Ölürəm (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ölürəm
Müəllif: Aşıq Alı

Əlac eylə dərdimə, gəl,
Mahi-tabanım, ölürəm.
Sinə sədəf, ləbi əsəl,
Şəkər zabanım ölürəm.

Əhvalımın al xəbərin –
Ahım ümman, dərdim dərin.
Cahanda yox bərabərin,
Bilsin cahanım ölürəm.

Alının çeşmi-çırağı,
Tərk etmir qəlbim fərağı,
Təbiblərdən al sorağı,
Qönçə dahanım, ölürəm.