətən dili" kitabında Talıbzadənin "Laylay" şerindən əlavə bizim ədəbiyyatdan və həyatdan alınmış xeyli material vardır. Bunlardan "Çoban və güzgü", "İki dost", "Bülbül və qarışqa", "İlan və zəli" və sairəni göstərmək olar. Həmçinin resenziya müəllifini inandırmağa cəsarət edirik ki, "Vətən dili" kitabında bir dənə də olsun tərcümə edilmiş məsəl və tapmaca yoxdur. Onların hamısı orijinaldır, xalqdan götürülmüşdür. Puşkinin əsərlərindən isə "Vətən dili" kitabı üçün heç nə götürülməmişdir.

Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski "Vətən dili" kitabına qiymət verərkən zəhmət çəkib onun məzmunu ilə lazımi qədər tanış olmamış və kitabı yalnız səthi surətdə nəzərdən keçirtdikdən sonra öz rəyini yazmışdır. O, dərsliyin ən başlıca məziyyətlərini: sövti üsulla savad öyrədilməsi üçün hər bir dərsin diqqətlə işləndiyini, kitabın dilinin sadəliyini və anlaşıqlı olduğunu, izahın canlılığını və aydınlığını nəzərdən qaçırmışdır.

Mərhum Çernyayevski hərçənd ki, Azərbaycan ədəbiyyatının bilicisi deyildi, lakin o, gözəl pedaqoq idi, sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilini də yaxşı bilirdi. Azərbaycan xalq məsəllərini heç kəs öz danışığında onun qədər yerli-yerində işlətmirdi. Ana dilində savad öyrətmək üçün öz dərsliyini tərtib edərkən o, bir pedaqoq kimi, yararlı material seçməyi və bu materialı canlı uşaq dilində düzəldib təqdim etməyi bacarmışdır.

Bizim əqidəmizə görə, Uşinskinin birinci il "Rodnoye slovo" ("Ana dili") dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, Çernyayevskinin "Vətən dili" dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir.