Üstündən

Vikimənbə saytından
Jump to navigation Jump to search
Üstündən
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Gəraylı

 
Usta Kərim, o qaşların,
Qara çəkib ağ üstündən.
Gözəl yaradıb saçların,
Çin-çin, tağı-tağ üstündən.

Sinəndi ağ büllur şüşə,
Bəzənib qızıl-gümüşə,
Açılıb nərgiz, bənövşə,
Qızılgül yanaq üstündən.

Zənaxdanda qoşa xal var,
Camalında nə cəlal var,
Ləblərində şirin bal var,
Süzülüb qaymaq üstündən.

Nə mayıl-mayıl baxarsan,
Sinəmə oxlar çaxarsan,
Yandırıb oda yaxarsan,
Dağ çəkərsən dağ üstündən.

Sənsiz bu Qurban sızıldar,
Cismim ağlar, can sızıldar,
Görsə arı şan, sızıldar,
Olmaz ayırmaq üstündən.