Ön söz (Məhəmməd bəy Aşiq)
| Ön söz Müəllif: Ənvər Çingizoğlu |
| Məhəmməd bəy Aşiqin kitabına ön söz |
Məhəmməd bəyin yaradıcılığından danışmazdan öncə onun soykökünə, yaşam yoluna nəzər salmaq yerinə düşər. Ulu-uduq bir soya bağlı olan Məhəmməd bəy Qarabağ hakimi Pənahəli xanın qardaşı Behbudəli ağanın nəticəsidir.
Behbudəli ağa Ibrahimxəlil ağa oğlu xanlığın yaradıcılarından biri idi. Qardaşları ilə çiyin-çiyinə verib yox yerdən müstəqil bir dövlət yaratmışdı. Xanlığın qoçaq, qorxmaz qoşun başçılarından sayılırdı. Oğulları Əbdüssəməd bəy, Mirzalı bəy və Məhəmədhəsən bəy Ibrahimxəlil xanın ən çox güvəndiyi adamlar arasındaydılar.
Əbdüssəməd bəy Ibrahimxəlil xan tərəfindən Ağaməhəmməd şah Qacarın sarayına zaval getmiş, qaçarkən bir ovçunun gülləsindən yaralanıb ölmüşdü.
Mirzalı bəy və qohum-qardaşları rus basqısına dözməyib Arazdan adlamaq fikrinə düşərkən Sisianov tərəfindən tutulmuşdular. Tiflis şəhərinə aparılmaq üçün yola hazırlanarkən Ibrahimxəlil xanın xahişinə görə buraxılmışdılar.
Sisianov onları şərt altında azad etdi. Mirzalı bəyin böyük oğlu Behbud bəyi aparıb Gəncədə Məhəmmədhəsən ağanın ikinci oğlu Şükür ağa ilə birlikdə girov saxladı. Digər bəylərə də aman vermədi. Mirzalı bəyin qardaşı oğlu, Ibrahimxəlil xanın kürəkəni Feyzi bəyin də kənizdən olan bir oğlunu Behbud bəyə qatdı. Bəylərin Irana qaçmaq təşəbbüsü baş tutmadı.
1806-cı ildə, Ibrahimxəlil xanın ölümündən sonra Mirzalı bəy yenidən Irana qaçmaq fikrinə düşdü. Heç zaman özündən ayırmadığı qardaşı oğlu Feyzi bəyi götürüb, girov saxlanan uşaqlarını Gəncədən alıb Arazı adladı. Bir müddət əmisi nəvəsi Əbülfət xanın yanında dolandı. Sonra oğullarını da götürüb geri qayıtdı. Məhəmmədhəsən bəy, Feyzi bəy və digərləri Iranda qaldılar.
Mirzalı bəyin Behbud bəydən başqa Əli bəy və Ağalar bəy adlı oğulları da vardı. Oğlu Əli bəyə Ibrahimxəlil xanın qızı Şahnisə bəyimi almışdı.
Mirzalı bəy böyük mülk yiyəsi idi. Vəfat etməzdən öncə Qarabağ xanlığının ərazisindəki xeyli torpağını oğulları arasında böldü.
Behbud bəyin Vərəndə mahalında Qağarza, Qaradağlı adlı kəndləri, Barabatınlı, Ağadülü adlı obaları, Kəbirli mahalında Üçoğlan adlı kəndi, Behbudbəyli adlı obası, Zəngəzur mahalında Ağadü, Rəbənd adlı kəndləri, Tərəkəmə adlı obası vardı. O da bu kənd və obaları oğullarına payladı. Oğullarından böyüyü Məhəmməd bəy, kiçiyi Böyük bəy idi.
Məhəmməd bəy 1776-cı ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili görmüşdü. Dövrünün ziyalıları kimi bir neçə şərq dillərinə yiyələnmişdi.
Məhəmməd bəy sonralar Vərəndə, Kəbirli mahalarındakı mülk və mallarını qardaşı Böyük bəyə buraxıb yeni aldığı Zəngilan kəndində yerləşdi. Mülk və mallarını qardaşı Böyük bəyə verməsi dostu Qasım bəy Zakirin töhmətinə nədən olmuşdu. Qasım bəy yazırdı:
Aləm bilir, tamam sənindir yatır,
Cünun olma, nə könüldür, nə xatır;
Böyük bəyə iki dəvə, bir qatır
Niyə verdin, ey divanə Məmməd bəy?
Məhəmməd bəyin Zəngilan həyatı keşməkeşli keçib. Tez-tez qayınları, qohumları ilə məhkəmədə çəkişirdi. Iş-gücləri atıb-tutmaqda keçən bəylərin rus təpkisi altında coşquları yatdı. Torpağa bağlanıb mülkədar oldular. Mərz, bəlkə davaları, sınır-sərhad savaşları, tiyul-soyurqal dartışmaları başlandı. Nəciblər, zadəganlar savaş meydanlarına, ovlaqlara, yaylaq-qışlaqlara yox, məhkəmə qapılırına tuşlandılar. Məhəmməd bəy də bu get-gəllərin sonucunda yenilib Ordubad şəhərinə sürgün olundu. Böyük ədəbiyyatşünas Firudun bəy Köçərli bu barədə yazır: "Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vüqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar
olub, onu dövlət nəzərində müstəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq et(mə)miş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir".
Məhəmməd bəy Aşiq Qarabağda Vaqif ədəbi məktəbinin ardıcıllarından biridir. X1X yüzilin önlərində Azərbaycan ədəbiyyatı yükünü daşıyanlar arasında onun da adı süslənir. Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" və Mir Möhsün ağa Nəvvabın "Təzkireyi-Nəvvab" adlı təzkirəsində Məhəmməd bəyin adı çəkilir, əsərlərindən örnəklər verilir. Geniş bilgiyə və araşdırmaya isə Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" adlı əsərində rast gəlirik.
Sovet dövründə araşdırıcılar X1X yüzil ədəbi mühitindən danışarkən Məhəmməd bəydən də ötəri bilgi verib, qoşqu-qəzəllərindən nümunələr təqdim edirlər. Yaşam və yaradıcılığından bir qədər geniş məlumata Azad Qaradərəlinin "Aşiqlər" kitabında ürcah oluruq.
Məhəmməd bəy qoşqularında gah öz adı ilə, gah da Aşiq təxəllüsü ilə çıxış edib. Şerlərinin birində yazır:
Bir neçə il özümü eşqə müqəyyəd qıldım,
Gahi Aşiq adımı, gah Məhəmməd qıldım…
Məhəmməd bəy şerlərinin çoxunu Aşıq Pəriyə həsr edib. Dövrünün başqa yazarları ilə də yazışmaları mövcuddur. Çoxu itib-batsa da Qasım bəy Zakir, Mirzə Həsən Vəzirov, Talıb bəy Vəzirov, Cəfərqulu xan Nəva və başqaları ilə müşairələri qalıb.
Məhəmməd bəy Aşiq istedadlı və xoştəb qələm yiyəsi olub. Qələmini ədəbiyyatın dürlü janrlarında sınayıb. Ortaya çıxardığı ədəbiyyat nümunələri onun zəki beynindən, zərif ürəyindən xəbər verir.
Məhəmməd bəy Aşiqin şerindən bir güldəstə.
Еy xuda, sənə əyandır ki, vəfadaram mən,
Tutduğum işləri yad eyləyib ağlaram mən.
Leyk bu nəfsin əlindən dünü gün zarəm mən,
Əli boş, üzü qara, bəndeyi-biarəm mən.
Hər nə tənbih edəsən, ana səzavaram mən,
Gəlmişəm dərgahına labüdü naçaram mən.
Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xaram mən.
Gərçi dünyaya gəlib gəzdimü getdim biçiz,
Vermədim xeyrü şərə zərrəcə təşxisü təmiz.
Artdı hirsim mərəzi, etmədim əsla pərhiz,
Dəxi bundan sora yoxdur mana bir rahi-güriz.
Nə əməl riştəsi var, eldə nə bir dəstaviz,
Еylədim xəlq ilə nahəq yеrə pürxaşü sitiz.
Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xarəm mən.
Hər nə iş tutdum isə bədü bədhərəkat,
Еtmədim şükri-həyat, еyləmədim fikri-məmat.
Bu dəni dəhrdə bihudə keçirim ovqat,
Imdi rəhlət dəmidir, qalmışam avərəvü mat.
Şərmsari-günəhəm, ah, əlim bisovqat.
Yetməgim məqsədə bu vəch ilə heyhat, heyhat.
Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xaram mən.
Ya rəb, imdi mən öz əhvalimə heyranam çox,
Qəzəbü qəhrin edib fikr, hərasanam çox,
Bilib etdiklərim əfalə peşimanam çox,
Bilməyib səhvü qələt işləri giryanam çox,
Kərəmi-lütfünü çox izz ilə cuyanam, çox,
Qüssədən şamü səhər zarü pərişanam çox,
Rəhm qıl, bari-xüdaya, ki, günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xaram mən.
Tövbə, ya rəbb, dəxi bəd əməlimdən tövbə,
Məsiyyət rahinə həm get və gəlimdən tövbə,
Hər xilaf olmuş isə sınmış əlimdən tövbə,
Dəxi bundan sonra məkrü dəcəlimdən tövbə,
Еylərəm sidq ilə mən piş əz ölümdən tövbə,
Hər xəta çıxmış isə bir də dilimdən tövbə,
Rəhm qıl, bari-xudaya, ki günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xaram mən.
Bilməz idim ki, bu aləmdə olur zar olmaq,
Nə ölüm var, nə qocalmaq, nə də bimar olmaq,
Adətim hər xəmi-keysuya nigunsar olmaq,
Maili-ləlü ləbi-aşiqi-rüxsar olmaq,
Vallah xalü xətü heyrəti-didar olmaq,
Yara əğyar olub əğyarım ilə yar olmaq
Rəhm qıl, bari-xudaya, ki günahkaram mən,
Asivü bədəməlü rusiyəhi xaram mən.
Bəli, məsdud olub imdi mana rahi-xilas,
Çünki lazım düşüb üsyanə şəriətdə qisas,
Qüdrəti-hikməti-həqdən görünür böylə xəvas,
Kim görə ruzi-cəza hər kişi felinə təqas,
Sən özün dada ol gündə nə amü və nə xas,
Nə görəm əhli yetər dadə, nə əhli-xilas,
Rəhm qıl, bari-xudaya, ki günahkaram,
Asivü bədəməlü rusiyəhi xaram mən.
Nəfsi-əmmareyi-sərkeş gətirib əqlimə zur,
Cism ilə canı tutub mərtəbəyi-kibrü qurur,
Əməlim ləğv, işim məzləmə, şüğlüm şərü şur,
Gəlmişəm qapına bainhəmeyi- eybü qüsur,
Dəxi, ya rəbb, dərindən məni sən eyləmə dur,
Qoymadı hirs, təmə gərdi dəxi didədə nur,
Rəhm qıl, bari-xudaya, ki günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xaram mən.
Müxtəsər, hər nə əməl eylədim, oldum nadim,
Hərs qıldı məni hər nakəsi-dunə xadim,
Nəfs ucundan nə bəla çəkdi dili-bərbadim,
Imdi nə bir əməlim eldə, nə var bir zadim,
Tapmadım bir kərəm əhli ki, edə imdadim,
Sən özün, dadıma yet, barı eşit fəryadim,
Rəhm qıl, bari-xudaya, ki, günahkaram mən.
Asivü bədəməlü rusiyəhü xaram mən.
Nə dilim var ki, səni cürət edib yad qılım,
Nə üzüm var sana sarı tutuban dad qılım,
Nə sözüm var özümü ol söz ilə şad qılım,
Dili-bərbadı nə ümmid ilə abad qılım,
Nə edim canımı bu vərtədən azad qılım,
Çarə oldur ki, yenə bu sözü övrad qılım,
Rəhm qıl, bari-xudaya, ki günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xaram mən.
Bir neçə il özümü eşqə müqəyyəd qıldım,
Gahi Aşiq adımı, gah Məhəmməd qıldım,
Məşqi-əbruyi xətü xal ilə mürtəd qıldım,
Şiveyi-mehrü məhəbbətdə yekə sədd qıldım,
Rəvişi-eşqdə Məcnunə dəxi rədd qıldım,
Hər nə iş tutdum isə, cümləsini bəd qıldım,
Rəhm qıl, bari-xudaya, ki günahkaram mən,
Asivü bədəməlü rusiyəhü xaram mən.
Məhəmməd bəy Aşiqin vəfatından sonra yiyəsi olduğu Tərəkəmə obası Məmmədbəyli adlandı. Varisləri onun əmlak irsinə yiyələndilər. Oğlu Behbud bəy mülkünü və torpaqlarını genişləndirdi. Sobu kəndini alıb Qaradağdan köçən, əhli-haqq təriqətinə bağlı adamlar ilə sakin etdi.
Teymur bəy bütün bölgənin ağsaqqalı sayılırdı.
Əbdüssəməd bəy böyük mülkədar olmaqla yanaşı atasının təxəllüsünü əxz edib ədəbiyyat aləminə qapıldı. Gözəl ədəbiyyat örnəkləri yaratdı. Oğlu Xosrov bəy də şairlər sırasına qatıldı. Qoşquları ilə dildə, ağızda gəzdi. Babasının açdığı yolla ürfan aləminə qovuşdu.
Qeyd edək ki, özəl olaraq Məhəmməd bəy Aşiqin əsərlərindən ibarət əsər kimi bu kitab birincidir. Və ilkinci kimi nöqsanlardan xali deyil. Düzəliş və dəqiqləşdirmələr üçün yardım əlini uzadanlara bəri başdan təşəkkürümüzü bildiririk. Allah köməyiniz olsun!..
Məhəmməd bəy Ehsan xan Kəngərlinin qızı Sona bəyimlə ailə qurmuşdu. Əbdüssəməd bəy, Teymur bəy, Behbud bəy adlı oğulları vardı.