Ölməz Ulu Şun
Nağıllar. Ölməz Ulu Şun Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ulu Şun qədimlərdə xeyirxah bir hökmdar idi. Taxta çıxmamışdan
əvvəl ona gün verib işıq vermirdilər. Ulu Şun niyə bu
qədər dözürdü? Məsələ burasındadı ki, anasının ölümündən
sonra kor atası yenidən evləndi. Təzə arvaddan bir oğlan doğuldu,
adını Syan – yəni Fil qoydular. Syan yaman məğrur idi,
adamlar onu elə beləcə də – Məğrur Syan çağırırdılar. Qəlbiqara
böyüyürdü: fikri-zikri adamlardan yuxarıda durmaq, başqalarının
malını mənimsəmək idi. Ana-bala tez-tez məsləhətləşirdilər:
necə edək ki, Şunu pisikdirək. Atalar sözündə deyilir: “Analıq
olan yerdə oğulluq da olmalıdı”. Onun kor atası da axmağın
biriydi, tezliklə o da arvadının və oğlunun yolunu tutdu.
Günlərin bir günü analığı Şuna dedi:
– Şun, ay Şun! Evdə gör nə qədər adam var, tarlamız isə bir tikədi. Yemək çatdıra bilmirik. Məsləhətləşib atanla bu qərara gəldik: Lişan dağına üz tut və xam torpağı şumla. Üç ilə öhdəsindən gələ bilsən qayıdarsan. Gəlməsən...
Analıq sözünü qurtarmağa macal tapmamış, kor ata əlindəki çomağı yerə vurdu və hirsli-hirsli dedi:
– Xam torpağı şumlaya bilməyəcəksənsə, elə qürbətdəcə gəbər.
Bu sözləri eşidən Şun başa düşdü ki, ailə ondan can qurtarmaq istəyir: Lişan nəhəng bir dağdı, üç ilə onu şumlaya bilərsən? Bununla belə Şun razılaşdı. Ürəyində isə fikirləşdi: “Yer üzündə insanlar acından ölürlər, amma hələ yorğunluqdan ölən olmayıb”. Xam torpağı şumlamaq lazım gələcək. Güc toplamaq lazımdı, vəssalam. Şun getməyə hazırlaşanda, Syanao pəyədən azarlı öküzü çıxartdı və qırıq kotanı qardaşına verdi, aydındı ki, qardaşının işinə pəl vurmaq istəyirdi. Amma Şun dinmədi, qırıq kotanı götürdü, azarlı öküzün kəndirini əlinə aldı və yola düzəldi. Şun gəlib Lişan dağına yetişdi, dağda isə bir tikə yararlı torpaq yox idi. Dağı kolluq, yabanı otlar bürümüşdü. Dağın ətəyində qamışdan özünə çardaq düzəltdi, bıçağı götürüb kol-kosu kəsib doğramağa başladı. Kotanı təmir elədi, azarlı öküzü sağaltdı. Neçə ay beləcə işlədi.
Yarım il keçdi. Syanao boş-bekar evdə oturmuşdu. Qərara aldı ki, yolunu dağa salsın, baxıb görsün ki, Şun xam torpağı necə şumlayır. Yol boyu öz-özünə fikirləşirdi: “Nəhəng dağdı, Şun yəqin kol-kosa əl vurmayıbdı!” Şunun dağı yarıladığı kimin ağlına gələrdi! Şumlanmış torpağa toxum səpmişdi. Taxıl gömgöy göyərmişdi. Qardaşı gələn vaxt Şun yer şumlayırdı. Sevincək onu evə dəvət elədi, evində olanları süfrənin üstünə tökdü. Syanao gördü ki, süfrə içkiylə, yeməklə doludu, qəlbindən qara qanlar axdı. Yemək-içməyin axırına çıxdı, sağ ol demədən çıxıb getdi. Evə gəldi, sir-sifətində hal qalmamışdı. Anası soruşdu:
– Nə olub, niyə kefsizsən?
Syanao Lişan dağında gördüklərini bitdə-bitdə acıqlı-acıqlı anasına danışdı. Anası soruşdu:
– İndi nə eləmək fikrindəsən?
Syanao başını qaşıdı, fikirləşib dedi:
– Bircə çıxış yolu var! Lişan dağında topladığı taxılın hamısını onun əlindən alarıq. Ona azacıq taxıl saxlayarıq – günaşırı bir dəfə yeməyinə zorla çatsın. Aclıq onu heydən salacaq, görək, sonra yer şumlamağa taqəti qalacaqmı.
Analıq və kor ata ona diqqətlə qulaq asdılar, Syanaoya dediyini eləməyi tapşırdılar. Payız Syanao Şunun topladığı taxılı torba-torba evə daşıdı, Şuna azacıq taxıl saxladı. Şun isə əvvəlki kimi var gücüylə işləyirdi. Ulu Şun işləməyi bacarırdı, adamlarla mehriban idi, xeyirxahlığı çalışıb-çapalayan adamdan əsirgəmirdi. Buna görə də uşaqlı-böyüklü hamı onun xətrini istəyirdi. Uzaq-uzaq yerlərdən adamlar axışır, Şunun yanında yaşamaq istəyirdilər. Aradan çox keçmədi, budu, gözdən düşmüş Lişan dağı həyat qaynayan bir şəhərə çevrildi. Şunun taxılı çatmırdı – camaat ona torbayla, səbətlə taxıl gətirirdi, bu qədər taxılı Şun yeyib qurtara bilməzdi.
Elə bu vaxtlar Şunun bəxtinə gün doğdu. Yao padşah qocalmışdı, baxıb gördü ki, doqquz oğlunun doqquzu da fərsizdi, böyük işlərə yaramırlar, Exyan və Nyuyin adlı iki qızını götürüb, onlara ər tapmaq qəsdiylə yola çıxdı. Məqsədi xeyirxah və bacarıqlı yeznə tapmaq, dövlətin idarəsini ona tapşırmaq idi. Yao gəlib Lişan dağına çatdı. Şunu cikinə-bikinə kimi öyrənəndən sonra Yao onu hüzuruna çağırdı və dünyanın ulu işləri ilə əlaqədar onu sorğuya tutdu. Şun çox danışdı, suallara yaxşı cavab verdi. Şun Yao padşahın çox xoşuna gəldi. Yao əmin oldu ki, Şun axtardığı adamdı, qızlarının hər ikisini ona ərə verdi. Elə oradaca toy elədilər. Yaonun özü isə evə qayıtdı. Syanao işdən xəbər tutdu, hirsindən dişlərini qıcırtdı. Çox fikirləşdi, çox götür-qoy elədi, nəhayət, bic bir plan hazırladı. Anasını çağırdı, qulağına nəsə pıçıldamağa başladı. Ana Syanaonun sözünü qurtarmasını gözləmədən başını razılıqla tərpətdi və tez yola düşməsi üçün oğlunu tələsdirdi.
Syanao Lişan dağına sarı götürüldü. Şuna yaxınlaşıb canı yanırmış kimi dedi:
– Qardaş, xam torpaq şumlamaq səni lap yorubdu. Sənsiz hamımız darıxırıq. Güzəranımız indi bir az yaxşılaşıbdı. Atamanam məni sənin dalınca göndəriblər. Xam torpağı daha şumlamamaq da olar.
Syanao qardaşının cavabını gözləmədən evə cumdu, Şunun şey-şüyünü rahlamağa başladı. Şun qardaşının dalınca göndərildiyini eşidəndə fikirləşdi ki, yəqin analığım və atam rəhmə gəliblər. Sevincək şey-şüyünü yığışdırdı, arvadları Exyan və Nyuyinlə evə yollandı. Lişan dağında yurd salmış xalq Ulu Şundan ayrılmaq istəmirdi.
Şun evə gələndə, analıq və kor ata özlərini elə göstərdilər ki, guya onun gəlişinə sevinirlər, yaxşı çaxır çıxartdılar, dadlı qəlyanaltı hazırladılar. Bundan başqa, ona arvadlarıyla bir yerdə yaşamaqdan ötrü ayrıca ev ayırdılar. Ertəsi gün səhər tezdən analıq Şuna dedi:
– Bilmirəm, quyunun suyu tamını niyə dəyişib. Atalar sözünü eşitmisən: “Quyunu üç dəfə təmizləyərsən, suyu dada gələr”. Quyunu təmizləmək pis olmazdı.
Şun razılaşdı, toxanı və səbəti götürüb quyuya düşməyə başladı. Syanao böyük qardaşının quyuya düşdüyünü görüb, qabaqcadan qalaq-qalaq yığılmış daşları, kirəmitləri quyuya tökdü, quyunu ağzınacan doldurdu. Sonra iki səbət gil götürüb quyunun ağzına yaxdı və ayağı ilə tapdaladı. İşini qurtarıb sevincək qardaşının evinə sarı götürüldü. Qaça-qaça fikirləşirdi: “Bəxtim gətirdi, göyçək gəlinlərin ikisi də mənim olacaq, bir də gördün, taxt-taca da sahib oldum”. Bu fikirlər sarı yağ kimi ürəyinə yayılırdı. Şunun qapısına yaxınlaşdı, qəflətən “part” qapı açıldı, təpəsinə bir dəymək dəydi, gəl görəsən! Gözlənilməz zərbədən Syanao arxası üstə yıxıldı, nəzərlərini göyə dikdi. Ağlına gələrdimi ki, qapıya Şunun özü çıxacaq. Şun baxıb gördü ki, Syanao yerə sərilib, soruşdu:
– Qardaş, çoxdan gəlmisən? Evə niyə keçmirsən, yerdə niyə uzanmısan?
Şunu görəndə Syanaonun qorxudan ürəyi düşdü, yerindən dik atıldı, üst-başındakı gili təmizləmədən əkildi. Necə oldu ki, Şun sağ qaldı? Sən demə, bu yerlərin tanrısı Tu-di Syanaonun qardaşını məhv eləmək qəsdindən xəbər tutur və Şun quyuya enəndə, yerin altıyla onu evə ötürür. Syanao isə günün günorta çağında, qarabasma ilə qarşılaşdığını güman edir. Planının alınmadığını görən Syanao başqa tədbir tökür. Mənfur gözlərini bərəldərək ata-anasına deyir:
– Ruhdan düşməyin! Şunu quyuda batıra bilmədik, eybi yoxdu, odda yandırarıq! Get, ana get, onu çağır, atam ona desin ki, guya dam sökülüb dağılıb, guya damı örtmək lazımdı. Şun dama çıxan kimi, nərdivanı götürərik, yerdə ocaq qalayarıq, çır-çırpını anbarın dövrəsinə yığarıq, görək hara qaçacaq!
Kor ata oğlunu odda yandırmaq istədiklərini bildi, əvvəlcə buna razılıq vermədi və uzun müddət ağzını açmadı. Amma Syanao və arvadı onu elə sıxışdırdılar ki, kişi əlacsız qalıb razılaşdı. Ertəsi gün Şun dama çıxan kimi, aşağıda alov dilimləndi. Şun vurnuxmağa başladı, qəflətən yanında qırmızısaqqal bir qoca peyda oldu, ona gözünü yummağı tapşırdı. Şun gözünü yumdu, qoca onun yaxasından yapışıb göyə qaldırdı və asanlıqla geri, evinə apardı. Bu qırmızısaqqal kişi sən demə, od ruhu Xo-şen imiş. Xo-şen Şunu amansız ölüm gözlədiyindən xəbər tutmuşdu və onun hoyuna tələsmişdi.
Syanao, analıq və kor ata üçlükdə anbarın yanında durmuşdular, alovun güclənməsinə baxırdılar, bir andaca dam yanıb kül oldu. Güman elədilər ki, Şun bu dəfə xilas ola bilməyəcək, özlərindən razı qaldılar. Syanao qardaşının otağına cumdu, gəlinləri almaq ürəyindən keçirdi, Şunun qapılarının bağlı olacağını gözləmirdi. Syanao qapıya sarı qaçdı, var gücü ilə qapını itələdi, sürüşüb yıxıldı, alnı şişdi. Şun qapının ağzında səs-küy eşitdi, bayıra çıxdı, baxıb gördü ki, Syanao uzanıqlıdı, yazıq-yazıq inildəyir. Şun onu qaldırmağa tələsdi. Qaldırıb dedi:
– Qardaş, gəlməyinə yaxşı eləyib gəlmisən, gələn kimi təzim eləmək nəyə lazım?
Şun arvadları Exyanı və Nyuyini çağırdı, çaxır və qəlyanaltı gətirməyi tapşırdı, qardaşını qonaq eləmək istəyirdi. Syanao qardaşını görüb heyrətləndi, qorxuya düşdü. Uzandığı yerdən qalxdı, üst-başını çırpmadan aradan çıxdı. Qaçıb evə gəldi, anası soruşdu:
– Oğlum, niyə belə tez qayıtdın? İşlərin qaydasındadımı?
Syanao hönkür-hönkür ağladı:
– Qaydasında-zadda deyil!
Başına gələnləri anasına danışdı. Anası dedi:
– Görüm onu başsız qalsın, onu salamat qoymaq olmaz!
Syanaonun gözləri bic-bic işıldadı, o dedi:
– Belə eləyərik: sabah mən onu çaxır içməyə çağırıram, otağın arxasında, quyu olan yerdə süfrə açaram. Quyunun üstünü həsirlə örtərəm, həsirin üstünə kürsü qoyaram, qardaşım gələndə həmin kürsüdə oturdaram. Kürsünün altı isə bomboşdu, oturan kimi quyuya düşəcək. Bizsə quyunu doldurarıq.
Ana sevindi, dil-boğaza qoymadı:
– Yarıyar, yarıyar! Belə də edərik!
Ertəsi gün Şun işə getməyə hazırlaşırdı, elə bu vaxt Syanao qaça-qaça özünü yetirdi:
– Qardaş, qarşında günahım çoxdu. Atalar deyiblər: “At büdrəyir, insan yanılır”. Səndən üzr istəməyə, mərhəmət diləməyə gəlmişəm. Atamla anam çaxır, qəlyanaltı hazırlayıblar, qardaş, səni qonaqlığa çağırırlar.
O, əllərini döşünə qoyub təzim elədi və sözünü bitirdi. Şun isə anadangəlmə mərhəmətliydi, bu sözləri eşidəndən sevincək və şən-şən qardaşının yanına düşüb getdi.
Analıq və kor ata Şunun gəldiyini gördülər, qabağına çıxdılar. Dil-boğaza qoymadılar, uzun-uzadı nitqlər irad elədilər, özlərini canıyanan kimi göstərdilər. Sonra Şunun qulluğunda durdular. Biri yerini ona verir, digəri isə əlləşirdi ki, Şun quyunun üstündəki kürsüdə otursun. Şun oturmağa utanırdı, üç dəfə oturmaqdan imtina elədi, iki dəfə yerini başqasına verdi. Syanao tab gətirmədi, az qaldı ki, özündən çıxsın. O, anasına göz vurdu, onlar Şunun əlindən tutub zorla həmin kürsüdə oturtdular. Amma kürsü deşikdə möhkəmcə dayanmışdı, quyuya düşmək bilmirdi.
Şunun kürsüdə sakitcə, heç nə olmamış kimi rahatca oturduğunu görən Syanaonun ürəyi düşdü, Şuna baxır və heç nə başa düşmürdü. Masanın altından ayağını çəkdi, həsiri bekaraca qaldırdı, həsirin altında taxıl ölçüsü iriliyində əjdaha başı vardı. Qorxudan Syanaonun üç ruhundan – xundan ikisi, yeddi ruhunun – ponun beşi həmin andaca uçub getdilər. Syanao yerə sərildi, sürünə-sürünə otaqdan çıxdı. Ana heç nə başa düşmədi, o da oğlunun dalınca götürüldü.
Nə olmuşdu? Sən demə, onlar quyunu həsirlə örtəndə, əjdahalar padşahı Lun-van başa düşür ki, Şunu yenidən aradan götürmək istəyirlər, başını həsirin altına qoyur. Buna görə də Ulu Şun quyuya düşmür.
Bundan sonra Syanao və anası başa düşürlər ki, Şunu məhv edə bilməyəcəklər və bir daha ona qəsd hazırlamağa ürək eləmədilər. Şun isə hakimiyyətə keçəndən sonra kin saxlamadı, kor atasını, analığını və Syanaonu yanına gətirməyə adam yolladı, hətta Syanaoya məmur vəzifəsi də verdi.