Məzmuna keç

Çəkər (Ağbabalı Nəsib)

Vikimənbə saytından
Çəkər
Müəllif: Ağbabalı Nəsib
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Yazıya bax, gözəl gedir çirkinə,
Əğyar olan alagözə mil çəkər.
Bu ağrıdan ürək yanar, od olar,
Naləsini dodaq çəkər, dil çəkər.

Dərdimiz bir, sərimiz bir dünyada,
Fələk zalım, taleyimiz kür dünyada,
Murad almaq bir əcəb sirr dünyada,
Çərx hərlənər, neçə-neçə il çəkər.

Aşıq Nəsib, bas sinənə sazını,
Qadir Allah qara yazdı yazını.
Sözünü de, bilməsən də yazını,
Qəm karvanın çəksə-çəksə fil çəkər.