Məzmuna keç

Çiçək sevgisi

Vikimənbə saytından
Çiçək sevgisi
Müəllif: Hüseyn Cavid
Ədibi-möhtərəm Əlibəy Hüseynzadəyə

Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,
Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Qoşardı bağçada... bir şey görüb də etdi maraq:
— Əfəndim, annəciyim! Şöylə saçdığın nə?
— Saqın,
Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır.
Səninçin iştə bir az sonra pənbə, mavi, sarı
Gözəl çiçəklər açar həpsi; anladınmı?
— Xayır,
Xayır mən onları sevməm; mənimki pək ayrı,
Bu yanda, bax bu kiçik yerdə ayrı olmalıdır.
— Pəki, mələk çocuğum, hər toxumdan al da bir az,
Bəyəndiyin yerə saç... Kəndin iştə qönçəyi-naz!..
Çocuqcığaz gülərək həp birər-birər ayırır;
Bu çox gözəl, bu nasıl? — der, saçardı həpsindən,
O imdi bir kələbək... hoplayır sevincindən.

Bu vəqədən azacıq bir zaman keçib getdi...
Gülümsəməkdə ikən şəms, o növərusi bahar,
Təbəssüm etməyə üz tutdu büsbütün əzhar,
Sarıb da bağçayı həp rəngə, nura qərq etdi.
Fəqət o nazlı mələk nerdə?!.
— İmdi yapyalınız,
Dərin bir uyquya dalmış məzar içində o qız!