Məzmuna keç

Üç il, beş il, on beş il

Vikimənbə saytından
Üç il, beş il, on beş il
Müəllif: Əsəd Rzayev
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Yaxşı dostun mən sirrini açmaram,
Assalar da üç il, beş il, on beş il.
Namərd süfrəsində təam yemərəm,
Kəssələr də üç il, beş il, on beş il.

Nəsli əyri olan özü düz olmaz,
Mərd igidin səxavəti az olmaz,
Bivəfanın əhd-ilqarı saz olmaz,
Yoxlasan da üç il, beş il, on beş il.

Paxır kəsən dəmir polad qat olmaz,
Bədəsildə nə kök, nə də zat olmaz,
Beygir gəlib köhlən kimi at olmaz,
Bəsləsən də üç il, beş il, on beş il.

Ustadların nişanəsi məndədi,
Nəsihəti, dürdanəsi məndədi,
Aşıqlığın kök binası məndədi,
Saxlayacam üç il, beş il, on beş il.

Əsəd deyir elə düşsün güzarın,
Az balıyla şirin olsun azarım,
Yar gəlsə azalar dərdim, azarım,
Gözləyəcəm üç il, beş il, on beş il.