Məzmuna keç

Çanaqçı mülkündən səfər elədik

Vikimənbə saytından
Çanaqçı mülkündən səfər elədik
Müəllif: Aşıq Pəri
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Çanaqçı mülkündən səfər elədik,
Mənə qənim oldu yollar, ağlaram.
Şəcər gəldi, urdu, şikar eylədi,
Tökər didələrim sellər, ağlaram.

Nagahandan böylə düşdüm dərdə mən,
Necə çəkim eşq üzünə pərdə mən?
Gözü yaşlı gəldim Tağaverdə mən,
Pərişan olubdur tellər, ağlaram.

Bir şahandaz şahbarım gedibdir,
Kəsilibdir ixtiyarım, gedibdir.
Köksü dağlı bir tavarım gedibdir,
Quruyub lal olub dillər, ağlaram.

Bir Pəri dil aramında qan ağlar,
Çəkilib sinəmə dügünlü dağlar,
Ölübdür bülbülüm, lal olub bağlar,
Saralıb-sovulub güllər, ağlaram.