Çünki rəf oldu üzündən, ey şəhi-хuban, niqab
Çünki rəf' oldu üzündən, ey şəhi-xuban, niqab Müəllif: İmadəddin Nəsimi |
Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqab,
Qalmadı küfrü zəlalət, zahir oldu afitab.
Həq əyan oldu sənə, ey məzhəri-zatü sifat,
Kənzi-məxfi aşikar olduvü həm yövmül-hesab.
Xeymeyi-miad imiş gördüm vücudum sərbəsər,
Kafü nundan iki yana hər tərəf əlli tənab.
Ol ki, bu sirri bilir oldu şəhi-Misri-vücud,
Hökm anın, buyruq anın, ol sahibi-əmrü xitab.
Kirpigin, qaşınla zülfün sirrini məndən eşit,
Ta sənə ərz oluna həm mə’niyi-ümmül-kitab.
Arifi-həq istərəm söz tanıya aləmdə kim,
Söyləyəm məqsudumu ta ol verə gerçək cavab.
Divi-naməhrəm nə bilsin sirri-ərvahi-nəbi,
Talibi-dünyayi-dundur nəfsi-nadanü kilab.
Sirri-pənc əlhəmd faş oldu zi vəchü dəstü pa,
Ey kəlamüllahi-natiq, ta be key başi bexab.
Valiyi-əhd oldun, ey Seyyid, zi Fəzli-ləmyəzəl,
Gör nə der vali budur, vallahu ə’ləm bissəvab.