Məzmuna keç

Çün gördülər bu çöldə verib üz bəla mənə

Vikimənbə saytından
Çün gördülər bu çöldə verib üz bəla mənə
Müəllif: Molla Hüseyn Dəxil
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Çün gördülər bu çöldə verib üz bəla mənə,
Biganə oldular bər kim ola aşina mənə.

Dünya məhəbbətiylə gələnlər dağıldılar,
Rəhm etməyib bu taifeyi-bihəya mənə.

Dünya tələb ki, yoxdu bu dünyada etibar,
Bəsdir əgər tapılsa, bir əhli-vəfa mənə.

Hər qədr müşgülüm ola, müşküldə qalmaram,
Bəsdir Nəcəf çölündəki müşgülgüşa mənə.

Bir kimsə olmaya qabağımda qılıc vura,
Bəsdir bu Zülfiqari-şahi-lafəta mənə.

Qismət deyil Mədinəyə getmək yəqin bizə,
Cəddim deyibdi, məskən olar Kərbəla mənə.

Rüsxətdi hər cəvanə ki, toy arzusu var,
Qalsın bu çöldə Qasım növ kəndxuda mənə.

Yoxdur işim cavanlar ilə nüsrət etməyə,
Bir dil deyibdi Əkbəri-gülgünqəba mənə.

Heç kəs bu çöldə beyət əlin verməsin mənə,
Abbas var ki, əllərin eylər fəda mənə.

Düşmən içində çünki köməksiz görər məni,
Eylər Səkinə zülfü əlində dua mənə.

Mən heç kimin inayetinə təkyə etmərəm,
Bəsdir təvəkkül eyləməyə bir xuda mənə.

Məndən sonra Dəxilimə fürsət ver, ey xuda,
Dutsun fərağət ilə həmişə əza mənə.