Çətindi (Ağ Aşıq)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Çətindi Müəllif: Ağ Aşıq |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Libasnan, duruşnan, boyun-buxunnan,
İnsanı tanıyıb, bilmək çətindi.
Qanannan, qanmaznan dolanmaq olar,
Yarımçığı başa salmaq çətindi.
Mətləbini söylə, mətləb qanana,
İşarə lazımdı arif olana,
Tərəqqidən tənəzzülə enənə,
“Bəh-bəh”-deyib, qəh-qəh gülmək çətindi.
Allahverdi işin yox fitnə, felnən,
İnsanı qarşıla şirin dilinən,
Ayrılma yoldaşdan, bir ol elinən,
El olmasa, tək ucalmaq çətindi.