Məzmuna keç

Çağdaş Azərbaycan tarixi

Vikimənbə saytından
Çağdaş Azərbaycan tarixi (1951)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Mənbə: Çağdaş Azərbaycan tarixi


Xanımlar, bəylər!

“Azərbaycan Mədəniyyəti Birliyi”nin inzibati şurası “Azərbaycan tarixi Birinci dünya müharibəsindən zamanımıza qədər” mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim.

Milli Azərbaycan Respublikasının qurulduğu 1918-ci ilin 28 mayı qədər çağdaş Azərbaycan tarixinin ünlü bir günü yoxdur. Çağdaş Azərbaycan tarixinin ibtidasını on doqquzuncu əsrin başlanğıcından saya bilərik. Bu tarixdən bəri Azərbaycan cəmiyyəti düşdüyü çətin şəraitə baxmayaraq, orta çağların əsaslarını zehniyyətlərindən sıyıraraq çağdaş mədəniyyətə doğru getmişdir. Həmin tarixdə, bir neçə feodal xanlıqlar halında istilaya uğrayan Azərbaycan 1918-ci ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi. Çağdaş Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə bilər. Çünki bu tarix çağdaş tariximizin keçmişini və gələcəyini müşahidəyə yarayan yüksək bir baxım nöqtəsidir.

Bundan 32 il öncə açıqlanaraq Milli Azərbaycanın istiqlalını ehtiva edən qanunnamə, sadəcə, əsrlik, əsarət altından duran və öz müqəddəratını təyin etmək haqqından məhrum olan bir millətin azad bir dövlət qurduğunu elan etməyə qalxındı. Eyni zamanda, bu günkü beynəlxalq şəraitdə xüsusilə aktuallaşan azadlıq və demokratiya ümdələrinin də Azərbaycan xalqı tərəfindən mənimsənilmiş olduqlarını meydana qoydu.

Otuz iki ildən bəri Azərbaycan türklüyü bu yüksək ideyalar uqrunda min bir bəlaya köks qərmiş və bu uğurda ən dəyərli övladlarını qurban vermişdir. Verəcəyimiz tarixi xülasə məhz bu qurbanların izi ilə gedən nəsillərin müxtəlif forma və şərtlər daxilində baş verən mücadilələrin bir hekayəsidir. Lakin bu hekayəyə başlamadan əvvəl Azərbaycan istiqlal qurbanlarını və onların ardınca gedən fədakar qardaş şəhidlərini minnət və şükranla anmaq vazifəmizdir. Əziz xatirələrini anmaq üçün sizi ehtiram sükutuna dəvət edirəm.

* * *


28 may tarixindən sonrakı hadisələri xülasə etməkdən əvvəl bu tarixdən əvvəlki dövrü qısaca gözdən keçirək.

XIX əsrin əvvəllərində İslam Şərqi dünyasının düçar olduğu ümumi tənəzzül şəraiti içində bütün Qafqaziya ilə birlikdə Azərbaycan da rus istilasına uğradı. Tarixən ənənəvi olaraq Türk və İslam dünyası ilə mücadilədən ibarət olan rus səltənətinə ancaq Allah gücü ilə boyun əymək məcburiyyəti qarşısında qalan Azərbaycan mənən heç bir zaman rus dövlətinə ram olmadı və fürsət düşdükcə milli varlığını izhar etdi. Yüz illik əsarət həyatından sonra Birinci dünya müharibəsi nəticəsində çökən rus imperatorluğunun xarabalıqları altından Azərbaycan milli bir bütöv halında qiyam etdi və yuxarıda qeyd etdiyimiz kimi istiqlalına qovuşdu.

Çarlığın Azərbaycan türklüyünə endirdiyi böyük zərbələrdən biri onu əsgəri xidmətə cəlb etməməsi idi. Bu surətlə fitrətən cəngavər olan bura türklərini əsgəri xidmətdən yadırğatmaq və beləliklə, onları Rusiya imperializmindən asılı vəziyyətə salmaq istəyirdilər. Sonralar, 1918-ci il hadisələri zamanı bunun çox böyük zərəri göründü. Azərbaycan xalqı istiqlalını müdafiə üçün hərbi qüvvələrini dərhal yaratmaqda böyük çətinliklər çəkdi. Yəni başda ermənilərlə gürcülər olmaqla, özlərini təmsil edən milli təşkilatların verdikləri əmrnaməyə görə rus ordusunda xidmətdə olan əsgərlərini bir anda erməni və gürcü qoşun hissələri halında təşkil edə bildikləri halda, azərbaycanlılar edə bilmirdilər. Çünki rus ordusunda azərbaycanlılar yox idi. Bu səbəbdəndir ki, respublika qurulan zaman silahlı rus qüvvələrinə dayanan bolşeviklər Azərbaycanın paytaxtı Bakını zəbt etdilər, türk-müsəlman əhalisini qırğına verdilər və Gəncədəki milli Azərbaycan qüvvələrini də hədələməyə başladılar. Bu təhlükə qarşısında 1918-ci il 4 iyunda Batumda o zamankı Osmanlı höküməti nümayəndələri ilə bir müqavilə imzalandı və bu müqaviləyə görə türk ordusu azərbaycanlı qardaşlarının köməyinə gəldi və 1918-ci ilin 15 sentyabrında birləşmiş qüvvələr Bakını qəsbkar əllərdən xilas etdilər. 1918-ci ilin 30 oktyabrında imzalanan Mondros sülh müqaviləsinə görə türk ordusu Azərbaycanı tərk etdi, onun yerini ingilis işğal ordusu tutdu, daha sonra ingilislər çəkildikdən sonra Azərbaycan Respublikası öz işlərini özü idarə etməyə başladı.

Azərbaycan Respublikası çox ağır şərait və məhrumiyyətlər içində qısa bir zamanda hüquqi, idari, siyasi, iqtisadi, hərbi və milli maarif sahələrini tənzim etdi, məmləkətdə asayiş və intizamı yoluna qoydu və nəticədə, 1920-ci ilin 12 yanvarında böyük dövlətlər tərəfindən istiqlalı tanındı. Qonşu Türk və İran dövlətləri də daxil olmaqla, başda Amerika Birləşmiş Ştatları böyük-kiçik bir çox dövlətlərlə münasibətlər yaradıldı.

Lakin Yaxın Şərqdəki hadisələrdən istifadə edən bolşeviklər Rusiyadakı daxili müharibədə müvəffəqiyyət qazanaraq, Qafqaziyanı yenidən fəth etməyə qalxdılar və 1920-ci ilin 27 aprelində üstün qüvvələrlə hücuma keçərək Azərbaycan Respublikasını istila etdilər və nəticədə sovetləşdirdilər.

* * *


Əsas hissələrini ixtisarla qeyd etdiyimiz bu hadisələr haqqında türkcə jurnal və ensiklopediyalarda və ayrı-ayrı cildlər halında nəşr olunan kitab və broşuralarda ətraflı məlumat verilmiş olduğu halda, istiladan sonrakı hadisələr haqqında toplu olaraq oxucunu təmin edəcək və tədqiqatçıların müraciət edə biləcəkləri qaynaqlar o qədər də kifayət deyildi. Buna görə söhbətimizdə xüsusilə məsələnin bu tərəfi üzərində dayanacağıq.

Milli Azərbaycan Respublikasının bolşeviklər tərəfindən istilası işğalçılar üçün çox əlverişli şəraitdə baş verdi.

Birinci dünya müharibəsindən sonrakı hadisələri yaxından müşahidə edənlər bilirlər: Antanta dövlətləri müharibədən sonra Rusiyada ortaya çıxan bolşevikliyi məhv etməyə təşəbbüs etdilər. Bu məqsədlə Rusiyanın müxtəlif yerlərinə xüsusi hissələr halında quru və dəniz qüvvələri göndərdilər. Lakin bu təşəbbüslər bütün yerlərdə eyni müvəffəqiyyətlə nəticələnmədi. Baltik sahillərindəki respublikaların bolşeviklərə qarşı istiqlal mücadilələrinə yardım etmək mümkün oldu: lakin cənubda, Qara dəniz sahillərindəki məmləkətlərdə Avropa qüvvələrinin yardımı uğursuzluqla nəticələndi. İstənilən siyasi məqsədə nail olmadan mənsub olduqları məmləkətlərin daxili vəziyyətindən doğan səbəblər üzündən fransız hərbi hissələri Ukraynadan, ingilislər isə Türküstan və Qafqazyadan geri çağırılmış oldular. Bu vəziyyət bolşevikləri Qafqaziyaya hücuma cəsarətləndirdi: bununla bərabər, o zamankı ingilis baş naziri Lloyd Corc Londona gəlmiş sovet xarici ticarət komissarı Krasinə kral hökümətinin Qafqaziya işlərinə qarışmadığını bildirmişdi.

Qafqaziyanın ən yaxın qonşuları olan İran və Türkiyə, xüsusilə sonuncusu, bu sıralarda milli varlıqlarını qorumaq üçün bolşeviklərlə dostluq etmək və hətta ittifaq bağlamaq məcburiyyətində idilər.

Beynəlxalq vəziyyətin bu şəkildə olması daha möhkəmlənməyən Azərbaycan Respublikası üçün çox faciəli bir sonluqla nəticələndi. Azərbaycanı zorla işğal edən bolşeviklər, Qızıl Ordunun yunanlara qarşı müharibədə sıxışdırılmış Kamal Türkiyəsinin yardımına getmək istədiklərini, Müsavat hökümətinin isə buna mane olduğunu müxtəlif vasitələrlə məharətlə təbliğ edirdilər. Bu şeytan taktıkası istənilən nəticəni verdi. Bolşeviklər əməllərinə asanlıqla nail ola bilməzdilər. Azərbaycanda sadəcə bolşeviklərə xas sosial motivlərlə iş görmək mümkün deyildi. Məmləkətin sosial, tarixi və mənəvi quruluşu bu təbliğata uyğun gəlməzdi. Bakının kommunist partiyasının təşkilində müstəsna bir yeri olmasına baxmayaraq, bolşevizmin bir doktrina kimi Azərbaycanda bir o qədər də çoxlu möminləri yoxdu. Bakıdakı müsəlman işçilərin böyük əksəriyyəti Milli Azərbaycan Müsavat partiyasının ardı ilə gedirdi. 1917-ci ildə Bakı işçiləri şurası seçkilərində bu partiya səslərin 70%-ni qazanmışdı. Yalnız Bakı qarnizonundakı rus əsgərləri ilə eyni limanda yerləşən hərbi donanmaya mənsub rus dənizçilərinin qüvvələrinə arxalanan bolşeviklər seçkilərin yenidən keçirilməsini tələb etdilər və bu dəfə min bir hiylə və müdaxilə ilə istədikləri çoxluğu təmin edə bildilər. Bolşevik partiyasının Cənubi Qafqaziya komitəsinə görə Qızıl Ordu tərəfindən tutulmasından əvvəl Bakıdakı türk (yəni azərbaycanlı) kommunistlərin sayı 300-dən çox deyildi. Rus Kommunist partiyasının Bakı komitəsində 3 erməni, 2 rus və bir də gürcü vardı.

Milli Azərbaycan Respublikasının müdafiə qüvvələrini qırdıqdan sonra Sovet Ordusu irəliləyərək Ermənistan ilə Gürcüstanı “sovetləşdirdi” və sadəcə, Qafqaziyanı tutaraq, 1914-cü ildəki sərhədlərini bərpa etdi. Zatən istədiyi də bu idi.

Türkiyəyə yardım təbliğatı artıq söhbət mövzusu deyildi. Lakin əsl bolşevik hakimiyyəti indi başlanırdı. Bütün milli müəssisələr bağlanılır, milli ordu dağıdılır, ziyalılar öldürülür, “Çeka” vəhşiliklər törədir, “soyğunçuluq həftəsi” təşkil edilir, sinfi mübarizə alovlandırılır, ictimai nifrət qızışdırılır, qardaş qardaşa qarşı təhrik edilir, bir sözlə, məmləkət sovetləşdirilirdi.

Bütün bunlarla bərabər, milli müqavimət davam edirdi və Azərbaycanın hər tərəfində qanlı hadisələr olurdu. Müxtəlif yerlərdə davam edən üsyanlar arasında 1920-ci ildə baş vermiş Gəncə üsyanı xüsusilə diqqətəlayiqdir. Buradakı üsyanı yatırmaq üçün Qızıl Ordu 8000 nəfərlik hərbi hissə göndərmişdi. Silahlı üsyanlar məmləkətdə daimi hal almışdı. 1925-ci ildə verdiyi bir raportunda Azərbaycan Daxili İşlər komissarı Bağırov 52-dən artıq üsyan hadisəsini qeyd edir. Kəndlərin kollektivləşdirilməsi illərində (1930-1932) Azərbaycandakı üsyanlar xüsusilə şiddətlənir. Bəzi şəhərlər minlərlə üsyançının əlində qalırdı. Bu zamankı vəziyyətin “qorxuncluğu”na Sovet komissarı Elinvanın məşhur bir bəyanatında rəsmən şəhadət edilmişdir. Milli müqavimət kütləvi üsyanlardan başqa, müxtəlif növ təxribatçılıq xarakterini də daşıyırdı.

Bu əməli müqavimət hadisələri ilə bərabər, məmləkətdə siyasi konspirasiya, yəni gizli çalışma aktları da güclü şəkildə davam etdi. Gizli bəyannamələr, hətta qəzetlər nəşr olundu. Bakıda, “Çeka”nın lap yaxınlığında gizli bir mətbəə işləyirdi: burada çap edilən “İstiqlal” qəzeti 19-cu nömrəsini buraxmağa müvəffəq olmuşdu. Bu mətbəənin sirri yalnız bir təsadüf nəticəsində açıldı: polis qəlp pul düzəldən maşın axtararkən “Müsavat” mətbəəsinin üstünə çıxdı.

Bu hadisə Sovet hökümətinin görünməmiş təzyiqinə səbəb olur. Yaxalanan müsavatçılara işgəncələr verilir. Məhbuslar gördükləri zülmlərə görə aclıq elan edirlər. Müsavatçıların Solovki adı ilə məşhur olan sürgün yerindəki qəhrəmanlıq mücadiləsi keçmişdə “çekist” ikən, sonra qaçaraq 1936-cı ildə Şanxayda “Sovetlərdə ölüm kampaniyaları” adı ilə nəşr etdirdiyi əsərdə Kiselev-Qromov təfsilatı ilə bəhs edir. Solovki və buna bənzər sürgün yerləri ilə bütün sovet zindanlarında iztirab çəkənlər, təbii, sadəcə müsavatçılar deyil, ümumiyyətlə, bütün milli zümrələrin nümayəndələri idi. Bolşevik leksikonu Azərbaycandakı bütün vətənpərvərləri müsavatçı adlandırır. Müsavatçılıq vətənpərvərliyin sinonimidir.

Azərbaycan Kommunist Partiyasının XIV Bakı qurultayında söz söyləyən partiya katibi Bağırov demişdir ki: “İndiki halda “Müsavat” partiyası mərkəzi komitəsinin üzvlərindən dördü “Çeka” həbsxanasındadır. Bunlardan hər biri Sovet dövlət idarəsində yüksək mövqe tuturdu, sovet məmurluğu ilə müsavat partizanlığını bir şəxsdə necə birləşdirdiklərini onlardan soruşduqda onlar: bu həm asan, həm də ucuz başa gəlir, deyə zarafat edərlərmiş. Bolşeviklərin – milliyyətçiliyi tamamilə yox etdik, – dedikləri bir çox bəyanatlarına baxmayaraq, sovet mətbuatı ilə höküməti son illərə qədər Azərbaycan vətənpərvərliyinin rəmzi kimi tanınan müsavatizmlə şiddətli mübarizə aparmışlar. 1932-ci ildə toplanan AKP-nin qurultayının qərarına görə “Müsavat” partiyası ilə sadəcə daxildə deyil, xaricdə də mübarizə aparılmalıdır.

1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair çıxışında 1918-ci ilin 28 mayında Azərbaycanı Sovet Rusiyasından ayırmağa cəsarət etmiş “Müsavat” partiyasının üstünə düşür. Ona görə o, “Müsavatçıların Azərbaycandakı hakimiyyyəti tarixin ən qaranlıq dövrüdür”, “inqilab əleyhdarı olan müsavat partiyasının tarixi daimi bir xəyanət və dönüklük tarixidir” – deyir.

Milli təmayüllər sovet ziyalılarının geniş təbəqələrinə nüfuz edir: bu, xüsusilə məktəblərdə və mədəniyyət sahəsində çalışanlar arasında duyulur. Daxili İşlər Komissarı Bağırov çıxışında demişdir ki: “Müsavat partiyası Mərkəzi Komitəsinin bir təlimatnaməsi əlimizə keçib: burada müəllimlərə məktəblərdə milli şüur təbliğatı aparmaq və şagirdlər arasında rus-bolşevik rejiminə qarşı nifrət oyandırmaq tövsiyyə edilir” (“Kommunist”, 302, Bakı).

İstilalar orqanları uzun müddət Azərbaycanın təhsil sistemində “panturanizm”i təmizləməklə məşğul oldular. Ümumtürk dünyası ilə hər cür münasibətlər yaratmaq istəyən təmayülə “panturanizm” deyilirdi.

* * *


Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar Azərbaycanda “proletar mədəniyyəti”ni bərqərar etmək istəyirdilər. Qısaca “proletkult” adlandırılan bu formulun mənası “formaca milli, məzmunca kommunist” olan bir ədəbiyyatdır. Lakin bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. Çünki bu iş üçün hazırlanmış kadrlar yox idi. Məktəb kimi, ədəbiyyat da uzun zaman kommunizmə yabançı olan ideoloqların təsiri altında qalırdı. 1937-ci ilə qədər bu sahədəki əsl hakimiyyət “inqilab”dan əvvəlki qələm sahiblərinin əlində idi. Bu iddianı təsdiq edən dəlil və hadisələr “Çağdaş Azərbaycan ədəbiyyatı” mövzüsünda oxuduğumuz məruzədə danışıldığından, burada təfsilata varmayacaq, yalnız sovet mətbuatından mövzuya aid olan bir neçə sətri nümunə gətirəcəyik. 1921-ci ilin 5 oktyabr tarixli Bakıda çıxan “Kommunist” qəzetində o zamankı Maarıf nazirinin Yazıçıların qurultayındakı çıxışında belə yerlərə rast gəlirik: “Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin “Müsavat” dövründən xəbəri yoxsa da, yenə Cavadın (milli şair Əhməd Cavad nəzərdə tutulur) milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə, Azərbaycanın gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və “Baxımsız Azərbaycan” şüarını idealizə etməyə başlayırlar. Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar; indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər (“Kommunist”, № 2765 – 46, 1929). Adları çəkilən şairlərin bir hissəsinin başqa yerlərə qaçaraq milli ideologiyanı tərənnüm etdiklərini də bilirik. Bakı mətbuatından öyrəndiyimizə görə, Tağı Şahbazi, Böyükağa Talıblı, Əli Rza və Əhməd Cavad kimi yazıçılar sovet ədəbiyyatında millətçiliyi təbliğ etdiklərinə görə Yazıçılar İttifaqından xaric edilmişlər.

* * *


Sovet höküməti, Azərbaycandakı milli meyillərlə təbiidir ki, yalnız ədəbiyyat və maarif sahəsində mübarizə aparmır. Azərbaycan Kommunist Partiyasının tarixi partiya sıralarının “milli sapıntılıq”dan təmizlənməsi tarixidir. Milli sapıntılıq isə yerli kommunistlərin partiya ilə sovet idarələrinin Moskvanın hədsiz müdaxiləsindən qorumaq istəyən hərəklərtlərinə deyilir.

Diqqət etdinizsə, “sapıntıçılıq” adlanan bir təbir işlətdik. Bununla “uklonist” sözü tərcümə edilir. “Uklon” – doğru yoldan sapmaq deməkdir. Kommunizmin əsas əqidələri ilə razı olmayanlara və partiya intizamına riayət etməyənlərə bu adı verirlər. Rus olmayan sovet respublikalarında milli istiqlal fikrinə meyl edənlərə “milli sapıntıçılar” adı verilir. Daha sonra, 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının Baş katibi Əyyub Xanbudaqov Azərbaycan sapıntıçılarına başçılıq etdi və bu cərəyanın istədiklərini bu şəkildə formullaşdırdı: 1. Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq. 2. Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçiləcək. 3. Azərbaycan milləti öz-özünə idarə etmək çağına çatmış ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya “yerli millətçilik” damğası vurur. Buna qəti olaraq son qoyulacaq. 4. İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil, gerçəkdən türkləşdiriləcək. 5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən Sovet hökümətinin məskunlaşdırma siyasətinə son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi Qafqaz Sovet Respublikaları Federasıyasının təşkilatı əsası ilə qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi. Bu federasiya sonradan dağıldı).

Xanbudaqovun bu çıxışı Azərbaycan kommunistləri arasında qüvvətli bir hərəkata səbəb oldu. Bu hərəkat Moskvanın zorakı tədbirləri ilə nəticələndi. Xanbudaqovu Azərbaycandan sürgün etdilər. Azərbaycan Kommunist Partiyasının Baş katibliyinə bundan sonra Moskvadan təyin olunan yabançı katiblər göndərildi. Partiyanı Xanbudaqov tərəfdarlarından təmizlədilər. Komsomol adlandırılan gənc kommunistlərin belə 40%-i təşkilatdan qovuldu.

Bu dövrə aid Moskva və Bakı qəzetləri partiya kütlələrini sarmış millətçilik təsirinə qarşı mübarizədə səhlənkarlıq göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə hücumlar edirlər. 1929-cu ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyasının baş orqanı olan “Pravda” qəzetindəki “Azərbaycan Kommunist Partiyasının faciəli iflası” başlıqlı məqaləsində Bolşevik Partiyası müfəttişlərindən Yaroslavski yazırdı:
“Bakı Azərbaycanın paytaxtıdır. Azərbaycan – bütün müsəlman Şərqinin inqilabi mərkəzidir. Bakı pantürkizm ilə panislamizm ideyalarına qarşı savaşan internasionalizm qalasıdır. Buna görə, kommunizmin Bakıdakı faciəli aqibəti haqqında yazı yazmaq acıdır. Bir Bakı ki, arxasında işçi hərəkatının on illərcə sürən böyük bir tarixi vardır; bir Bakı ki, böyüklüyü etibarı ilə Sovet İttifaqının üçüncü şəhəri sayılır... Sovet neftinin 70%-ni Azərbaycan verir. İmperializmin gözü Azərbaycandadır. Müsavatçılar gecəli-gündüzlü Azərbaycan xalqının etimadını qazanmağa çalışırlar. Işçi partiyasının gücü bu ünsürlərə qarşı mübarizə aparmaqdadır. Buna görə də Bakı haqqında pis şey yazmaq çox ağır və kədərlidir”.

“Pravda”dan sonra, hökümət organı olan “İzvestiya” qəzeti də Azərbaycandakı vəziyyət haqqında bir mərsiyə yazır: “Dövlət sənayesini planlaşdırma idarəsinin başında “Müsavat” hökümətinin Nəqliyyat naziri olmuş bir mühəndis, kənd maarifi və abadlaşdırma işlərinin başında da müsavatçı bir vəkil durur” – deyə şikayət edir. Bakıda çıxan “Kommunist” qəzetində AKP Bakı komitəsi katiblərindən Cəbiyev sapıntılığın Azərbaycan şəraitində türk millətçiliyi şəklini aldığını yazır. Onun söylədiyinə görə, 1922-ci ildə beyinləri millətçilikdən dumanlanan kommunistlər Azərbaycanı burjua demoktratik respublikası elan etməyi planlaşdırırlarmış.

AKP Mərkəzi Komitəsinin katibi Leon Mirzoyan 1923-cü ildə Kommunist Partiyasının Bakı təşkilatında oxuduğu bir raportda bəzi yerli kommunistlərin Azərbaycanın sənayeləşdirilməsi planının dəyişdirilməsini tələb etdiyini söylədi. Və sonra dedi ki, bu plan onlara görə məmləkətin iqtisadi müstəqilliyini tamamilə təmin etməli, Azərbaycandan toplanan vergilərin yerli ehtiyaclara sərf edilməsinə yönəltməli, Azərbaycana rusları köçürmə siyasətinə son qoymalı, Azərbaycana rus köçkünlərinin deyil, İdil*[1] boyundakı tatarların gətirilib yerləşdirilməsinə gətirib çıxarmalıdır. Çünki eyni dil və mədəniyyətə malik olduqları üçün bunlar yerli türk əhaliyə daha asanlıqla uyğunlaşar və məmləkətin milli simasını dəyişməzlər.

Moskvadan təyin olunan AKP Baş katibi Polonski 1932-ci ildə Azərbaycanın Rusiyadan ayrılmasını və özbaşına, müstəqil bir dövlət olmasını istəyən yerli millətçiliyin öhdəsindən gəlməyi qərarlaşdırdı. 1937-ci ildə Azərbaycan Sovet təşkilatının konstitusiyasının müzakirə edildiyi iclasında Ruhulla Axundov, Mikayıl Hüseynov, Məmməd Qasımov, Xanbəy Balayev və Kərim Abdullayev kimi yerli kommunist xadimləri burjua millətçiliyində və əksinqilabçılıqda ittiham edilərək, konfrans nümayəndəliyindən çıxarıldılar. Bunlardan hər biri Azərbaycan Sovet idarələrində və Azərbaycan Kommunist Partiyasında yüksək mövqeyə malikdirlər. Ruhulla Axundov isə dövlətdə və partiyada yüksək mövqe tutan bir ideoloqdu.

* * *


İndi, qısa da olsa, Azərbaycan xalqının bir rejim altında belə, nə şəkildə olursa-olsun əldə etmiş olduğu bəzi mədəni nailiyyətləri nəzərdən keçirək.

Hər şeydən əvvəl indi Azərbaycanda oxumağı-yazmağı bilməyənlərin sayı aşağı səviyyəyə enmişdir. Türkcə çap edilən qəzet və kitabların tirajı xeyli artırılmışdır. Almaniyada rast gəldiyimiz azərbaycanlı hərbi əsirlər arasında oxuyub-yazmağı bilməyənlərə rast gəlmədik. Azərbaycanlılar arasında müxtəlif ixtisaslar sahəsində yetişmiş adamların sayı diqqətəlayiq bir vəziyyətdədir. Alimlik qadınlara da aiddir. Bakı Universitetindəki professorların arasında azərbaycanlı qadın professorları da vardır. Ədəbiyyatda, teatrda, musiqidə böyük bir irəliləyiş müşahidə edilir. Elmi araşdırmalar sahəsində də bəzi irəliləyişlər qeyd olunur. Bakıda Nizamiyə, Füzuliyə, Mirzə Fətəli Axundzadəyə və Ələkbər Sabirə heykəllər ucaldılmışdır. Onların əsərləri yenidən çap edilmiş, külliyyatları nəşr olunmuşdur. Adlarına muzeylər, məktəblər, kitabxanalar açılmışdır. Dünya ədəbiyyatı örnəklərindən tərcümələr var. Şərq və Qərb klassiklərindən bir qisminin əsərləri Azərbaycan dilinə çevrilmişdir. Bir çox orijinal pyeslərdən başqa Azərbaycan teatrının repertuarı Avropa dramaturqlarının tərcümə edilmiş pyesləri ilə zənginləşdirilmişdir. Əlbəttə ki, ilk növbədə rus yazıçılarına üstünlük verilmişdir. Yeni istedad sahibi artist və aktrisalar meydana çıxmışdır. Səhnə sənəti inkişaf etmişdir. Bundan başqa, məşhur bəstəkar Hacıbəyli Üzeyir bəylə başlayan Azərbaycan musiqili səhnəsi böyük addımlarla irəliləmişdir. Sovet İttifaqına daxil olan millətlər arasında Azərbaycan musiqisi qabaqcıl bir yer tutmuşdur. Musiqi təhsili ümumiləşmişdir. Azərbaycanlılar öz məmləkətlərinə “şer və musiqi yurdu” deməyi sevirlər. Elm, tarix, ədəbiyyat tarixi və incəsənətə dair bəzi ittifaqlar və jurnallar təsis olunmuş, bəzi tədqiqatlar və antologiyalar nəşr edilmişdir.

Lakin mədəniyyət sahəsində sayılan bu nailiyyətlər nə kəmiyyət, nə də keyfiyyət baxımından azərbaycanlıları təmin edəcək bir şəkildə deyildir. Kəmiyyət baxımından: yerlilər əmindirlər ki, “neft respublikası” milli mədəniyyət müəssisələrinə Moskvanın icazə verdiyindən daha çox sərf etmək imkanındadır. Bu nöqtəni Xanbudaqovun tələblərindən də gördük. Ali məktəblərin türkcələşdirilməsindəki yubanma şiddətli bir etiraz doğurur. Bakı Universitetində, məsələn, tam türkcələşdirmə yalnız müəyyən fakültələrdə həyata keçirilmişdir. Türk dili hələ ki, özünə qarşı daha yaxşı rəftarı gözləməkdədir. Qonşu respublikalarda konstitusiyaya əsasən rəsmi dil yalnız ermənicə və gürcücə olduğu halda, Azərbaycanda türkcə ilə bərabər rusca da rəsmi dil səviyyəsindədir.

Keyfiyyətə gəlincə, məsələ daha mürəkkəbdir. Bu xüsusda biz hökümətin milli respublikalara və xüsusilə, Azərbaycanın da mənsub olduğu türk respublikalarına qarşı qərəzli siyasəti ilə rastlaşırıq.

İşğal hökümətinin bu respublakalardakı ruslaşdırma siyasəti xüsusilə gözə çarpmaqdadır. Bu siyasətin Azərbaycanda kədərli bir tarixi vardır. Bu məsələdə sıralarını həqiqi Azərbaycan milliyyətçiliyinin sıraları ilə birləşdirən “milli sapıntıçılıq”ın faciələrlə dolu taleyini canlandıran da bu tarixdir.

* * *


Azərbaycandakı rus-bolşevik hakimiyyətinin ruslaşdırma siyasəti iki şəkildə təzahür edir: iqtisadiyyatda mərkəzləşdirmə, mədəniyyət sahəsində ruslaşdırma.

İqtisadi mərkəzçilik, məmləkəti Moskvanın nəzərdə tutduğu iqtisadi planlara tabe etməkdən ibarətdir. Bu məqsədlə Azərbaycanın neft sənayesi bilavasitə Moskvadan idarə olunur. Azərbaycan, Sovet İttifaqı sənayesinin ümumi mənfəəti üçün Türküstandan sonra, ikinci pambıqçılıq regionuna çevrilir. Azərbaycanın ərazisi Rusiyadan köçənlərlə məskun edilir. Siyasi və iqtisadi müəssisələrdə Rusiyadan gələn yabançı ünsürlər hökm sürürlər. Şəhərlər getdikcə milli özünəməxsusluqlarını itirirlər. Sənaye işçilərinin sayı azərbaycanlıların zərərinə olaraq dəyişir. Bir sözlə, ən demokratik Stalin konstitusiyası baxımından sözdə müstəqil Azərbaycan Respublikası metropoliya tərəfindən qeyri-məhdud bir miqyasda soyulmaqda və istismar edilməkdədir.

Mədəniyyətin ruslaşdırılması – bu, Azərbaycanın həqiqi bir faciəsidir. Sovetləşdirmənin ilk dövrlərində bu siyasət mədəniyyətin “formaca milli, məzmunca kommunist” olmasından bəhs edən bolşevik formulu ilə maskalanırdı. Sovet höküməti əvvəlcə ərəb hərfləri ilə yazmağa icazə verirdi. Lakin sonra sovet mədəniyyət xadimləri Azərbaycan ədəbiyyatını dayandığı öz mədəni və tarixi köklərindən qoparıb, onu və onunla bərabər xalqın mədəniyyətinin bütün sistemini yeni sovet yoluna salmaq istədilər. Başqa sözlə, onu öz zəminindən qoparıb rus zəmininə görürdülər.

Bildiyimiz kimi, Azərbaycanın milli ənənələrinə sadiq qalan qüvvələr bu siyasətə qarşı qalxdılar. Bu qarşıdurma nəticəsində Azərbaycanda iki düşmən cərəyan arasında kəskin bir mübarizə başladı: Bir yanda sovetləşdirmə, yəni ruslaşdırma siyasətinin partizanları, o biri yanda mədəniyyətin milli və türk xüsusiyyətlərinin davam etdirilməsi və təkmilləşdirilməsi tərəfdarları üz-üzə gəldilər.

Bu iki zümrənin bir-birini rədd və inkar edən əsaslı müddəaları 1937-ci ildə Bakıda keçırılən “Orfoqrafiya və terminologiya” konfransında öz ifadə və formulunu tapdı. Bu konfransda rusofillər mütləq bir sovetləşdirmə məqsədi ilə bunları istəyirdilər: 1) Beynəlxalq terminlər əslində olduğu kimi deyil, yalnız ruslarda olduğu şəkildə istifadə edilməlidir. 2) Ruscadan terminləri tərcümə etmədən eynilə saxlamaq lazımdır. 3) Başqa türk dillərindən sözlər alınmalıdır. 4) Ərəbcədən, farscadan və osmanlıcadan alınan sözlər eyni mənanı verən rus sözləri ilə əvəz edilməlidir. Buna qarşı olaraq “türkçülər” bunları istəyirdi:
1. Terminlər türkcələşdirilməlidir. 2. Azərbaycanın ruslaşdırılması ilə nəticələnən sovetləşməyə meydan verilməməlidir. 3. Orfoqrafiya məsələsində ümumi ədəbi əsaslara dayanmalı və eyni zamanda, mümkün olduğu qədər digər türk dilləri ilə olan ortaq xüsusiyyətləri qorumağa çalışmaq lazımdır.

Sovet İttifaqında çoxdilli mədəniyyətlərin getdikcə ruslaşdırılması bolşevizmin idealıdır. Bu idealı gerçəkləşdirmək istəyən Moskvanın himayəsindən qüvvət alan və siyasi müdaxilənin qaba təzyiqindən faydalanan “Sovetçılık” həyata keçirilir. “Sovetizm” ilə “nasyonalizm” arasında sərt bir savaş alovlanır. Məmləkətdəki mədəni ənənələri himayə etmək istəyən ən kiçik bir hərəkət sovet rejiminə qarşı edilən bir sui-qəsd hesab edilir. Milliləşdirmək niyyətində xalqın bütün mənəvi dəyərlərini tək bir varlıq halına gətirmək məqsədi güdülür. Halbuki, ortodoksal kommunizm dili bir millətin müxtəlif təbəqə və siniflərini birləşdirən, ünsiyyət yaradan bir vasitə deyil, sadəcə sinfi mübarizənin silahı sayılır. Bunun üçün də xalq kütlələrinin ədəbi dili anlaya bilmək səviyyəsinə yüksəlməsinə deyil, ədəbi dilin işçi xalqın anlayacağı bir səviyyəyə enməsi gərəkdir. Və bu qaydanın yalnız türk dillərinə və rus dilindən başqa bütün dillərə tətbiq olunması da diqqətəlayiqdir. Leninlə Stalinin dili isə bu qaydaya tabe deyildir. Burada başqa bir qanun hökm sürür, bu qanuna görə yalnız rus xalqının müxtəlif təbəqələri deyil, Sovetlər Birliyindəki bütün millətlər də “oktyabr inqilabının müqəddəs dili”ni bilmək səviyyəsinə yüksəldilməlidir.

Xalq maarif komissarı Tağı Şahbazi ilə Azərbaycan Sovet Sosialist Respublikasının icraiyyə komitəsinin sədri, yəni respublikanın prezidenti S.M.Əfəndizadənin fəal şəkildə iştirak etdikləri bir komissiya vardı. Sovet Azərbaycanının tanınmış dilçiləri, müəllim və alimləri bu komissiyaya daxildilər. Bu komissiya 1936-cı ildə Azərbaycan türkcəsinin orfoqrafiyasının əsaslarını işləmiş və müəyyən bir sistemə salmışdı. Azərbaycanda o tarixə qədər işlədilən orfoqrafiya sistemi Azərbaycanı “oktyabr dili”nə, yəni ruscaya deyil, “panturanizmin silahı olan ümumi təkcə”yə yaxınlaşdırmaq məqsədi ilə tərtib edildiyindən “sovetləşdirmə” mütəxəssisləri tərəfindən “inqilab əleyhinə bir sui-qəsddir” deyə rədd edildi.

Rusiyada rus vətənsevərliyinin Aleksandr Nevski, Minin-Pojarski kimi qəhrəmanları, Suvorov, Kutuzov, Baqration və sairə kimi rus imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə qaldırılarkən, Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsilə tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid müdafiəçisi Cavaddan*[2] bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb ideallaşdırılır. Babək İslamiyyətin düşməni idi. Bir İslamiyyətin ki, indiki şəraitdə “kommunizm”ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, Sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun, Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir, Rusiyadan qorumaq isə əksinqilabçıların əməlidir. Stalinin bir formulu məşhurdur: “Hər hansı bir istismar olunanın hər hansı bir imperatorluqdan ayrılması – inqilab, hər hansı bir məmləkətin Sovetlər Birliyindən çıxması isə əksinqilabdır”.

Eyni metod mədəniyyət tarixinə də tətbiq olunmaqdadır. Məsələn, XII əsrdə yaşamış Nizami ideallaşdırılır. Ümumdünya miqyaslı bir şair kimi, dünya ədəbiyyatındakı müstəsna mövqeyi göstərilir. Lakin onun türklüyünü və ruslar əleyhinə misralarını gizlədirlər. Onlar Nizamini internasionalizmin böyük bir mübarizi və hətta Sovet hakimiyyətinin gələcəyini öncədən sezmiş bir mübəşşir* kimi öyürlər. Mirzə Fətəli Axundzadə haqqında da yazırlar. Onlara görə Axundzadə XIX əsr Avropasının əhvali-ruhiyyəsini yayan maarifçi bir yazıçıdan daha çox “inamlı rusofildir” və “böyük rusluq mənafeyinin prakrtiki nəticələr güdən siyasi mülahizələrindən başqa ciddi bir kökü yoxdur”.

Bu, hər şeyi “rus xalqı ilə birləşdirmək” qərəzinə tabe edən siyasət, nəhayət, 1939-cu ildən etibarən Azərbaycan mədəniyyətinin formaca da ruslaşdırılmasına aparır. Azərbaycan yazısını Avropa-latın əlifbasından kiril-rus əlifbasına keçirdilər.

* * *


Əlifbadakı inqilaba Azərbaycanda amansız bir təmizləmə ili olan 1937-ci ildən etibarən başladılar.

1937-ci ildə Moskvada qurulan bir ingilabi məhkəmədə Trotski tərəfdarlarını təmizləmək üzrə məşhur məhkəmələr başlamışdı. Bu məhkəmələr əsnasında Qafqaz kommunistlərindən Budu Midivani Qafqaz millətçiliyində, xüsusilə, milli Azərbaycan partiyası “Müsavat”la münasibətdə olmaqda ittiham edilmişdi. Bu, Azərbaycanda başlanacaq geniş miqyaslı təmizləməyə işarə idi. Buna isə qorxunc bir sadizmlə başlandı.

Konstitusiyanın tənzimi üçün çağırılan Sovet Azərbaycanının doqquzuncu qurultayının bir çox məşhur Azərbaycan kommunistlərini öncə nümayəndəlikdən çıxarıldığını yuxarıda qeyd etmişdik. Bu qurultayda keçirilən seçkilər əsnasında söz söyləyən o zamankı Azərbaycan Sovet hökümətinin Baş naziri Rəhmanov Azərbaycanda Sovet hökümətinə qarşı üç növ müxalıfətin mövcud olduğunu söyləmişdi: 1) Dindarlığı qüvvətləndirmək məqsədi ilə məscidlər və kilsələr ətrafında birləşən klerikallar: 2) “Müsavat” partiyası ətrafında toplanan millətçilər: 3) Kommunist partiyasından ayrılmış milli əyintiçilər: bunlar da digər iki qrupla birlikdə amansız təqiblərə məruz qalacaqdır.

Həqiqətdə də, 1937-ci il təmizləməsindən sonra nə məşhur yazıçılardan, nə görkəmli professor və müəllimlərdən, nə sevilən artistlərdən, nə də az-çox tanınan ictimai xadimlərdən kimsə meydanda qalmır. Az-çox ad-san sahibi olanlar məhv edilirlər.

Bu operasiyanın nə şəkildə edilməsi haqqında oxucularda müəyyən bir fikir yaratmaq üçün aşağıdakı hadisələri qeyd edək:
Azərbaycanın sovetləşdirildiyi ilk gündən başlayaraq, müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov “panturkizmin zəhərli bir nümayəndəsi və “Müsavat” partiyasının zavallı bir agenti” kimi günahlandırıldı. Sovet dərsliklərinə panturanist və panislamist fikirlərini soxuşduran “Türkiyə agentləri”ni cidd-cəhdlə üzə çüxarmağı özü üçün böyük bir hünər sayan Əliheydər Qarayev “Müsavat” partiyası ilə beynəlxalq faşizmin “soysuz bir uşağı” kimi ifşa edildi. Milli Azərbaycan hökümətinə qarşı konspirasiyası ilə məşhur olan Azərbaycanın inqilabi komitəsinin keçmiş üzvü, 1920-ci ildə Gəncə üsyanının yatırılması tapşırılmış baş komissar Həmid Sultanov inqilabi məhkəmənin qərarı ilə Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı üsyan qüvvələrinin başçısı olduğu üçün ölüm cəzasına məhkum edildi: eyni zamanda o, yabançı bir dövlətə casusluq etməkdə də günahlandırıldı. Onunla birlikdə “sapıntıçı” kommunistlərin bir çoxu da cəzalandırıldılar.

Sultanovun məhkəməsində elan edilən ittihamnamələrdən anlaşıldığına görə H.Sultanova işlərində adları aşağıda qeyd olunan “panturkistlər” və “millətçilər” kömək etmişlər; məsələn: 1) R.Axundov - Azərbaycan kommunist partiyasının Mərkəzi Komitəsinin keçmiş üzvü və Azərbaycan Sovet Sosialist Respublikasının keçmiş maarif komissarı, 2) D.Bünyadzadə - Azərbaycan Sovet Sosialist Respublikası hökümətinin keçmiş prezidenti və keçmiş kənd təsərrüfatı naziri, 3) S.M.Əfəndizadə - Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə komitəsinin sədri – yəni Respublikanın prezidenti, 1904-cü ildən bolşevik, 4) Ə.Qarayev - Azərbaycan Sovet Sosialist Respublikasının keçmiş müdafiə və dəniz işləri komissarı və hərbi inqilabi komitənin üzvü, keçmiş ASSR Xalq Komissarları Şurasının sədri, Zaqafqaziya Federasiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri və Sovet İttifaqı Bolşeviklər Partiyasının mərkəzi komitəsinin üzvü.

Siyasət adamlarından sonra ədəbiyyata, incəsənətə, elmə mənsub olan bütün görkəmli şəxsiyyətləri eyni şiddət və töhmətlərlə təmizlədilər. Onları ittifaqlardan çıxardılar ki, sovet şəraitində bu, bir adamı hər cür hüquqlardan məhrum edərək ac qalmağa məhkum etmək deməkdir. Bir çox yazışılar sadəcə Yazıçılar İttifaqından çıxmadılar, eyni zamanda, partiya üzvlüyündən də çıxarıldılar. Bu, insanı bütün hüquqlarından məhrum etməyə bərabərdir. Kommunizmin əski çalışanlarından bir çoxu da sadəcə “sovetləşdirmə” siyasətini “türkləşdirmə” qayəsinə qarşı yönəltmədikləri üçün QPU barmaqlıqları arxasına atıldılar.

Yeni sovet konstitusiyasının qəbulundan və rus hərflərinin tətbiqindən sonra Azərbaycan bolşevik terrorunun yeni bir mərhələsi başlandı. Məmləkətin həyatında az-çox rolu olan adamlar aradan götürüldü. Sovet Azərbaycanının yubileyi qeyd edildiyi gün, məsələn “tarixi günün qəhrəmanı” kimi öyüləcək yerli bir ad tapılmadı. İlk Azərbaycan inqilabi komitəsinin sədri doktor Nərimanovun adı belə çoxdan ölüb getməsinə baxmayaraq, “milli sapıntıçı xainlərin hamisi” kimi ifşa edildi.

Təmasda olduğum yeni Azərbaycan qaçqınları istisnasız 1937-ci il təmizləməsindən böyük bir acı ilə danışırdılar. Bu ilə onlar “Azərbaycanda qətli-am ili” adını verirdilər.

* * *


Çağdaş tarixdən bəhs edərkən, yabançı süngüləri ilə məmləkət hüdudlarından bayıra atılan milli Azərbaycan emiqrasiyasının beynəlxalq aləmdəki siyasi və ideolojı fəaliyyəti üzərində də dayanmaq istərdim. Lakin bu fəaliyyətin ümumi mahiyyəti, məsələ ilə bağlı olanlara bəlli olduğundan bu cəhət üzərində çox durmağa ehtiyac yoxdur. Ancaq orasını qeyd etməliyəm ki, bu fəaliyyət sayəsində Azərbaycan davası beynəlxalq miqyasda tanıdıldı və Azərbaycan məsələsi bir məsələ kimi dünya mətbuatında, müxtəlif dairələrdəki mübahisələrdə etiraf edilirdi. Bu isə Azərbaycanda olduğu kimi bütün sovet mətbuatında narazılığa səbəb olmuşdur.

Azərbaycan tarixinin bu mərhələsini daha yaxşı izləmək üçün zəruri olan bir cəhəti aydınlaşdıraq:
Tarixin əsl materialını təşkil edən yeni Azərbaycan nəsli nə vəziyyətdədir?

Buraya qədər mövzumuzu sovet həyatından və mətbuatından aldığımız məlumatlar və müşahidələr əsasında araşdırdıq. İkinci Dünya müharibəsindən sonra bu imkandan da məhrum olduq. Lakin həmin müharibə bizə eyni mövzunun tədqiqi üçün yeni bir imkan verdi. Azərbaycanlı hərbi əsirlərlə təmasda ola bildik. 1942 və 1943-cü illərdə Almaniyanın Xarici işlər Naziriliyinin dəvəti ilə digər Qafqazlı siyasi emiqrantlarla birlikdə Berlinə getdiyim zaman biri mənfi, digəri müsbət iki şeyə şahid oldum. Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqaziya məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin əsaslarını tanımasını gözləmək əbəsdi. “Ali irq”in nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik ümidə belə yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı və istiqlal davamızı tanımayan bir hökümətlə birgə fəaliyyətin baş tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. 1943-cü il, 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik. Lakin bu sırada fürsət taparaq, Almaniyadakı azərbaycanlı hərbi əsirlər ilə təmasda olmağa çalışdıq və buna qismən müvəffəq olduq. Bu təmasları Azərbaycandakı real vəziyyəti və yeni nəslin hansı əhvali-ruhiyyədə olduğunu öyrənmək üçün istifadə etdik. Bir az əvvəl bəhs etdiyim Berlin ziyarətinin müsbət hadisəsi budur.

Yuxarıdakı fəsillərdə qeyd olunan hadisələrin təhlilindən gəldiyimiz təsəvvür və nəticələri təmasında olduğumuz bu azərbaycanlılardan aldığımız məlumatlarla qismən təkmil, qismən də təshih edərək, Azərbaycanın yeni nəslinə xas olan cəhətləri aşağıdakı şəkildə xülasə etməyi münasib bildik.

Yuxarıda biz əhalinin nə dərəcədə oxuyub-yazma öyrənməsindən danışdıq. Yeni nəsil öz dilində, deyə bilərik ki, tamamilə oxuyub-yaza bilir. Hamısı ibtidai məktəbləri bitirmişlər. Əsirlər arasında orta təhsil görənlər də az deyil. Müxtəlif ixtisaslı ali təhsillilərə də rast gəlinir. Müəllimlərlə həkimlər daha çoxdular. Mənim: “Azərbaycanda məmləkətin idari və iqtisadi ehtiyaclarını ödəyəcək qədər bir neçə yüz ali təhsil görmüş gəncləriniz vardırmı?” – sualıma müsahiblərim əsəbi halda:

- Siz nə deyirsiniz, yüzlərdən deyil, minlərdən danışın... Biz öz-özümüzü idarə edəcək bir vəziyyətdəyik! – deyə cavab verdilər.

Ana dili ilə bərabər, əsirlər ruscanı da bilirlər, lakin çox zəif. Məsələn, ruscanı kifayət dərəcədə bilməyən rus dili müəlliminə rast gəldim. Bizə anlatdılar ki, ruscaya qarşı Qafqaziyada xüsusi bir müxalifət vardır. 1937-ci il təmizlənməsini xatırladaq: O zaman “yerli millətçiliyi” ifşa edənlər sapıntıçıları həm də “Azərbaycan məktəblərində Lenin və Stalin dilinin öyrədilməsində göstərdikləri səhlənkarlıq”da günahlandırırdılar. Bu səhlənkarlıq “ali məktəb tələbələrinin belə rus dilini bilmədiklərinə” səbəb olubmuş. (“Kommunist”, Bakı, 28.III. 37).

Sovet şəraiti və idarəsi ilə bağlı olaraq, çox da yüksək səviyyədə olmayan ümumi məlumat və biliklərinə baxmayaraq, azərbaycanlı əsirlərin dini məsələlərdə tamamilə biliksiz olduqları nəzərə çarpırdı.

Azərbaycandakı yeni nəsil, deyə bilərik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə məlum deyildir. Azərbaycanda əskidən çox böyük əhəmiyyətə malik olan bahar xalq bayramı – “Novruz” da dəbdən düşmüşdür. Azərbaycan, bütün Sovetlər Birliyi ilə bərabər, yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz (Çox qüvvətli ailə ənənələrinin təsiri ilə adətləri yaxşı bilənlərə də təsadüf olunur). Krım cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar-bacılar namaz qılan nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bəziləri alman ordusuna legioner yazılmışdılar: bunlardan bir neçəsi faciəli bir hadisədən bəhs edirlər. Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını islam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət, bir çarə tapmışlar. Yeddi dəfə – “ya Məhəmməd, ya Məhəmməd” – deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını “Arşın mal alan” operettasından nəğmələr oxuyaraq basdırmışlar.

Daha yaşlı nəsil bu xüsusda müəyyən bir faciə yaşayır və əzab çəkir, lakin gənclik çox nadir istisna ilə bu faciəni hiss etmir. Mümkündür ki, sovet rejimi aradan götürüləndən sonra dindarlıq sözün fəlsəfi, mücərrəd mənasında mənəvi həyatın bir təzahürü kimi cəmiyyətin müəyyən sahələrində müəyyən əksini tapır. Lakin burada dinin ictimai həyatı tənzim edən siyasi və idari bir müəssisə ola biləcəyini təsəvvür etmək mümkün deyil. Bu mənada din sovet dövründə tamamilə öldürülmüşdür. Gələcəkdə din yalnız yurddaşın şəxsi həyatına xas olaraq qalacaqdır. Bu, Mirzə Fətəli Axundzadədən başlayaraq Sabirin həcvlərinə qədər dinin təhqir edilməsi ənənələrinə yiyələnən çağdaş Azərbaycan ədəbiyyatının bir nəticəsidir.

Dinin təqibindən çox az mütəəssir olan indiki Azərbaycan nəsli milli mədəniyyət məsələlərinə böyük bir həssaslıqla yanaşır. Mədəniyyət adamları, yəni ədəbiyyatçılar, sənətkarlar, müəlliflər, humanitar sahələrə mənsub olanlar – tarixçilər və başqaları milli mədəniyyətlərinə atəşin bir eşqlə bağlıdırlar. Onlar bu mədəniyyətin ümumtürk dəyərləri və bağlarına çox böyük əhəmiyyət verirlər: onlar milli mədəniyyəti məzmunca da, formaca da yüksək tuturlar. Bolşevizmin mədəniyyət haqqındakı “formaca milli, məzmunca kommunist” kimi ifadə olunan ikiüzlü təhrifini nifrətlə rədd edirlər. Bu formulun necə hiyləgər bir metod olduğunun Azərbaycan həyatı tərəfindən ifşa edildiyini çox gözəl bilirlər. 1937-ci ildəki “sovetləşmə”nin qələbəsi ilə 1939-cu ildəki “əlifbada inqilab” onların fikrincə Azərbaycan türk mədəniyyətini yıxıb sürüməkdən başqa bir şey deyildir. Milli ruhlu ziyalıları yox edən və mədəniyyətin şəkillərini dəyişdirən Sovet höküməti əsirlərə görə azərbaycanlıları ümumi rus qazanında qaynadıb qarışdırmaq niyyətiylə Azərbaycanın türk-müsəlman dünyası ilə olan ən son mənəvi bağlarını da kəsib-atmaq istəyir.

Yalnız mədəniyyət məsələləri ilə bilavasitə əlaqəli olanlar deyil, təmasında ola bildiyimiz hərbi əsirlərin bütün zümrələri milli mədəniyyət dəyərlərinə və Azərbaycanın ədəbiyyat, teatr və musiqi sahəsindəki uğurlarına candan bağlıdır. Bu adamlarla söhbət edərkən onların dəfələrlə Azərbaycanın şair və yazıçılarından beytlər və aforizmlər söylədiklərini gördüm. Bəzən ümumtürk dünyasının ortaq malı olan böyük klassiklərdən də nümunələr gətirirdilər. Azərbaycanlı əsirlər tərəfindən 1943-cü ildə Berlində çap edilən “Azərbaycan” qəzeti Azərbaycan ədəbiyyatının müxtəlif əsər və şəxsiyyətlərinə aid məqalələrlə dolu idi: onlar bu yazıları əllərində heç bir antologiya olmadan əzbərdən yazırdılar. Buna baxmayaraq, bu canlı məqalələr maraqlı materiallar və iqtibaslarla dolu idi.

Göründüyü kimi, yeni nəsil öz keçmişi və mədəniyyəti ilə öyünür. Bu nəslin nümayəndələri “böyük şair və alim” Nizami, “şer günəşi” Füzuli, “ölməz düha” M.F.Axundzadə, “Peyğəmbər”in (pyes adıdır) müəllifi H.Cavid haqqında yüksək bir üslub və dərin bir sevgiylə danışır və yazırlar. Sabirin (məşhur Azərbaycan satiriki) şerlərini əzbər oxuyurlar, Cəfər Cabbarlının (dramaturq) pyeslərini son dərəcə yüksək qiymətləndirirlər: bu pyeslərin sovet senzurası tərəfindən kəsilib dəyişdirilməsindən də xəbərsiz deyillər. Öz bəstəkarları ilə fəxr edirlər. “Leyli və Məcnun”dan, “Şahsənəm”dən, “Xurşudbanu”dan, “Koroğlu”dan, “Arşın mal alan”dan və bağqa əsərlərdən bəzi yerləri oxuyurlar. Özləri də müəyyən dərəcəyə qədər şairdirlər. “Azərbaycan” qəzetinin “ədəbiyyat səhifəsi” əsirlər tərəfindən yazılan mənzum parçalarla dolu idi: bu parçalar arasında həqiqi şer parçaları da az deyildi. Əsirlər arasında artist, musiqiçi olanlar da vardı, buna Azərbaycanın istiqlal gününün 25 illik yubileyi münasibəti ilə təşkil edilmiş axşamda iştirak edənlərin bir ağızdan ifadə etdikləri müsbət təəssüratlar şəhadət etməkdə idi.

Təsadüfən almanların əsirlərdən təşkil etdikləri bölüklərə mənsub azərbaycanlı bir legioneri dinlədim. O, mənə Azərbaycanın teatr və musiqidəki uğurları haqqında danışdı. Moskvada Azərbaycan artistlərinin necə qiymətləndirildiyindən, “musiqimizin bütün dünyada birincilik” qazandığından bəhs edirdi. Mən onun duyduğu qürur və sözlərindəki öyünmə ədasını gördüm: gözləmədiyi bir sualla onun sözünü kəsdim:
- Yaxşı, madam ki, siz sovetlərin uğurlarından bu qədər məmnunsunuz, bu halda, nə üçün çiyninizə silah alıb bu sovet uğurlarına qarşı döyüşürsünüz?

O heç çaşmadan mənə belə cavab verdi:
- Mən əsl sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu insanları fironlar dövrünə bənzər işlətməkdir; bu QPU və NKVD rejimidir; bu, qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi.

Əsirlərdən başqa birisiylə başqa bir söhbət:
- Sizlər hamınız kolxozdan şikayət edirsiniz. Yaxşı, bir gün qolu qüvvətli

birisi gəlib bir vuruşda rejimi yıxdı, iqtisadi azadlıq elan etdi. Sizlərə bir parça torpaq ayırıb dedi ki, çalışın, əkin, biçin və məhsulunuzdan istədiyiniz kimi istifadə din, lakin buraxın bu mənasız milli mədəniyyət xəyallarını.
– Xeyr, min dəfə xeyr. Öz mədəniyyətimizdən heç bir vəchlə ayrıla bilmərik. İnsan heyvan deyil, o, yalnız mədəsiylə deyil, ruhuyla da yaşar!..

Yeri gəlmişkən, bir az da kolxozdan bəhs edim: bu, Azərbaycanın ən ağrılı yeri, qanayan yarasıdır.. Məmləkət Moskvanın istismar sisteminin ölümcül təsiri altındadır. Kolxoza qarşı, iqtisadi istismara qarşı mübarizə – bu, bütün Azərbaycanı birləşdirən bir şüardır. Qırmızı imperializmin ən qorxunc koloniya sistemi azərbaycanlıları bir-birinə qarşı birləşdirir. Kommunistlər Azərbaycan kəndlilərinin proletar Bakısına qarşı müxalifətindən danışırlar. Proletar Bakısı rus müdirlərinin əmrində və itaətində olan Bakı deməkdir. Milli Azərbaycan paytaxtı rus təzyiqindən qurtulmaq üçün çırpınır. O, göz görə-görə Bakının ruslaşdırılmasına razı deyil. Kəndlərin şəhərlilərlə qarşı-qarşıya gəlməsi qətiyyən söhbət mövzusu deyildir; mövzu xalqın yabançı istismarçılara qarşı mübarizəsidir.

Bükreşdə ikən sovetlərdən qaçıb gələn azərbaycanlı bir sürücü ilə söhbət etdim. Bu sürücü vətənində balıqçılıq edirmiş. Sadə təbiətli adi bir adamdır. Az-az hallarda oxuyub-yazırdı. Demək olar ki, təhsilsiz idi. Lakin sağlam düşüncəli, ağıllı bir kəndli idi. O, olduqca düzgün və aydın bir ifadə ilə Azərbaycan xalqının siyasi vəziyyətini anlatdı. Müstəmləkə qüvvələrinə qarşı gizli davam edən milli mübarizə və müxalifətdən bəhs etdi. Onun sözlərindəki bir təhlildən çox heyran qaldım: Sovet rejimindən iki növ narazılar var, – dedi. Bir qismi sovetlərdən şəxsi motivlərə görə narazıdırlar. Bunlar var-dövləti əlindən alınan varlılar, mülkədarlar, fabrik və böyük torpaq sahibləridirlər. Bu, əhəmiyyətli müxalifət deyil. Əhəmiyyətli olan ikinci növ müxalifətdir. Bu, gənclərin müxalifətidir. Bunlar deyirlər: yaxşı, bolşevik olaq, lakin nəyə görə Azərbaycanı azərbaycanlı kommunistlər deyil, Moskvadan yabançılar idarə edirlər. Nə üçün Azərbaycan nefti Azərbaycana sərf edilmir, Moskvaya göndərilir. Nə üçün biz öz yurdumuzun sahibi deyilik. Nə üçün milyonluq Finlandiya müstəqil ola bilər, Azərbaycan ola bilməz.

Adi bir balıqçının, professional bir siyasətçının deyil, xalq kütləsindən bir balıqçının bu təhlilindən dəryanın bir qətrəsi suda əks olunduğu kimi, Azərbaycan xalqının siyasi duyğusu əks olunur.

Yeni nəsil bunu yaxşı başa düşür. O, məsələnin həllini bolşevizmin tamamilə aradan götürülməsində axtarır. Bolşevizmlə mübarizə onun üçün milli qurtuluş uğrunda mübarizə deməkdir. Sadəcə iqtisadi deyil, eyni zamanda, milli-mədəni baxımdan qurtuluşdur.

Orfoqrafiya və əlifba məsələsi ilk baxışda qeyri-siyasi və az əhəmiyyətli məsələdir. Halbuki, həqiqətdə heç də belə deyildir. Ilk imkan yaranan kimi yeni nəsil (müharibə səbəbindən Almaniya şəraitinə düşən hərbi əsirlərin şəxsində) kiril-rus hərflərini böyük bir nifrətlə atdı, latın kökündən alınan türk hərflərini tutdu, nəşriyyatlarını bu hərflərlə işlətdi. Bu, onun üçün bir restavrasiya rəmzi, mədəniyyətinə edilmiş təcavüzə qarşı bir etiraz idi. “Azərbaycan” qəzetində bu mövzuda həyəcanlı müraciətlər, məqalələr çap edilib.

Müsəlman Şərqində bir çox şeylər dəyişmişdir. İslamiyyətdən əvvəlki dövrlərə aid olub, dinə bağlılıq baxımından küfr rəmzi kimi rədd edilən milli oyanış dövründə özlərinə qarşı başqa münasibətdə olmağı istədilər. Babək Azərbaycanda belə adlardan biridir.

“Babəki” sözü hələ XIX əsrdə Azərbaycanda söyüş kimi işlədilirdi. Dini əhkamlara əhəmiyyət verməyən azad düşüncəlilərə “babəki” deyirdilər. İndi isə Babək vətənpərvərliyin bir ifadəsi kimi işlədilir. Qırmızılar İslamiyyət əleydarları olan bu simanı idealizə etməklə, Azərbaycandakı vətənpərvərlik duyğularını şimala doğru çevirmək istədilər. Lakin haqqında danışdığımız “Azərbaycan” qəzetinin müəllifləri rus imperializminə qarşı mübarizə üçün etdikləri müraciətlərdə dəfələrlə misal olaraq Babəki fədakarlığın bir örnəyi kimi təqdim edirlər.

Bolşeviklər, yuxarıda dediyimiz kimi, Qafqaziya istiqlal qəhrəmanı böyük Şamilin xatirəsini çox da yad etməzlər; azərbaycanlı Cavad xanın şəxsiyyətini də tərifləmək istəmirlər. Lakin bu məqsədlərinə nail ola bilmirlər. Qafqaziyanın azadlığını öyən gənc Azərbaycan şairi Almas Yıldırım, Şamilin adını dərin bir həyəcanla anır. “Azərbaycan” qəzetində əsirlərin qələmindən çıxan məqalələr arasında Gəncənin qəhrəman müdafiəçisi Cavad xana aid az bilinən çox maraqlı materiallara rast gəldim.

Yeni nəslin siyasi cəhətdən şüurlu qisminin bütün kini milli fəlakətlərin qaynağı Rusiya imperializminə qarşı çevrilmişdir. Alovlu şair Gültəkinin*[1]

“Qaldıqca ruslarda diyarım mənim,
İntiqam alacaq şüarım mənim!”

beyti ümumi bir şüardır.

Qafqaziyalı millətlər arasında isə qarşılıqlı əlaqə və dostluq ruhunun üstün olduğu görülməkdədir. Bu xüsusda hər tərəfdən və müxtəlif qaynaqlardan təsdiqedici hadisələrdən xəbər tutmaq sevindirici bir haldır.

Bolşevik dövrünün ictimai nəticələri hansılardır? Bu suala cavab verməyi üzərimizə götürmürük. Sadəcə etdiyimiz söhbət və mübahisələrdən aldığımız təəssüratı sizlərə çatdıra bilərik:
Məlum olduğu kimi, əski mənadakı sinif fərqləri ortadan qalxmışdır. Xalq kütləsi müəyyən bir şəkildə hərəkətə gəlmişdir. Bolşevik diktatorluğunun bütün şiddət və fəlakətlərinə davam gətirməklə bərabər, müəyyən qədər olsa da, xalq təbəqələri ictimai və siyasi həyatla təmasa girmişlər. Patriarxal ailə quruluşuna ağır bir zərbə vurulmuşdur. Lakin ailənin təməlləri kökündən yıxılmamışdır. Ər-arvad sədaqəti əski adətlərə bağlıdır; ayrılma halları o qədər də çox deyildir; əcnəbilərlə evlənmə halları çox deyil; əcnəbi qadınlarla evlənən kişilərin sayı əcnəbiyə ərə gedən qadınlardan çoxdur. Qafqaziyalılar arasındakı qarışıq evlənmələr azərbaycanlılarla ruslar arasındakı evlənmə hallarından çoxdur. Əski nəsilə mənsub atalar öz arvadlarına əksər hallarda “uşaqların anası”, daha sonralar “bizim xanım” deyirdilər. İndi isə ər-arvad bir-birinə “yoldaş” deməkdədirlər. Ailə münasibətlərində müəyyən dəyişikliklər olmuşsa da, bunun nədən ibarət olduğu haqqında uzaqdan hökm vermək müşküldür. Mübaliğələndirilmiş bir optimizmə qapılmaq təhlükəlidir. Mənəviyyat və siyasət sahəsində özünəməxsus mənfi təsirləri ilə bolşevizmin müəyyən izlər buraxmadan keçəcəyini düşünmək əlbəttə xatalı bir hərəkət olardı.

Ictimai təbəqələrlə siniflər arasındakı fərqlərin aradan götürüldüyünə ağlamayacağıq. Ailə ocağını sağlamlaşdırmaq lazımdır və bizə görə buna imkan vardır.

İnsan qüvvələrinin görünməmiş dərəcədə istismar edilməsi, şübhəsiz, xalqın vücudunu müdhiş surətdə halətdən salmış və ümumi sağlamlığı zədələmişdir. Bunu hərbi əsirlər üzərindəki müçahidə ilə təsdiq etmək mümkün oldu. Lakin eyni zamanda, az əhəmiyyəti olmayan bir qazanc da əldə edilmişdir, - əski nəsildə nöqsanlı olan əmək intizamı.

Azərbaycandakı bolşevik dövründə həyata keçirilmiş əsgəri mükəlləfiyyəti də gəlirlər qisminə yazmaq gərəkdir. Azərbaycanlılar çarlıq dövründə bu mükəlləfiyyətdən azad idilər. Keçmişdə Qızıl Orduda olmuş, indi isə alman ordusunda legioner olan birisi, ümumiyyətlə, əsgərin millətlərin həyatındakı rolu və əhəmiyyəti barəsində və xüsusilə, bizim əsgərlərin oynayacaqları rol haqqında mənimlə etdiyi söhbətdə bu sözləri söylədi:
“Biz indi universal əsgərik; iki böyük orduda ən kəskin hərbi intizam gördük və tarixin ən qanlı bir müharibəsində ölümlə qarşılaşaraq təcrübələr keçdik. Hər millət öz azadlığını yalnız mübarizədə qazanır. Biz xalğımızın tarixən böyük məsuliyyət daşıyan mübariz kadrlarını təşkil edirik. 1918-ci ildə Azərbaycan xalqı bizim kimi hərbi təcrübə görmüş kadrlara malik olsa idi, şübhəsiz, məmləkətimizin tarixi tamamilə başqa cür inkişaf edəcəkdi”.

Keçmişdə bir müəllim, indi isə bir legioner olan bu zat söhbətimizdəki səmimilikdən cəsarətlənərək monoloqunu bu sözlərlə bitirdi:
“İçinə düşdüyümüz bu böyük müharibənin necə bitəcəyini nə buradakı Hitler, nə də oradakı Stalin bilirlər. Lakin tarixi təcrübələrdən öyrəndiyimiz bir şey vardır ki, o da bu kimi hadisələrin sonunda millətlərin öz haq və azadlıqlarına qovuşacağıdır. Emin bəy mənə üz tutaraq dedi ki, siz burada, yabançı torpaqda qonaqsınız, imkanınız çox məhduddur. Sizdən burada çox şeylər istəməyə haqqımız yoxdur. Sizdən istəyəcəyimiz şey öz torpaqlarımızdadır. Haq da, vəzifə də oradadır...”.

Legioner formalı müəllim, bolşevik istilasına uğrayan Azərbaycanı tərk edərkən, vətəndə qoyub getdiyim hələ 10 yaşa çatmamış nəslə mənsub bir adamdı. Keçən 26 illik qorxunc bir ayrılığa baxmayaraq, aramızdakı mənəvi əlaqənin bu qədər sağlam qaldığına və qarşılıqlı anlaşmanın bunca səmimiliyinə nə qədər sevindiyimi təqdir edə bilərsiniz. Bundan otuz iki il əvvəl qırmızı istiladan sonra vətəndən xaricə gedən və muhacirət həyatında Azərbaycan davasını fikrən müdafiə və siyasi cəhətdən təmsil edən emiqrasiya ilə içində müdhiş işgəncələr və təzyiqlər altında yaşayan yeni nəsil bir-birini anlamaq qabiliyyətindədir.

Nəsillər arasındakı mənəvi əlaqə qırılmamışdır. Əski nəslə mənsub milli mühacirətin şüurlu qismi tərəfindən təmsil olunan siyasi proqramın milli həmrəylik, ictimai ədalət və siyasi istiqlaldan bəhs edən üç əsası yeni nəslin ictimai və siyasi şüurunu müəyyən edir. Yeni mühacirətin siyasi düşüncəli qismi siyasi etiqadımızın yuxarıdakı “üçlü” ümdəsini böyük bir sevinc və vicdan rahatlığı ilə xəbər alırdı. Onlar qırmızıların siyasətinin, milli mühacirəti ictimai irtica ilə siyasi təhqir nümunəsi kimi tanıtdığının yalan və böhtandan ibartət olduğunu görürdülər.

Milli Azərbaycan Respublikasının yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür. Əski və yeni mühacirətin ilham qaynağı 1918-ci ildə elan olunan istiqlal bəyannaməsindəki demokratik əsaslardır. Əldə edilmiş milli istiqlalı yenidən qazanmaq əvvəlki kimi, yeni nəslin də idealıdır, lakin bir şərtlə: yenidən qurulacaq Azərbaycanda əski ictimai uyğunsuzluğa, siyasi haqsızlıqlara meydan verilməyəcək, sosial həmrəylik və ədalətin təmininə xüsusi əhəmiyyət veriləcəkdir.

* * *


Xanımlar, bəylər!

Tarixdən gələcək təhlükəni görən Stalin müharibədən əvvəlki illərdə öz rəhbərliyinə müxalifət təşkil edəcəkləri ehtimal olunan bütün ünsürləri “təmizlədi”. Azərbaycanda bütün zərbə ictimai və siyasi həyatın hər sahəsində milliyyətçilərlə milli sapıntıçılara dəydi.

Bayaqdan dediyimiz sözlərdən göründüyü kimi, Azərbaycanda “sosializm”in zahirən “türkizm” üzərində qələbəsi təmin olunmuşdur. Rus bolşevizmi Azərbaycan millətçiliyi üzərində qələbəsini bayram edir. Yabançı totalitarizm yerli demokratiyaya qələbə çalmışdır.

Lakin bu, məsələnin sadəcə zahiri tərəfidir. Həqiqətdə isə mübarizə hələ bitməmişdir: onun müqəddəratı müasir şəraitdə dünya miqyasında cərəyan edən böyük mübarizənin müqəddəratı ilə bağlıdır.

Azadlıq və demokratiyanın son qələbəsi müqəddərsə*[2] (buna qətiyyən şübhəmiz yoxdur), o zaman 1918-ci ilin 28 mayında hüquqi ifadəsini tapan Milli Azərbaycan Respublikasının həyata keşirdiyi azadlıq və istiqlala yenidən qovuşacağı, əlbəttə ki, həqiqət və müqəddərdir.