Məzmuna keç

Çağıdı (Qasım bəy Zakir)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Çağıdı (Qasım bəy Zakir)
Müəllif: Qasım bəy Zakir
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qadir Allah səbəb salıb arayə,
Sevdiyim, ixtilat qatmaq çağıdı.
Dur qolboyun olaq, fursət var ikən,
Nə qəmə, qüssəyə batmaq çağıdı?

Götür qoy bir səmtə bəzəyin, sərin,
Qorxuram dağıla zərli zivərin.
- Başın qüllabəsin, belin kəmərin
Hər biri bir yana atmaq çağıdı.

Üz bürüməz yar yarını görəndə,
Bu xasiyyət nədir bilməzəm səndə?
Biganələr kimi oturma gendə,
Gəl sarmaşaq, alıb-satmaq çağıdı.

Qul xətasız olmaz, ey çeşmi xumar!
Öldürsən də sonra ixtiyarın var.
Bu gündən sabaha yoxdur etibar,
Soyun, gecə keçdi, yatmaq çağıdı.

Canım qurban qaşlarının tağına,
Pərvanə tək dolan solu sağına.
Zakir, dön başına, düş ayağına,
Nə danışıb söz uzatmaq çağıdı?!