Məzmuna keç

Çəpər çəkin!

Vikimənbə saytından
Çəpər çəkin! (03.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Kəsin bütün meşələri,

Xəyanətə çəpər çəkin!

Qırın bütün şüşələri,

Rəzalətə çəpər çəkin!


Özün çəkir yenə lordlar,

Açılıbdı bütün kartlar.

Ay ikili standartlar,

Ədalətə çəpər çəkin!


Ay şər işin güvənləri,

Dağdan yığın gəvənləri,

Ayrı salın sevənləri,

Məhəbbətə çəpər çəkin!


Şirin yasla acı düyün –

Özünüzü bu cür öyün!

Kor şeytana bac ödüyün,

Sədaqətə çəpər çəkin!


İşi bir növ yola verin!

Nəfsinizi çölə verin!

Qorxaqlar, əl-ələ verin,

Cəsarətə çəpər çəkin!


Mərdin işlərini burun,

Namərdlərə həyan durun!

Sal buzdan qayalar qurun,

Hərarətə çəpər çəkin!


Düzəldəcək əmi, dayı,

Çıxarsa işlərin zayı...

İşi tutun dodurqayı,

Məharətə çəpər çəkin!


Bu dünya yada qalandı,

Korluq çəkməyin, amandı!

Bacarana baş qurbandı –

Əmanətə çəpər çəkin!


Lotuluq əkin, şər biçin,

Tutmuyun sözün hər gicin!

Ay lotular, yeyin-için,

İbadətə çəpər çəkin!


Fürsət düşsə əlinizə,

Zəhər qatın balınıza.

Haram qatın malınıza,

Bərəkətə çəpər çəkin!


İgidləri tanı elə!

Qurban deyər canı elə!

Şəhidlərin qanı ilə

Məmləkətə çəpər çəkin!


Bax, beləcə həvirləşin,

Bu eyhamı fikirləşin...

İnsan olanlar, birləşin,

Cinayətə çəpər çəkin!


Yenə göylər dumanlıdı,

Cəlladın əli qanlıdı.

Əsir ellər, imanla di,

Əsarətə çəpər çəkin!