Özünü tərif və paxılları məzəmmət
Özünü tərif və paxılları məzəmmət Müəllif: Xaqani Şirvani Tərcümə edən: Ə.Tələt |
Söz mülkünün məndən yaxşı yoxdur özgə şəhriyarı,
Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı.
Bakir məna Məryəminin Cəbraili, bəli, mənəm*.
Mənaların aləminə hakiməm, yol göstərənəm.
Ağlın Tuğanşahına həm vəkil, həm nayibəm mən*,
Fəzilətin gəlininə ləyaqətli sahibəm mən.
Geyib hikmət zirəhini, indi hərif istəyirəm,
Açıb ilham süfrəsini, uca səslə "gəl" deyirəm.
Mənim bakir sözlərimdir xasiyyətdə ruh tilsimi,
Mənim qəlbim nurlandırır ağılları günəş kimi.
Sehir düzən şairlərə sapı verən, bil, mənəm, mən,
Bütün şer zərrabları hey kimiya alır məndən.
O Həssanın qəlbin yeyən bu nəzmimin həsrətidir,
O Söhbana sillə vuran bu nəsrimin qüvvətidir*.
İlhamımın Büraqı da hansı yerdə salarsa nal,
Fələk onu döyüş üçün kəskin qılınc edər dərhal*.
Mübaliğə deyil əsla: "papağımdır - əzəliyyət,
Günəşin insanlara tikdiyim - əbədiyyət".
Yer üzündə kölgə kimi sakinəmsə, diqqət et bir,
Əsərlərim Günəş kimi mənzil-mənzil dünya gəzir.
- Bu ustadın adı nədir? - Biri deyir heyran-heyran,
O biri də soruşur ki: - Bu sehirkar gəlmiş hardan?
Qənaətin şahlarşahı verən gündən mənə fərman,
Hərisliyin xidmətçisi tuta bilməz, bil, yaxamdan.
Mədhim şirin, həcvim turşdur,bunu bilir hər bir insan,
Mey alınır üzümümdən, tutiyasa turş qoramdan.
Mən əmirəm, dilim ərşin sərvətinə bir açardır,
Dediyimə Məhəmmədin hədisində sübut vardır*.
Dəfinələr, xəzinələr içindəyəm hər zaman, bax,
Onlar isə inci tapmaq həvəsilə ələr torpaq.
Bu aləmə gələn gündən ağlın mənəm bir çırağı,
Onlar isə kordur tamam, görməyirlər heç uzağı.
Dərrakəmin, qüdrətimin düşmənidir bu paxıllar,
Bax, bu sehri, xariqəni riyakarlar edir inkar.
Bir neçə haqq tapdalayan Yusifə də dedi hədyan,
Məhəmmədin sözlərini yalan saydı neçə nadan*.
Məna yurdu Hindistanda Adəm kimi tutdum qərar,
Sənət yurdu Çində "mərdüm-giya" olmuş bu ulaqlar*.
Qurşun kasa içi kimi qapqaradır ürəkləri,
Civə qabı ağzı kimi bərk bağlanıb ver əlləri.
Sanki onlar quldurluğun məktəbini bitirmişlər,
Küfrə qardaş olub, səfa dostlarını itirmişlər.
Mən ki, Misrin əziziyəm, ləyaqətsiz bu adamlar,
Bazarlarda veyillənib gəzə-gəzə namus satar.
Haqlıdırlar - bir səbəbdən onlar olsa mənə düşmən
Çünki Süheyl ulduzu tək öldürürəm bicləri mən*.
Peymanəmi yalayarlar onlar susuz olan zaman,
Ac qarını doyurarlar bol süfrəmin artığından.
Fillər kimi başlarında olan beyni əzərəm mən,
Çıxardaram ilan təki mən onları dərisindən.
Ad qoşunu olsa onlar, mənim yel tək qələmim var,
Onlar Yocuc tayfasısa, mənim nitqim sura oxşar*.
Onlar nahaq özlərini Xaqaniyə bənzədirlər,
Çirkab suyu təmiz neysan yağışına necə bənzər?
Qamışlıqda qarğıların bütün rəngi görünsə bir,
Birisindən şəkər çıxır, digəridən quru həsir.
Bəziləri eşidərkən şerimdəki fəsahəti,
Beyinləri alov tutar, artır mənə küdurəti.
Deyirlər ki, özümüzük dəniz güclü o Xaqani,
Bəli, onlar Xaqanidir, ortasından atsan "qa"nı*.