Məzmuna keç

Özünü gözlə

Vikimənbə saytından
Özünü gözlə
Müəllif: Cəfər Cabbarlı

Aktyor düzgün keçinsə, iddialar fok gedər,
Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər!

Olmasın səksən blok, doxsan dolanbac, yüz oyun;
İşdən iş çıxmaz ki, öyrən gəl, geyin, oyna, soyun;
Hər kəs uğraşsın iş ilə, qurd ilə gəzsin qoyun;
Onda böhtanlar, yalanlar, iftiralar, fok gedər!

Keçdi yay, gəldi payız, canlar qurtardı qorxudan;
Bir xəbər vardır, ayrılmış hamsı guya uyqudan;
Bizə ancaq olmasa hərdən bir az cəncəl-filan,
Onda parlaq başlayış, lax intahalar fok gedər!

Əlli ildən qalma şeylər, hamsının süd əzbəri;
Eylədikcə el tərəqqi, aktyor həslər geri.
El gələr, yox çarəsi, səs salma, xamdır müştəri;
Kamil olsa aktyor, boş iddialar fok gedər!

Kim ki, yüksəkdən danışdı, səhnənin Allahıdır;
Qəhrəmandır, baş premyerdir, ümumun şahıdır.
Müxtəsər, hər kəs bu gün gəlsə, sabah bir dahidir;
Bilsə hər kəs qiymətin, bu iştahalar fok gedər!

Çal təbil, təbbal, mövsim gəldi, is səhmanlanır;
Düz üç aydır aktyor qüsl eyləyir, dərmanlanır;
Bəlkə bu mövsim dönər iş, səhnə bir az canlanır,
Yoxsa xahişlər, ricalar, ilticalar fok gedər!