Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb

Vikimənbə saytından
Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 8.

Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb,
Gözün gülür, qara gözlüm, gözündə güllər açıb.

Dizin-dizin, könül, ol vadeyi-məhəbbətdə,
Sürünmüsən o qədər ki, dizində güllər açıb.

Xəlil[1] üçün odu döndərdi Xuda gülzarə,
Təəccüb eylədi Nəmrud, közündə güllər açıb.[2]

O Kərbəladı ki, torpağı ətri-qəm qoxuyur,
Çölündə qanlar axıbdır, düzündə güllər açıb.

Vərəqdi hər açılan gül kitabi-hüsnündən,
Nə qədri sirri-nihani özündə güllər açıb.[3]

Gəl, ey gül üzlülərin şahı, yolların bəzənib,
Ayağın öpməyə xatir izində güllər açıb.

O lalə üzlü qış ilhamına bahar gətirib,
Vüqar, səbəb budu, sözsüz sözündə güllər açıb.

  1. İbrahim Peyğəmbər
  2. İbrahim Peyğəmbər 14-15 yaşlarından bir zamanlar Allahlıq iddiası edən Nəmrudun siyasi işlərinə qarışır, onun Haqsız hakimiyyətinə irad bildirirdi. Nəmrud uşaq olmasına baxmayaraq İbrahim Peyğəmbəri dəfələrlə hədələyir. İbrahim isə təbii ki, qorxmur, çünki, o mal-dövlətinə yox, Allahına güvənirdi. Günlərin bir günü Nəmrud bezir, və İbrahimi oda atdırır. İbrahim Peyğəmbər heç qorxmadan oda atılır. Nəmrud özünə güvənərək heç İbrahimə baxmadan çıxıb gedir. Bu zaman göydən bir mələk enir və havaya "Soyu" deyə bir nida eyləyir. Hava getdikcə soyuyur, İbrahimin yandığı od sönür, hava soyuqlaşmağa başlayır. Mələk "Vəssəlam" deyir və hava dayanır. İbrahim yanmadan çıxıb qurtulur. Təbii ki, bu bizim üçün böyük, Allah və övliyaları üçün kiçik bir şeydir. Hədislərdə var ki, əgər o mələk "Vəssəlam" deməsəydi, bu dəfə İbrahim soyuqdan öləcəkdi. Nəmrud İbrahimin ölmədiyinə inanmır, gəlib onu yandırdıqları yerə baxır. Və orda gül-çiçək açdığını görüb deyir: "Nə gözəl Allahı var onun". Bilməyiniz üçün demək istəyirdik ki, Nəmrud balaca bir ağcaqanadın qulağına girməsi nəticəsi ilə öldü.
  3. Təbiətin gözəlliyin, sirlərinə, ecazkarlığına işarə olunur. "Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!" (Fussilət surəsi, Ayə 53)