Üsyana başla
Görünüş
Üsyana başla Müəllif: Mikayıl Müşfiq |
Əsrlərcə şərqlilərə kəsildin acı,
Sən ey vəhşi, sən ey azğın imperyalizm!
Gəl Çindəki üsyanlara baxma qıyqacı,
Düşün, bu gün onlarda var böyük bir əzm.
Qızıl Kanton orduları alovlu bir dağ
Kimi salmış varlığına atəş, zəlzələ,
Şanxay qalsın, Nankinə də etdin əlvida,
İnqilabın zərbəsilə gələrək dilə.
İndi coşqun bir dənizdir hər işçi Çində,
Çəkil geri, qorxutmaz kimsəyi qüvvən,
Sən get hərbin yollarını Kantondan öyrən!
Deyirlər ki, Nankin yanır alov içində,
Yarın sönər zalımların tökdüyü yaşla.
Salam sənə, Çin işçisi, üsyana başla!