Özü ölsə, sözü ölməz ustadın
Özü ölsə, sözü ölməz ustadın (2018) Müəllif: Araz Yaquboğlu |
Mənbə: Araz Yaquboğlu. "Özü ölsə, sözü ölməz ustadın" (az.). goyce.az. 2018-12-08. İstifadə tarixi: 2018-12-12. |
Əslən Qazağın Dəmirçilər kəndindən olan “Nəsibli” nəslindən üç qardaş (Nəsibin nəvələri) – Nəsib, İsgəndər və Mustafa Göyçə mahalının Daşkənd kəndində yaşayıblar. Nəsibin Əfruz adlı bir qızı, Mustafanın Abdulhüseyn (Molla Abdulhüseyn), Reyhan və Sehran adlı üç övladı; İsgəndərin isə Qəmbərəli, Fatma və Əmrəli adlı üç övladı olub.
Bu yazıda söhbət açacağımız aşığımız Nuriddin adı çəkilən Əmrəli kişinin nəvəsidir. Əmrəli kişi Molla Şabanın qızı Kəklik ilə evlənmiş, iki oğlu, iki qızı – Abid, Zabid, Xanımzər və Məhtəvan dünyaya gəlmişdir. Bütün Göyçəlilər, eləcə də Daşkəndlilər kimi sazın-sözün vurğunu olan Əmrəli kişi oğlu Abidi mahir saz ifaçısı, telli sazının sədaları hələ də uzaq keçmişimizdən bu günə qədər qulaqlardan getməyən Hidayət kişinin yanına şəyirdliyə verir. Abid sazın sirli-sehirli aləminə baş vurduğu vaxtlarda könlündə ustadının qızı Röyzə xanıma aşiq olur. Şəyird saza, sözə bələd olduqdan sonra bir gün çoxdandı qəlbən sevdiyi Hidayət kişinin qızını götürüb qaçır. Bu yerdə müharibədən əvvəl olmuş, ağsaqqallardan eşitdiyim, bu hadisəyə oxşar bir başqa əhvalatı burada qeyd etmək yerinə düşər: – Daşkəndli Aşıq Ziyad Məmmədov Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Əsədin yanında aşıq sənətini öyrənirmiş. Aşıqlığı demək olar ki, tam mənimsəyəndən sonra ustadı Aşıq Əsədin qızı Sürayəni götürüb Daşkəndə qaçıraraq onunla evlənir. Onu da deyim ki, Aşıq Ziyad İkinci dünya müharibəsində həlak olmuşdur. Zəhra və Turac adlı iki qızı olan Aşıq Ziyadın nəvə-nəticələri hal-hazırda Tovuz rayonunda yaşayırlar. Abid ilə Röyzə xanımın evliliyindən beş oğlan, dörd qız övladı dünyaya gəlir. Bu uşaqlardan biri – Əsədulla 7 yaşında vəfat edib. O da atasından və babasından saz çalmağı öyrənmişdir. Xatırlayanların söyləmələrinə görə, uşaq olmasına baxmayaraq sazda özünəməxsus güllər vururmuş. Haqqında məlumat vermək istədiyim Aşıq Nuriddin də bu doqquz uşaqdan biridir.
İsgəndərov Nuriddin Abid oğlu 20 noyabr 1956-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini Daşkənd kənd məktəbində almışdır. Tibbə böyük marağı olduğundan sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir. Lakin sonuncu imtahandan məqbul qiymət ala bilmir. Tibbi təhsilə olan həvəsini sonralar oğlu Afiyəddin davam etdirəcəkdi... Nuriddin İsgəndərov 1975-1977-ci illərdə Çexoslovakiyada hərbi xidmətdə olduqdan sonra, təhsilini Moskva Kooperasiya İnstitutunun Bakı filialında davam etdirmişdir.
Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Buna səbəb kimi ana babası Hidayət kişinin və atası Abid Əmrəli oğlunun da təsiri az olmamışdır. Nuriddin həm də vallarda, audio kasetlərdə, eləcə də radioda aşıq havalarına qulaq asmış, özü üçün sənəti mənimsəmişdir. Özünün də dəfələrlə dediyi kimi, o, daha çox Aşıq Kamandar Əfəndiyevin və Aşıq Əmrah Gülməmmədovun ifalarına qulaq asırmış. Beləcə aşıq sənətini lazımınca mənimsəyən Nuriddin artıq Daşkəndlə bərabər Göyçənin başqa kəndlərinə də toylara dəvət almağa başlayır. Onu qonşu kəndlərdəki toylara daha çox həmkəndliləri Əli və Məsim Xəlilov qardaşları aparar, Göyçəlilərə belə bir püxtə, cavan aşığın da olmasını söyləyər, onu tanıdardılar. 1978-ci ilin bir günü Aşıq Hacı Bayramov həmkəndlisi Abid kişidən oğlu Nuriddinin onunla aşıqlıq etməsinə icazə istəyir. Beləliklə, Aşıq Hacı ilə Aşıq Nuriddin cütlüyü aşıqlığa başlayır. Cütlük həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak edir və tez bir zamanda elin-obanın rəğbətini qazanırlar.
1981-ci ildə Aşıq Hacı Bayramovla Aşıq Nuriddin birlikdə televiziyada “Aşıq Alının Türkiyə səfəri” dastanını söyləmiş və dastanın lеnt yazısı televiziyanın “Qızıl fond”una daxil edilmişdir. Bundan sonra Aşıq Hacı ilə Aşıq Nuriddinin ifasında “Əmrah” dastanı da dinləyicilərin yaddaşında xoş bir iz buraxmışdır. Bu gün də Youtube kanalında 100 minlərlə baxış sayı olan hər iki dastan populyarlığını saxlamaqdadır.
Aşıq Nuriddin el şairlərindən Sərraf Şiruyə, Əli Qurban Dastançı, Alqayıt, İsmixan, Aqil İman ilə, aşıqlardan Hacı, Fətulla, Murad Niyazlı, İdris, İslam, İsrayıl, İsgəndər Ağbabalı ilə, balabançılardan Əli, Salman, Əmir ilə, zurnaçılardan Dünyamalı, Zamaxan, Əjdər, Xasay və b. ilə toylarda, el şənliklərində, dövlət tədbirlərində çıxışlar etməklə daha da məhşurlaşdı. Məhz belə də olmalı idi. Axı, Aşıq Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfin kəndində doğulub aşıq olmamaq, XIX əsrin tanınmış şairi Məmmədhüseynin su içdiyi bulaqlardan su içib şair kimi yetişməmək mümkün deyildi. Məhz Nuriddin bu mühitin yetişdirməsi kimi ulu aşıq sənətinin davamçısı olmalı idi. Dediklərimizə Aşıq Hacı Bayramovun da ona ustadlığını və sənət yoldaşlığını əlavə etsək, Nuriddinin sözün həqiqi mənasında əvəzsiz bir aşıq olduğunun şahidi oluruq.
Keçirdiyi toyların arealı çox böyük idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən, gah Gəncəbasardan, gah da Bərdədən – Qarabağdan gələrdi. Onun keçirdiyi ən izdihamlı toylar Kəlbəcərin “Sarı yer” yaylağında və Bərdədə olardı. Elat camaatı həmişə toylarını “Sarı yer” yaylağında edərdi. Yay aylarında Aşıq Nuriddin, Aşıq Hacı və Balabançı Əli həftələrlə kəndə qayıtmaz, elə “Sarı yer” yaylağında toyu-toya calayardılar. Bir dəfə doğulduğum Bərdə rayonunun Yeni Daşkənd kəndində şahidi olduğum bir toyda baş verən nüansı deməsəm olmaz: Aşıq Nuriddin qohumu Əyyub kişinin qızının toyunu idarə edirdi. Kənd camaatının xahişi ilə o sazı kənara qoymaqla “Qarabağ şikəstəsi”ni oxudu. O qədər gözəl ifa, o qədər gözəl boğazlar etdi ki, sanki bu sənətkar elə xanəndə imiş. Onun ifasında “Kəsmə şikəstə”nin də öz yeri vardı. Onu da deyim ki, şikəstə janrı məhz əvvəl aşıq musiqisi yaradıcılığında əmələ gəlmişdir. Aşıq Nuriddinin həmkəndlisi, nakam taleli Aşıq Nəcəf də muğamları aşıq havaları qədər gözəl ifa edirmiş. Aşıq Nuriddinin ifa etdiyi 60-dan çox saz havasının – “Dilqəmi”, “Qaytarma”, “Cəlili”, “Göyçə qaragözü”, “Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”, “Göyçə gülü”, “İrəvançuxuru”, “Dübeyti”, “Nəcəfi”, “Məmmədhüseyni”, “Ağır şərili”, “Şahsevəni”, “Qəhrəmanı”, “Duraxanı”, “Sarıtorpaq” və başqaları onun repertuarında ən gözəl ifalar kimi yaddaşlarda qalıb. Bu ifalar həm də aşıq musiqisi xəzinəmizə əvəzsiz töhvələrdir. Onun özündən ən çox hansı havaları sevdiyini soruşduqda belə cavab verərdi: “Aşıq havalarının hamsı gözəldi. Bir-birindən ayırmaq doğru deyil. Lakin “Ağır şərili”, “Nəcəfi”, “Dilqəmi”, “Göyçə qaragözü”, “Göyçə gülü” daha çox sevilən havalardandır.”
Aşıq Nuriddin saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaşadılmasında da danılmaz rola malik olmuşdur. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olan marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir.
1990-cı illərdən aşıq sənəti tənəzzül dövrünü yaşayanda Aşıq Nuriddin bu hallara dözmür, daxilən sarsılırdı. Bunu həmin illərdə özü də dəfələrlə söyləyər, aşıq sənətinin tarixi və milli mədəniyyətimiz olduğunu vurğulayardı. Ustad dərsi almayan, 2-3 hava çalmağı bacarmaqla özlərini “aşıq” elan edənlər, harda gəldi (xüsusən çayxanalarda) aşıqlıq edənlər onun mənəviyyatını büsbütün alt-üst edirdi. Məhz, bu hallar getdikcə daha da geniş vüsət aldı və o daha bu sənəti davam etdirməyin mənasızlığını anladı. Demək olar ki, Aşıq Nuriddin 1998-1999-cu illərdən aşıqlığa son verdi.
2 dekabr 2018-ci ildə İctimai Televiziyanın “Ozan məclisi” verilişi aşığın həyat və fəaliyyətinə həsr olunmuşdur. Verilişin aparıcısı, aşıq sənətinin bilicisi, jurnalist Qorxmaz Tofiqoğlu, bu sətirlərin müəllifi Araz Yaquboğlu, Aşıq Firudin, və Aşıq Mehdi ustadla bağlı xatirələrini televiziya tamaşaçıları ilə bölüşmüşdür. Aşıq Nuriddin ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Onun yaradıcılığı haqda daha geniş 2008-ci ildə çap olunan “Daşkənd aşıqları və şairləri” kitabında məlumat verilmişdir. Belə ki, kitabda onun tərcümeyi-halı, şəkili və beş şeiri – “Küsər”, “Gül yarım”, “Eyləmə”, “Düşərsən”, “Var” çap edilmişdir.
Aşıq Nuriddin 25 may 1980-ci ildə həmkəndlisi Sənubər Aslan qızı ilə ailə qurmuşdur. Afiyəddin və Nərminə adlı iki övladı, dörd nəvəsi var. Evləndikdən bir neçə ay sonra, – 1981-ci ildən Şəmkir şəhərində yaşamışdır. O, bir neçə il davam edən müalicələrdən sonra, 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Aşıq Nuriddinin özü cismən ölsə də, sözü heç vaxt ölməyəcək, sazı heç zaman susmayacaq. Çünki, ustadın qardaşları Aşıq Firudin, Viləddin, qardaşı oğlu Şöhrəddin onun sənətinin davamçılarıdır. Bu soylu sənətin soylu davamçıları ocaqda hər zaman olub və olacaq. Biz buna inanırıq.