Məzmuna keç

Ülkər ulduzu

Vikimənbə saytından
Ülkər ulduzu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Ülkər ulduzu vaxtı ilə gözəl bir qız imiş. Bir dəfə qışın oğlan çağında onun atasının otu qurtarır. Qışın bu vaxtında otu hardan tapmaq olar. Əyər belə getsə mal, qoyun tamam acından öləcəkmiş. Ülkərin atası gedib ağaya hal-qəziyyəni danışır. Bu qoca zalım ağa kişi ilə şərt kəsir ki, mən sənə istədiyin qədər ot verərəm, ancaq sən gərək öz qızını mənə verəsən. Kişi çox yalvarır, ağa az eşidir, dediyindən dönmür. Axır naəlac qalıb razılaşır, gəlib vəziyyəti qızına danışır. Qız bütün günü göz yaşı tökür, öz halını düşünüb ağlayır.

Ülkər gecə kədərli-kədərli göyə baxıb əhvalını danışır, kömək istəyir. Göydə Ayın lap nazik olduğunu görür, gəlib atasını yuxudan oyadıb deyir:

Ay göydə sallandı, ay dədə,
Daha yaza nə qaldı, ay dədə,
Vermə məni qənim əlinə.

Kişi tez eşiyə çıxır. Gözlərinə inanmır. Hər yan dizə qədər boy vermiş göy otla dolu idi. Bundan bərk sevinir. Ancaq evə girib qızını görmür. Çünki onun gözəl qızı ulduz olub göyə çıxmışdı. O vaxtdan deyirlər, göydəki ən parlaq ulduz Ülkər ulduzudu. Atası yuxudan durana qədər göylərdən çəkilməyib yaza nə qədər qaldığını atasına bildirir.

Mənbə

[redaktə]