Öksüz Ənvər
Öksüz Ənvər Müəllif: Hüseyn Cavid |
Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər...
Sinifdə tam iki ildir, birincilikdə onun
Şərəfli bir adı var; daima müəllimlər
Sevərdilər onu. Lakin o imdi çox yorğun.
O imdi çox mütəfəkkir... cahanda iştə onun
Həyatı, nəşəsi, ümmidi tək bir annəsi var.
Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun
Nəzərlərilə üzər binəvayı leylü nahar.
Zavallı annəsi söndükcə yavrucuq yanıyor,
Yanıb da qovruluyor; ən böyük düşüncələri
Yarınki matəmi güldürmək üzrə aldanıyor,
Fəqət qadın ərimiş, onda yox həyat əsəri.
Çocuq dəvam eləyir dərsə hər sabah; lakin
Nə söyləyirsə müəllim, o bir şey anlamayır.
Dalıb, dalıb gediyor, dərs için, vəzifə için,
Toqat yeyirsə də biçarə susmuş, ağlamayır.
Səkiz gün oldu ki, artıq xəbər yox Ənvərdən,
O imdi dərsə dəvam etməyir, qadıncığazın
Qoşar məzarına öksüzcə ağlar, inlərkən
Gəlincə xatirə mazi, düşüb qalır bayğın.
Sorar sinifdə müəllim o kimsəsiz çocuğu,
Qızar da söylənərək hər gün arxasınca onun;
“Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi
Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın...”
Yarınki gün o soluq çöhrə pürməlali təəb,
Sinifdə ərzi-vücud etdi. Dərsə başlanaraq
Müəllim əkşi, çatıq üzlə püritabü qəzəb,
Görüncə Ənvəri, qaldırdı:
- Ey! Çocuq, mənə bax!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
- Əfəndim, şey...
- Ah, dəni yaramaz!
Nasıl da bax dalıyor, sanki tülküdür qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin...
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baxıb duruyor, yoxdur onda hiylə və suç...
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..”, sonra qəşş olub getdi;
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.