Ürək yanır fəraqdən odur ki, yarə-yarədir

Vikimənbə saytından
Ürək yanır fəraqdən odur ki, yarə-yarədir
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 108

Ürək yanır fəraqdən odur ki, yarə-yarədir,
Yenə ümidlə çırpınır ümidi vəsli-yarədir.

Təbib təəccüb eylədi baxarkən hali-könlümə,
Dedi bu tiğə tuş gəlib bu növ parə-parədir.

Təbibə şərhi-dərdi-dil edib, dedim ki, çarə qıl,
Dedi bu, dərdi-hicridir, ölüm yeganə çarədir.

Mələk deyirlər, ey gözəl, mələk demək xəta sənə,
Sənin yanında bilmirəm mələk nədir, nə karədir.

Qılan dilim-dilim məni-qaragünün bu könlünü,
O, qaşı Zülfüqardır, o, yari-zülfüqarədir.

Nə nalə kar qılmayır, nə ah təsir etməyir,
Vüqar, bu rəhmisizlərin qülubu səngi-xarədir.