Çıxarır

Vikimənbə saytından
Çıxarır
Müəllif: Xəstə Qasım
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
İsfahanda bir dəllək var,
Baş qırxanda zol çıxarır.
Ətindən az-az götürür,
Dərisini bol çıxarır.

Ayağını qoyur qoşa,
Ülkücünü çəkir daşa,
Zərbi elə gəlir başa,
Tikmədaşa yol çıxarır.

Bir fətəsi vardır bezdən,
Durub gəlir səhər tezdən,
Yarı haqqın alıb bizdən,
Yenə acı dil çıxarır.

Ülkücünü çapışdırır,
Suyu tasdan qapışdırır.
Kəsir, pambıq yapışdırır,
Başımızdan kol çıxarır.

Bu usta necə ustadı,
Həmişə gözü tasdadı.
Xəstə Qasım can üstədi,
Elə bilir pul çıxarır.