Məzmuna keç

Çəkər (Aşıq Şenlik)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Çəkər
Müəllif: Aşıq Şenlik
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Sevda sitəmindən cismim səd parə,
Qəm ləşkəri bu hicrana mil çəkər.
Loğman-təbib olub sağaltsa yaram,
Kim bilir, müddəti neçə il çəkər!?.

Hicran alayları doymaz qanımdan,
Görən ibrət alar Nuh tufanımdan.
Cəllad kimi tutub gireyvanımdan*,
Nə alar canımı, nə də əl çəkər.

Şenliyin fəryadı yeksan-xak kimi,
Salıbdı lərzəyə qəm əflakımı.
Məndə olan dərdin hicran yükünü
Nə kirədar daşır, nə də fil çəkər...