Çobandağı

Vikimənbə saytından
Çobandağı
Müəllif: Aşıq Bəsti
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Səndən axır abı-kövsər,
Suyun baldı, Çobandağı.
Bəzənmisən gəlin kimi,
Nə calaldı, Çobandağı?

Kəkliklərin qonur daşa,
Qaqqıldaşa, qaqqıldaşa,
Hər görən eylər tamaşa,
Bir xəyaldı Çobandağı.

Hər dürlü çiçək sinəndə,
Tapılmaz geyri çəməndə,
Bahar fəsli Bəsti səndə,
Qonaq qaldı, Çobandağı.