Öldürəcək bu qəm məni

Vikimənbə saytından
Jump to navigation Jump to search
Öldürəcək bu qəm məni
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri. Bakı,2004. səh.159-160.


Ala gözlü, telli ceyran,
Öldürəcək bu qəm məni.
Həsrətindən oldum xəstə,
Öldürəcək bu qəm məni.

Təbibimsən, yetiş dada,
Pərvanəyəm, yandım oda.
Sən atlısan, mən piyada,
Öldürəcək bu qəm məni.

Ələsgərdi mənim adım,
Aləmi yandırır odum,
Heç yerdən yoxdu imdadım,
Öldürəcək bu qəm məni.