Çəkməsin (Aşıq Hüseyn Bozalqanlı)

Vikimənbə saytından
Çəkməsin
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: "Aşıq Hüseyn Bozalqanlı", "Ozan dünyası" jurnalı, № 2(13), 2013. səh.19-21.

Hər cəfənglər saz götürüb, söz deyib,
Şairlik ismini sana çəkməsin.
Çibin, milçək zənbur kimi sızlayar,
Qanqalın şəhdini şana çəkməsin.

Şairlik elmində pürkamal gərək,
Divani, təcnisi hər misal gərək.
Kotana qoşmağa kəltə kəl gərək,
Kələ qabaq körpə dana çəkməsin.

Eşqin kürəsində bişib, yanmayan,
Qafiyəsin, qələtini qanmayan,
Bədöy bəsləyibən köhlən minməyən,
Ulağını bu meydana çəkməsin.

Ustadlar kəlamı bizə gələndə,
Xəstə cismim olur təzə, gələndə.
Arif mclisində üzə gələndə,
Onda yaxasını yana çəkməsin.

Lənət müxənnətə, ara qatana!
İnsan gərək yalan sözdən utana.
Xəbər verin, sınıq saxsı satana,
Cürdəyini hər sindana çəkməsin.

Qovğaya düşübdü, bu yazıq Hüseyn,
Nə məndə can qaldı, nə də baş, beyin.
Tülkü dərələrdə aslana boyun,
Hünərini qana-qana çəkməsin.