Məzmuna keç

Çatmaq, ötmək

Vikimənbə saytından
Çatmaq, ötmək
Müəllif: Mikayıl Müşfiq

İndi biz cahanla çıxmışıq yarışa,
Qoy etsin el-aləm bizləri tamaşa.
Deyirlər Amerka göylərə ucalmış,
Üfüqlər onların önündə alçalmış.
Deyirlər insanla, həyatla bərabər
Nyu-York şəhrində yürüyür səkilər.
Deyirlər göy yerə, yer göyə qatılmış,
Yaşayış fordların qoynuna atılmış
Qoy sürsün atını həvəslə Amerka;
Biz qızıl bir ata minərək bambaşqa
Bir hızla sıçradıq enişdən, yoxuşdan,
Fərqimiz olmadan qanadlı bir quşdan.
O çapdı, biz çapdıq, o getdi, biz getdik,
Az getdik, üz getdik, nəhayət düz getdik!
Dağlardan yel kimi-
Bir daşqın sel kimi
Kamandan sıçrayan bir sivri ox kimi,
Heç nədən, heç şeydən qorxumuz yox kimi
Yüyürdük, yüyürdük, yüyürdük sürətlə.
Qanında günəşlər qaynayan bir kütlə,
Ayrılmaz, çözülməz yoldaşca əməklə,
Bir sinif yolilə, birliklə, köməklə,
Düşməni qoymaqçın büsbütün geridə
Səsimiz gurladı, ötədə, bəridə!