Özün bil
Özün bil Müəllif: Cəfər Cabbarlı |
Bu dövr, əmi can, tərsinə dövrandır, özün bil;
Təqdiri-qəza sanma ki, asandır, özün bil.
Cəm oldu bütün mollanümalar hamı xoşnud;
Hər nə Bakıda, Gəncədə olmuş ola mövcud;
İstərlər hamı etməyə bir az səni məhdud;
Bəzi götürüb balta, çomaq, bəzisi behbud.
Zənn etmə ki, bu şəhrdə ehsandır, özün bil;
Yox, yox, Baba can, qətlinə fərmandır, özün bil.
Əvvəlcə sənə söyləmiş idim kəlamı,
Yazma bu qədər jurnalına xəlqi-əvamı,
Bu mollaları jurnala yazmaq da rəvamı?
Olmaz ki, itə mollaların şöhrəti, namı,
Molla kişi, sövdagəri-rizvandır, özün bil;
Oldur ki, xəlayiq sənə düşmandır, özün bil.
Jurnalda yazarsan nə ki var mollada nöqsan;
Ay molla, nə var, əyri otur, düz danış hər an.
Sövdagəri-qüman eləyibmiş səni Quran;
Oldur ki, gəlib qeyzə bütün sakini-Salyan.
Hər guşədə bir şurişi-tuğyandır, özün bil;
Yazma daha molla sözünü, qandır, özün bil.