Məzmuna keç

Çoban Əli ilə Aşıq Heydərin deyişməsi

Vikimənbə saytından
Çoban Əli ilə Aşıq Heydərin deyişməsi
Müəllif: Çoban Əli, Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

COBAN ƏLİ:
Bir sarı köynəyin yandın oduna,
Düşdün çöldən-çölə divanə kimi.
Oduna bir kimsə su da səpmədi,
Qəlbin yanıb oldu viranə kimi.

AŞIQ HEYDƏR:
Haqqı dana bilməm, önündə qulam,
Tez-tez incitsə də dərdü- sər məni.
Çöllərə düşəndən cavan yaşımdan,
Təbim moc verdikcə tərpədər məni.

ÇOBAN ƏLİ:
Durub dincəlmədin eşq ataşından,
Bir kömək görmədin yar-yoldaşından.
Qoruna bilmədin qəmin daşından
O yıxıq qəlbini qurana kimi.

AŞIQ HEYDƏR:
Kimi uzaq oldu eşq ataşından,
Coxu məğlub çıxdı dərd savaşından,
Yolumu hey saldım bulaq başından,
Qəm də etdi belə dərbədər məni.

ÇOBAN ƏLİ:
Çoban Əli deyər, haqqı danma gəl,
Mərdin qabağına çıxar yüz əngəl.
O qara baxtınan olursan mətəl,
İndi dolanırsan pirana kimi.

AŞIQ HEYDƏR:
Aşıq Heydər deyər yatdığım yerdə,
Ərərnlər-ərəni üstümdə durdu.
Nur dolu badəni əlimə verdi,
Içdim tutdu odu bir qədər məni.