Məzmuna keç

Çil madyan

Vikimənbə saytından
Çil madyan
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri var idi, biri yox idi, göyün altında, yerin üstündə bir şah oğlu var idi. Bu şah oğ-lunun göy atı var idi. O, hər gün göy atını minər, meydana çıxıb şəhərin bütün yaxşı at minənlərini yarışa çağırardı. Atlılar yığışardılar. Şah oğlu atlılarla cıdıra çıxardı. Cıdırda şah oğlunun göy atı bütün atları keçərdi.

Şah oğlunun bir göyçək bacısı var idi. Şərt kəsmişdi ki, cıdırda hər kimin atı mənim göy atımı ötsə, bacımı ona ərə verib özümə qohum edəcəyəm.

Bu şəhərdə kasıblıqla gün keçirən İlyas adlı bir oğlan var idi. İlyasın da gözəllikdə şah oğlunun bacısından gözəl, ağılda ondan da ağıllı bir bacısı var idi. Şah oğlunun şərtini İlyas da eşitmişdi. Bilmirdi nə təhər eləsin ki, ona üstün gəlsin. Bir gün İlyasın bacısı qardaşının fıkirli olduğunu görüb soruşdu:

- Qurban olum, qardaş, sənə gələn bütün qada-bala mənə gəlsin, söylə görüm niyə fikirlisən?

İlyas dedi:

- Bacıcan, fikirli olmayım, neyləyim? Bu gün şah oğlu atını minib cıdıra çıxmışdı. Özün bilirsən ki, bu şəhərdə şah oğlunun göy atını keçən at yoxdu. İndi iş о yerə gəlib ki, şah oğlu şərt kəsib-hər kimin atı onun göy atını keçsə, bacısını ona verib özünə qohum edəcək. Doğrusu, bu məni çox düşündürür. Deyirəm, görəsən dünyada elə bir at olarmı ki, şah oğlunun atını keçə bilsin? Ya elə hər şeyin yaxşısı bu dünyada şahlara verilib? Bacısı dedi:

- Qardaş, bu nədir ki, sən bunun fıkrini çəkirsən? Get bir yəhər al, iki tuluq da çaxır. Mən səni göndərim, şah oğlunun atını ötən atı gətir.

İlyas gedib bir yəhər aldı, iki tuluq da çaxır. Bacısının yanına qayıtdı. Bacısı dedi:

- Qardaş, yəhəri, iki tuluq çaxırı da götür, bax, bu tərəfə get. Gedərsən, gedərsən, bir meşəyə çatarsan. Meşədə yol haçalanar, üç olar. Nə sol yolla, nə də sağ yolla getmə. Orta yolla gedərsən. Az gedərsən, çox gedərsən, bir dərəyə çatarsan. Dərənin kənarında bulaq var. Bulağın suyu axıb hovuza tökülür. Dəryada bir çil madyan var. Gündə bir yol çıxar, gəlib həmən hovuzdan su içər, qayıdıb dəryaya girər. Sən iki tuluq çaxırı hovuza tökərsən, amma nəbadə atın gözünə görünəsən, yoxsa səni tikə-tikə eləyər. Bir tərəfdə gizlənərsən. Çil madyan dəryadan çıxar, gələr hovuzdakı sudan içər. Çaxır ona əsər eləyər, nəst olar, yıxılar. Onda cəld çıxarsan, yəhəri çil atın belinə basıb minərsən. Nə qədər ayaq-baş vurub çapalasa, о yan-bu yana qaçsa, sən üstündən düşməzsən. Yalından bərk yapışıb yəhərə yaslanarsan. Bir az keçər, çil madyan sakitləşər. Ondan sonra atı götürüb gələrsən. Şah oğlunun çöy atı çil madyanın tozuna da yetişə bilməz.

İlyas bacısı ilə halal-hümmət eləyib yəhəri, çaxır tuluqlarmı götürüb yola düşdü. Bacısı öyrətdiyi yol ilə çox getdi, az dayandı, az getdi, çox dayandı, axır ki, bir günorta üstü gəlib həmin dəryanm kənarına çatdı. Çaxır tuluqlarını hovuza tökdü. Özü də bir yanda gizləndi. Az keçdi, çox keçdi, dəryadan bir madyan çıxdı. Gəlib hovuzdakı sudan içdi. İlyas baxdı ki, deyəsən, çaxır ata əsər eləyib. Cəld gizləndiyi yerdən çıxdı, yəhəri atın belinə qoydu, üstünə mindi. Çil madyan ayaq-baş atdı, çapaladı. О yana-bu yana qaçdı, atıldı, düşdü. İlyas çil madyanın yalından tutub bərk durdu. At sakitləşdi. İlyas dərələrdən sel kimi, təpələrdən yel kimi gəlib bacısının yanına çatdı. Bacısı qardaşını çil madyanın üstündə görüb çox şad oldu. Dedi:

- Qardaş, indi çil madyanı sür, şah oğlunun göy atıyla yarışa giriş.

İlyas çil madyanı sürdü, о vaxt yetişdi ki, şah oğlu göy atı ortada oynadıb deyirdi:

- Bir oğlan istərəm, atını sürsün, mənimlə cıdıra çıxsın. Göy atımı ötüb keçsin, mənimlə qohum olsun.

İlyas çil madyanı şah oğlunun göy atına yanaşdırıb dedi:

- Şah oğlu, sözünə doğru çıxsan, mən səninlə cıdıra çıxaram.

Şah oğlu dedi:

- Mənim sözüm sözdür. Atın mənim atımı keçsə, səninlə qohumam.

Şah oğlu ilə İlyas atlarını qoşalaşdırdılar. Çil madyan ağzını ayırıb, quyruğunu dik tutub götürüldü. Şah oğlunun göy atı nə qədər qaçdısa, onun tozuna da yetişə bilmədi. Çil madyan nişangaha yetişdi, orada dayandı. Şah oğlu cığallıq elədi, dedi:

- Bir dəfə ötməklə mərc tamam olmur. Gəl bir də yarışaq.

İlyas razı oldu. Atları bir baş da çapdılar. Yenə çil madyan şah oğlunun göy atını yarı yolda qoydu. Yığılan adamlar İlyasa "Afərin!" dedilər. Şah oğlu atını sürüb qayıtdı. Əhvalatı vəzir-vəkilinə söylədi. İlyas da çil madyanı sürüb evlərinə gəldi, əhvalatı bacısına danışdı. Bacısı bundan şad olub dedi:

- Qardaş, indi get şah oğluna de ki, şərtə əməl eləyib bacısını versin.

İlyas şah oğlunun yanına gəlməkdə olsun, sənə şah oğlundan danışım. Şah oğlu ürəkdə dediyindən dönmüşdü. Bacısını İlyasa vermək istəmirdi. Amma bunu açıqdan-açığa eləməyə çəkinirdi, el içində yalançı kimi tanınmaq istəmirdi. Ona görə vəzirinə dedi:

-Vəzir, bu barədə tədbirin nədir? Vəzir dedi:

- Şahzadə sağ olsun. İlyas gələr, deyərsən getsin uçuq dağda ilanın əlindən qızıl sandığı alıb gətirsin. Ora indiyə kimi minlərlə pəhləvan gedib, hamısını ilan vurub öldürüb. Onu da ilan vurub öldürər, sən də şərtdən qurtararsan.

Elə bunu demişdi ki, İlyas gəldi, dedi:

- Şah oğlu, atım sənin atını keçdi, şərtinə əməl elə. Şah oğlu dedi:

- Mənim sözüm sözdür. Bacımı sənə verəcəyəm. Am­ma ona cehiz gərəkdir. Get uçuq dağdakı ilanın əlindən qızıl sandığı al gətir, bacımı sənə verim.

İlyas bacısının yanına qayıtdı. Bacısı onu bikef görüb

dedi;

- Qardaş, qurban olum, sənə gələn qada-bala mənə gəlsin. Nə olub, niyə bikefsən?

İlyas dedi:

- Şah oğlu deyir, get uçuq dağdan ilanın əlindən qızıl sandığı al gətir, bacımı sənə verim.

Bacısı dedi:

- Qardaş, bundan ötrü niyə bikef olursan? Çil madyanı min, get. İki gün yol gedərsən, üçüncü gün uçuq dağa yetişərsən. Uçuq dağda qızıl sandığı taparsan. Bir ilan vaxt-bivaxt qızıl sandığın başına dolanır. Bir gecə-gündüzdə bircə dəfə başını quyruğunun üstünə qoyub gözünün acısınıı alır. Gözləyərsən. Elə ki ilan yatdı, atdan düşüb qızıl sandığı götürərsən, sonra cəld madyanı minib qaçarsan. İlan qanadlı ilandır. Qanadlanıb uçacaq ki, sənə yetişsin. Ancaq qorxma, yetişə bilməyəcək. Sən çil madyanı sürüb qızıl sandığı gətirərsən, şah oğluna verərsən.

İlyas çil madyanı yəhərləyib mindi, yola düşdü. İki gün yol getdi, üçüncü gün uçuq dağa yetişdi. Axtardı, axtardı, axırda qızıl sandığı tapdı. Gördü doğrudan da bir ilan sandığın başına fır-fır fırlanır. Bir tərəfdə gizlənib bir gün, bir gecə gözlədi. Bir də baxdı ki, ilan başını quyruğunun üstünə qoyub yuxuya getdi. İlyas cəld aşırılıb çil madyanın belindən düşdü. Qızıl sandığı götürdü, cəld atın üstünə sıçrayıb yola düşdü. İlan işi başa düşdü. Qanadlandı, İlyasın dalınca düşdü. Amma nə qədər uçdusa, çil madyana yetişə bilmədi. Çil madyan dərələrdən sel kimi, təpələrdən yel kimi, iki günlük yolu bir günə keçib, İlyası şəhərə yetirdi. İlyas evlərinə gəlib çil madyandan düşdü. Bacısının yanınına gəldi. Bacısı qardaşının qızıl sandığı gətirdiyini görüb çox sevindi. İlyas sandığı götürüb şah oğlunun yanına getdi. Qızıl sandığı şah oğluna verdi, dedi:

- Şah oğlu, qızıl sandığı gətirdim, sözünə əməl elə, bacını mənə ver!

Şah oğlu qızıl sandığı İlyasdan alıb dedi:

- Get, sabah yanıma gel.

İlyas evlərinə qayıtdı. Şah oğlu yenə də üzünü vəzirə tutub dedi:

- Vəzir, İlyas uçuq dağdan ilanın əlindən qızıl sandığı alıb gətirdi. İndi tədbirin nədir?

Vəzir dedi:

- Şahzadə sağ olsun, sabah İlyas yanına gələndə göndər gedib div qarısından bağlı boxçanı alıb gətirsin. Arxayın ol, ilandan qurtardısa da, divdən qurtara bilməz.

Sabah açıldı. İlyas şah oğlunun yanına gəldi, dedi:

- Şah oğlu, sözündən dönmə, bacını ver, aparım. Şah oğlu dedi:

- Mənim sözüm sözdür, bacım sənindir. Ancaq bir iş də var. Get, div qarısından bağlı boxçanı al gətir, bacımı verim.

İlyas bikef halda bacısının yanına qayıtdı. Bacısı dedi:

- Qardaş, qurbanın olum, sənə gələn qada-bala mənə gəlsin, niyə bikefsən? Sənə nə olub?

İlyas dedi:

- Bacıcan, şah oğlu məni div qarısından bağlı boxçanı alıb gətirməyə göndərir.

Bacısı dedi:

- Bundan ötrü niyə bikef olursan? Çil madyanı minib üç gün yol gedərsən. Dördüncü gün bir dağa yetişərsən. Dağda bir div qarısı var. Evində yük yığılıb. Bağlı boxça yükün üstündədir. Bir təhər eləyərsən ki, qarı səni görməsin. Çil madyandan düşər, içəri girər, yükün üs-tündən tez bağlı boxçanı götürüb çıxar, çil ata minib sürərsən. Arxadan səs eşidəcəksən... Olmaya dönüb geri baxasan. Geri baxsan, daş olarsan. Div qarısı dalınca düşüb gələcek. Amma sənə yetişə bilməyəcək. Sən çil madyanı sürər, bağlı boxçanı gətirib şah oğluna verərsən.

İlyas bacısının dediyi kimi elədi. Çil madyanı yəhər­lədi.

Mindi, üç gün yol getdi. Dördüncü gün həmin dağa yetişdi. Axtarıb div qarısının evini tapdı. Atdan düşüb içəriyə girdi. Div qarısı təndirdə çörək yapırdı. İlyası görmədi. İlyas gördü ki, bağlı boxça yükün üstündədir. Yavaşca götürüb evdən çıxdı. Cəld ata minib yola düşdü. Bir az getmişdi, bir də gördü arxadan elə əcaib səslər gəlir ki, adamın tükləri biz-biz durar. İstədi dönüb geri baxsın, bacısının tapşırığı yadına düşdü, geri baxmadı. Qarı nə qədər səs-küy qaldırdısa, İlyas fıkir vermə-di. Atı sürüb şəhərə çatdı. Bağlı boxçanı gətirib şah oğluna verdi. Şah oğlu İlyası orada qoyub özü bir bəhanə ilə vəzirin yanına gəldi, ona dedi:

- Vəzir, İlyas bağlı boxçanı da gətirdi. İndi tədbirin nədir?

Vəzir dedi:

- Göndər getsin, indi də div qocasından dəfı alıb gətirsin.

Şah oğlu geri dönüb İlyasa dedi:

- Get divdən dəfı al gətir, bacıma toy eləyim, sənə verim.

İlyas kor-peşman durub bacısının yanına gəldi. Əhvalatı ona danışdı. Bacısı dedi:

- Qardaş, bacın sənə qurban, niyə fıkir edirsən? Çil madyanı minib dörd gün gedərsən, beşinci gün bir dağa yetişərsən. Həmin dağda bağlı boxçasını gətirdiyin qarının qardaşı olur. Gözləyərsən, div yuxuya gedər. Dəf yuxarıdan asılıb, cəld götürərsən. Sonra tez ata mi­nib gələrsən. Amma yenə deyirəm, gələndə geri baxmazsan.

İlyas çil madyanı mindi. Dörd gün yol getdi. Beşinci gün dağda divə yetişdi, gözlədi, div yuxuya getdi, tez at­dan düşüb içəri girdi, yuxarıdan asılmış dəfi götürüb çil madyana mindi. Div yuxudan oyanıb İlyasın dalınca düşdü. Ancaq nə qədər qaçdısa, İlyasa yetişə bilmədi. İlyas çil madyanı sürüb gəldi, dəfi şah oğluna verdi. Şah oğlu gördü ki, İlyas dəfi də gətirdi. Bütün şərtləri yerinə yetirdi. Əgər bacısını ona verməsə, el içində hörmətdən düşəcək. Məcbur olub bacısını İlyasa verdi. Ancaq toy günü ondan soruşdu:

- İlyas, düzünü de görüm, bu işdə sənə kim kömək elədi?

İlyas əhvalatı ona danışdı. Şah oğlu əmr elədi, İlyasın bacısını gətirdilər. Şah oğlu baxdı ki, adi bir qız ona üstün gəlib. Üzünü qıza tutub soruşdu:

- Ay qız, mən şah oğlu, siz rəiyyət uşağı... Bəs de görüm, necə oldu ki, siz mənə üstün gəldiniz?

Qız dedi:

- Şahzadə sağ olsun, iş şahlıqda, rəiyyətlikdə deyil. Biz ona görə sənə üstün gəldik ki, sən bilmədiyin şeyləri bilirik. Bir də öz işimizdə səndən möhkəm idik. Dünyada bilik, bir də iradə hər şeyə üstün gələr.

Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.