Üzünü güzgüyə qeybətdə oxşadan qafil
Görünüş
Üzünü güzgüyə qeybətdə oxşadan qafil Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.206. |
Üzünü güzgüyə qeybətdə oxşadan qafil,
Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil.
Buraq niqab ki, bilsin kəmali-sün’i görüb,
Firiştə xilqəti-Adəmdə şübhəsin batil.
Hədisi-vəhyvəşin zaye’ etmə əğyarə,
Rəvamıdır, edəsən qədrin ayətin nazil.
Hərimi-kuyini göstər nümunə, eylə səvab
Kim, ola cənnət içün xəlq taətə mail.
Səni qoyub, bütə eylər ibadətin kafir,
Əzabi-duzəxə ol vəchdən olur qabil.
Həkimə nəfyi-qiyamət xətasını bildir,
Qiyam göstər ona, e’tiqadın et zail.
Qərəz Füzuliyə ancaq əlində ölməkdir,
Vəli məhaldır ol həm, sən olıcaq qatil.