Çeşmi-surətbazimə müjgan səfi həngamədir
Görünüş
Çeşmi-surətbazimə müjgan səfi həngamədir Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.102. |
Çeşmi-surətbazimə müjgan səfi həngamədir,
Qanə batmış hər müjəm bir şuxi-gülguncamədir.
Göstərər hər dəm əlamətlər qiyamətdən qədin,
Qaim etmiş həşr bürhanın, əcəb əllamədir.
Ta xətin üzrə xəmi-əbrulərin sərgərmiyəm,
Hər sözüm dərdi-dil imlasinə bir sərnamədir.
Üzdə nəqşi-xuni-dil razi-nihanım faş edər,
Şərhi-qəm təhririnə hər kiprigim bir xamədir.
Dərdim oldur kim, müsəlman olmuş ol tərsabeçə,
Küfrə olan zülmlər tə’ni bu gün islamədir.
Ey səba, rəhm et kim, ol bidərd qılmış tərki-cövr,
Çareyi-dərdi-dilim mövquf bir e’lamədir.
Ey Füzuli, bulmadım rəngi-riyadən bir səfa,
Nola gər meylim bu rəng ilə meyi-gülfamədir.