Məzmuna keç

Çəkər birəhmlər yanında hər saət zəban xəncər

Vikimənbə saytından
Çəkər birəhmlər yanında hər saət zəban xəncər
Müəllif: Məhəmməd Füzuli


Çəkər birəhmlər yanında hər saət zəban xəncər,
Günahım sabit eylər, ölməyim xatirnişan xəncər.

Zülali-vəslinə ləbtəşnəyəm bir türki-bədxuyin
Kim, ondan qətreyi-ab istəsəm, dartar rəvan xəncər.

Verir pərvanə öz canın sənə çün ixtiyar ilə,
Nə hacət şölədən, ey şəm, çəkmək hər zaman xəncər?

Həzər qıl, gəzmə çox pərvasız, ey bülbül ki, qətlinçün
Tikəndən daməni altında qılmış gül nihan xəncər.

Müjən qanım töküb, qəmzən alır canım, əcəb sanma,
İşidir töksə qan ox, adətidir alsa can xəncər.

Qaşınla gözlərindir hər tərəf, ya bir niza üzrə
Çəkibdir bir-birinə iki sərxoş türkmən xəncər?

Xəyali-qəmzən ilə bəs ki, rahət getdi cismimdən,
Sanasan pəhluyi-çakimdədir hər üstüxan xəncər.

İlətsəm xəncərin şövqini qəbrə, hər bahar olğac,
Olur səbzə yerinə xaki-qəbrimdən əyan xəncər.

Qucar zərrin kəmərlə belini, vəh bu nə taledir
Ki, altun qüvvətilə beylə olmuş kamiran xəncər.

Xəyali gözdədir, kirpiklərin dəprətmə, ey mərdüm
Ədəb şərti deyil mehmanə çəkmək miziban xəncər.

Göz açıb busitanə xətti-səbzinsiz nəzər qılsam,
Görünür gözlərimə səbzeyi-hər busitan xəncər.

Dəhanın yox demişlər, söylə bu gaftar qandandır,
Belin peyda deyil, de qanda dutmyşdyr məkan xəncər?

Məhali-əqldir kim, ola müjganın kimi xuni,
Əgər ustad əlindən su yerinə içsə qan xəncər.

Rüxi-zərdim salıbdır xəncərin güzgusinə əksin,
Və ya simin əlində dutduğundur zərnişan xəncər.

Zəbani-tiz ilə ortaya girmiş müttəsil guya,
Olam der madihi-peyğəmbəri-axirzəman xəncər.

Şəhənşahi ki, tiği-abidari zahir olduqda,
Əlindən saldı Xosrov nizəvü Nuşirəvan xəncər.

Yəməndən baş çəkəndə məhçeyi-rayati-iqbali,
Buraxdı tirə toprağə şəhi-Hindustan xəncər.

Səfarayi-müsafi-Bədrdir izhari-möcizdə,
Şikafi-pərniyani-bədir üçün qılmış nişan xəncər.

Əduyi-cahinin qəti-həyatiçün çəkər hər ay,
Qilafi-lacivərdidən hilali-asiman xəncər.

Səhər feyzi ki, dün tək tirə qılmazdı dili-safın,
Günəş tək qəsdinə çəksəydi min namehriban xəncər.

Səxi təbi ki, rüxsarə süpər tək çin buraxmazdı,
Əgər qəsdinə çəksəydi qamu əhli-zəman xəncər.

Olurdu dideyi-bədbinə izhari-nübüvvətdə,
Onun göndərdiyi hər nameyi-möcizbəyan xəncər.

Qəzalərdə duayi-cövşənində çarə qılmazdı,
Özün hər necə qılsa təcrübə tir, imtəhan xəncər.

Əya şahi ki, daim xəncəri-şərin nizamiçün,
Çəkibdir min şəhənşəh tiğü min sahibqiran xəncər.

Əgər namusi-şərin olmasaydı xəlqə müstəvli,
Nə bir pürdil çəkərdi tiğü nə bir pəhlivan xəncər.

Nəqizi-hökmünün qəti-fəsadiçün əliflərdən,
Kəlamüllah bihəd tiğ çəkmiş, bikəran xəncər.

Münafiq edə bilməz şərinə mədxəl ki, çevrəndə,
Məlaik pərrü balın görsə div eylər güman xəncər.

Bihəmdillah ki, hala dideyi-bədxahə nətində,
Füzuli nəzminin hər sətridir bir cansitan xəncər.

Zəbani-xaməsi isbati-ecazında küffarə,
Gəhi dilduz navək göstərir, gəh xunfəşan xəncər.

Şəfiül-müznibina, məhşər əyyami ki, duzəxdən,
Çəkər hər ləhzə mücrim qəsdinə bir biəman xəncər.

Budur ümmid kim, məhfuz olam hüsni-pənahində,
Ğilaf içrə nəçük kim, saxlanır, görməz ziyan xəncər.